SIĞORTA

“Mərkəzi Bank digər bankların elektron sığortaya qoşulması üçün işlər aparır” – İSB-DƏN AÇIQLAMA
18 NOYABR
500

“Mərkəzi Bank digər bankların elektron sığortaya qoşulması üçün işlər aparır” – İSB-DƏN AÇIQLAMA

2016-11-18 16:11:00

İcbari Sığorta Bürosu (İSB) avtomobillərin icbari sığortasının elektron sənəd formasında bağlanılması ilə əlaqədar son nəticələri açıqlayıb. Bürodan fins.az-a verilən məlumata görə, noyabr ayının 1-dən etibarən İSB və onun iştirakçı sığorta şirkətləri arasında, həmçinin Büro və Mərkəzi Bankın Hökumət Ödəniş Portalı (HÖP) arasında texniki inteqrasiya tam təmin edildiyi üçün icbari  avtomobil sığorta müqavilələrinin elektron qaydada bağlanılması həyata keçirilir.

17 gündə 38 707 elektron avtosığorta satılıb

Noyabr ayının 1-dən 17-dək 38 707 avtomobilin icbari sığorta müqaviləsi elektron qaydada bağlanılıb və 3 125 012  manat sığorta haqqı toplanılıb. Bu sığorta haqlarının hamısı HÖP infrastrukturu üzərindən qəbul edilib. Bu isə öz növbəsində avtomobillərin icbari sığortasının elektron sənəd formasında bağlanılmasına keçidin uğurlu olmasının göstəricisidir.

“Sığorta haqqı yalnız HÖP-ə qoşulan terminallar vasitəsilə ödənilir”

Bu il sentyabrın 30-da  Mərkəzi Bank tərəfindən ölkədə fəaliyyət göstərən 31 banka və poçt xidmətinə icbari sığorta haqları üzrə ödənişlərin “Hökumət Ödəniş Portalında əməliyyatların aparılmasına dair Kollektiv Sazişə” uyğun olaraq toplanılmasının təmin edilməsi tapşırılmış və Büro tərəfindən onun iştirakçı sığorta şirkətlərinə HÖP üzərindən sığorta haqqının ödənilməsi üçün ödəniş tapşırığının hazırlanma qaydası barədə məlumat verilib. İSB-dən bildiriblər ki, bütün bank və poçt şöbələri, “Express Pay” ödəmə terminalları və internet vasitəsi ilə sığorta haqlarının HÖP üzərindən toplanması mümkündür. Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən avtomobillərin icbari sığorta müqavilələri üzrə sığorta haqlarının toplanması yalnız HÖP sisteminə qoşulan ödəmə terminalları vasitəsi ilə həyata keçirilə bilər.

“Digər bank vasitəsilə də sığorta haqqını ödəmək olacaq”

Bürodan onu da əlavə ediblər ki, Mərkəzi Bank digər banklara məxsus ödəniş terminallarının inteqrasiyası istiqamətində hazırda texniki işlər aparır və yaxın gələcəkdə ödəmə terminallarının siyahısına digər bankların ödəmə terminalı da əlavə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271