SIĞORTA

Sığorta ödənişləri niyə gecikir? – MÜRACİƏT
17 NOYABR
418

Sığorta ödənişləri niyə gecikir? – MÜRACİƏT

2016-11-17 09:00:00

Sürücülərin sığortadan narazı qaldıqları əsas məqamlardan biri sığorta ödənişinin gec verilməsidir. Sığorta qanunvericiliyinə görə,  avtomobilə dəyən ziyan 7 iş günü ərzində verilməlidir. Yəni, sürücülər ödənişin operativ təmin edilməsi ilə bağlı tələblərində haqlıdırlar. Amma bəzi hallarda avtomobil  sahibləri sığorta ödənişinin gecikdirilməsinə özləri səbəb olurlar. Sığorta ekspertləri fins.az-a bildirirlər ki, bəzi hallarda  sığortalı avtomobil sahibləri və ya zərərçəkən sürücülər  qəza baş verəndən  bir neçə gün, hətta bir ay sonra məlumat verirlər. Belə olan halda hadisənin araşdırılması vaxt tələb etdiyindən ödəniş də gecikir.

Hər ay 30-40 qəza ilə bağlı gec məlumat verilir

Sığorta eksperti İlkin İbrahimov fins.az-a bildirib ki, adətən belə hallar avtomobillərin icbari sığortası ilə bağlı olur. Belə ki, avtomobili könüllü qaydada sığortalayan müştəri öz avtomobili olduğu üçün sığorta şirkətinə dərhal müraciət etməkdə maraqlı olur. İcbari sığortada isə qarşı tərəfə vurulan ziyan nəzərdə tutulduğu üçün avtomobil sahibləri dərhal müraciət etmirlər. Özgə avtomobilə ögey münasibətlə yanaşı, bəzi hallarda qəza törədən sürücü hadisədən yayınmaq və ya saxtakarlıq etmək üçün bu üsula əl atırlar.Bəzi hallarda  qəzadan  bir həftə, 10-20 gün sonra, bəzi hallarda isə hətta bir ay sonra məlumat verilir. İ.İbrahimovun sözlərinə görə, bir  ayda 30-40 avtomobil qəzası ilə bağlı gec məlumat verilir.

Gec müraciət edilən qəzaları araşdırmaq vaxt aparır

Hadisə haqqında gec məlumat verildiyi üçün araşdırmaya görə kamera görüntülərinə baxılması, yol polisinin sorğuları cavablaması 15-30 gün vaxt aparır. Ona görə səhlənkarlıq edərək gec məlumat verən sürücü sonda sığorta ödənişini gec almış olur. Təəccüblüdür ki, müştərilər gec məlumat verdikləri halda tez ödəniş almaq istəyirlər. Onun sözlərinə görə, adətən səhlənkarlıq, ölüm və ya xəsarət halına görə gec  məlumat verilən qəzalarda zərərin həcmi 2-3 min manat olur.

 3 mindən yuxarı zərər olan qəzalarda adətən sürücülər saxtakarlıq edir

Ziyanın həcmi 3 min manatdan yuxarı olan əksər qəzalarda sürücülər saxtakarlıq etdikləri üçün və ya hadisə yerindən yayındıqları üçün məlumat  verilmir. Sığorta şirkətinə yalnız qəzada avtomobilinə ziyan dəyən sürücü  müraciət edir. Hadisə araşdırılandan sonra məlum olur ki, qəza törədən sürücü ya sərxoş halda avtomobili idarə edib, ya da qəza törətdikdən sonra hadisə yerindən yayınıb.

Son 2 ayda saxtakarlıq halları kəskin artıb

Onun sözlərinə görə, son iki ayda belə hallar xeyli artıb. Əvvəl bir ayda avtomobil qəzalarında 1-2 saxtakarlıq halı aşkarlanırdısa, indi  bu rəqəm bir ayda 5-6 hala qədər artıb. Məsələn, Bakıda icbari sığortalı “Vaz 21 074” “Hyundai İX35” avtombilinə ziyan vurub. Qarşı tərəfə 12 min manat ziyan dəyib. Avtomobilə dəyən ziyanın 5 min manatı icbari sığorta üzrə ödənilməlidir. Sürücünün hadisə haqqında gec məlumat verməsi sığorta şirkətində şübhə yaradıb. Araşdırma zamanı məlum olub ki, qəza törədən sürücü hadisə zamanı sərxoş olub. Amma yol polisi hadisəni aktlaşdırarkən sənəddə bunu qeyd etməyib. İ.İbrahimovun sözlərinə görə, 2 hadisədə isə qəza törədən sürücülər hadisə yerindən yayınıblar. Avtomobillərdən birinə 3500 manat, digər qəzada isə 4000 manat ziyan dəyib. Zərərçəkən sürücülərin müraciətlərindən sonra kamera görüntüləri əsasında qəzalarla bağlı faktlar təsdiq edilib.

“Saxtakarlıq edən sürücüləri məhkəməyə veririk”

İ.İbrahimovun sözlərinə görə, belə hallarda sığorta şirkətləri qanunun tələbinə əsasən ziyan dəyən avtomobillər görə ödəniş edir. Daha sonra isə  qəza törədən sürücüdən ödənilən məbləğ məhkəmə yolu ilə tələb edilir. O bildirib ki,  hazırda saxtakarlıq edən 3 avtomobil sahibi ilə bağlı məhkəməyə müraciət edilib və iş davam edir.

“ Sürücülər dərhal məlumat versələr, sığorta ödənişi gecikməz”

Ekspert bildirir ki, qəza törədən sürücü hadisə haqqında dərhal məlumat verməkdə maraqlı olmaya bilər. Zərərçəkən sürücülər belə hallarda daha diqqətli olmalıdırlar. Belə ki, operativ məlumat verməklə hadisənin sığorta şirkəti tərəfindən yerindəcə araşdırılmasına kömək etmiş olurlar. Belə olan halda sığorta şirkətində qəza ilə bağlı hər hansı şübhə yaranmır və avtomobilə dəyən ziyan qısa zamanda ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275