SIĞORTA

30 manatlıq ev sığortası satışına başlanılır - YENİLİK
14 NOYABR
4213

30 manatlıq ev sığortası satışına başlanılır - YENİLİK

2016-11-14 11:01:00
Azərbaycanda yeni sığorta məhsullarının satışına başlanacaq. Söhbət əmlak və səyahət sığortasından gedir. Bu barədə fins.az-a “Günay Sığorta” şirkətinin idarə heyətinin sədri Qənbər Suvanverdiyev bildirib. Onun sözlərinə görə, şirkət hazırda  “Buta Sığorta”dan qalan sığorta məhsullarının satışını davam etdirir. Avtomobillərin könüllü sığortası ilə bağlı “Butalı Kasko” və  “50/50-yə kasko” müştərilərə yenidən təklif edilir. Adi qaydada tibbi sığortalanmaq istəyənlər müştərilərə fərdi tibbi sığorta paketi satışı həyata keçirilir.

180 manata tibbi sığorta

İndi isə şirkət «Buta sığorta»nın məhsullarına dəyişikliklər etməyə başlayıb. Şirkət rəhbəri deyib ki, əvvəlcədən “Buta Sığorta”da satılan tibbi sığorta məhsulunda bəzi dəyişikliklər edilib. Sığorta məhsulundan kritik xəstəliklər çıxarılıb. Söhbət bədxassəli şişlər,orqan transplantasiyası, miokard infaktı və xərçəng xəstəliyindən gedir. Bununla belə, stasionar müayinə, müalicə və dərman təminatı, təcili tibbi yardımın daxil olduğu 5 min  manatlıq tibbi sığorta paketi əvvəlki kimi, 180 manata təklif edilir.

İri müştərilərdə itirdiklərini fərdi satışda qaytaracaq

Q.Suvanverdiyev bildirib ki, sığorta bazarında şirkətlər iqtisadi durğunluqla əlaqədar olaraq korporativ müştərilərini itirirlər. Məsələn, əvvəl əmlaklarını tam sığortalayan şirkətlər indi sığortalaya bilmirlər. Bundan əlavə işçilərin tibbi sığortası, işçilər qarşısında məsuliyyət sığortası da azalıb.  Buna görə də, “Günay Sığorta” əsas diqqəti fərdi sığorta satışlarına yönəltmək istəyir və bu istiqamətdə yeni məhsulların satışına başlanacaq.

Səfərə gedənlərə ev sığortası olacaq

Şirkət rəhbərinin sözlərinə görə, dekabr ayının 1-dən etibarən müştərilərə səyahət sığortası ilə birgə əmlak paketi və standart əmlak sığortası paketləri təklif ediləcək. Məsələn, xaricə səfər edən müştərilər evlərindən arxayın olmaq üçün səyahət sığortasını alarkən evlərini də sığortalaya bilərlər. Müştəri səhayət zamanı həyatını sığortalamaqla yanaşı, evdən çıxıb  geri qayıtdığı zamana qədər sığorta şirkəti evə dəyən ziyanı da qarşılamağı öhdəsinə götürür. Paketin qiymətinə gəlincə, adi qaydada Avropaya 2 həftəlik  səyahət sığortası 11-12 avroya başa gəlir. Müştəri həmin müddətdə 100 min manatlıq evinin sığortası üçün cəmi 30 manat ödəməlidir.

30 manata ev sığortası

Q.Suvanverdiyev bildirib ki, sığorta məhsulları hazırlanarkən hazırki iqtisadi vəziyyət nəzərə alınır. Ona görə də, əhalinin gəlirlərinə və tələbə uyğun olaraq müxtəlif qiymətlərdə əmlak sığortası təklif edilir. Əmlak sığortasının qiyməti 30-120 manat arasında dəyişir. Bir illik paketə qonşular qarşısında mülki məsuliyyət, ev  və içindəki əmlakın sığortası daxildir. Məsələn, 30 manatlıq əmlak sığortasına 5 min manat qonşular qarşısında məsuliyyət, 5 min manat evin təmiri və 5 min manat əmlaka dəyən ziyan üzrə olmaqla 15 min manat sığorta təminatı verilir. Maksimal, yəni 120 manatlıq paketi alan müştərilərə isə 90 min manat həcmində sığorta təminatı təklif edilir.

Yeni məhsullar regionlarda da satılacaq

Q.Suvanverdiyev bildirib ki, “Günay sığorta” yeni məhsullarla kütləvi bazara çıxmağı planlaşdırır. Ona görə də şirkətin bölgələrdəki filialarında icbari sığorta ilə yanaşı, yeni məhsulların da satışı həyata keçiriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275