SIĞORTA

"Alfa Sığorta"nın icbari sığorta portfeli İSB-yə ötürülür
10 NOYABR
450

"Alfa Sığorta"nın icbari sığorta portfeli İSB-yə ötürülür

2016-11-10 12:53:00

“Bağlanan sığorta şirkətlərinin icbari sığorta öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı İcbari Sığorta Bürosuna müraciət edilməyib”. Bunu fins.az-a açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib. Onun sözlərinə görə, İcbari Sığorta Bürosunun iştirakçısı olan bağlanan şirkət yalnız “Alfa Sığorta”dır. Palata sığorta şirkətinə ləğvedici təyin edib.  “İcbari Sığortalar haqqında” qanuna əsasən sığorta şirkətinin müflis elan edilməsindən sonra bağlaması zamanı ilk növbədə icbari sığorta ödənişləri həyata keçirilir, daha sonra könüllü sığorta növləri üzrə öhdəliklər yerinə yetirilir: “Əgər ləğvedici ödənişlərlə bağlı öhdəlikləri yerinə yetirə bilmirsə, bu zaman MBNP-yə məlumat verməlidir.Palata öz növbəsində bununla bağlı  İSB-yə müraciət etməlidir. “Ola bilsin ki, Alfa Sığorta”nın öhdəlikləri ilə bağlı müraciət ediləcək.Amma hələlik Palata bununla bağlı Büroya müraciət etməyib”. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından məsələyə münasibət bildiriblər.Palatadan fins.az-a verilən məlumata görə, hazırda bununla bağlı iş aparılır. “Alfa Sığorta”nın öhdəlikləri üzrə 7 min icbari sığorta müqaviləsi üzrə öhdəliklər  İcbari Sığorta Bürosuna ötürüləcək. Ötürülməsi planlaşdırılan 5 min müqavilə avtomobillərin icbari sığortası, 2 min sığorta müqaviləsi isə daşınmaz əmlakın icbari sığortasına aiddir. Öhdəliklərin ötürülməsi prosesinə noyabr ayının sonundan etibarən balaşnılacaq. 

Qeyd edək ki, "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sığorta şirkətinin fəaliyyətini dayandırdığı və ya müqavilələrinə əməl etmək iqtidarında olmadığı halda onun icbari sığorta portfelinin İSB-yə ötürlməsi "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulub.

Həmin qanuna əsasən sığorta şirkətləri hər icbari sığorta müqaviləsi üzrə sığorta haqqının 5%-i həcmində İSB-yə  təqvim ödənişi edir. Bu isə o deməkdir ki, sığorta şirkəti icbari sığorta müqavilələri üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi halda, məsələn, müflis elan edilərsə bu zaman bu ödənişləri Büro həyata keçirir. Hələlik «Alfa Sığorta»nın icbari müqavilələri üzrə hər hansı ödəniş həyata keçirilməyib.

Xatırladaq ki, avqust ayının 26-da Alfa Sığorta”nın  lisenziyası ləğv edilib. Sentyabr ayının 6-da isə məhkəmə qərarı sığorta şirkəti müflis elan edilib.Bu halda qanuna görə icbari sığorta öhdəliklərinə görə ödənişləri İSB həyata keçirməlidir.

Qeyd edək ki, adı çəkilən qanunun 119-cu maddəsində sığorta müqavilələri üzrə öhdəliklərin sıralanması, daha dəqiqi ilk növbədə hansı hadisələr üzrə ödənişlərin edilməsi əksini tapıb. Həmin sıralamaya görə, sığorta şirkəti müflis olduğu təqdirdə

- ilk növbədə onun icbari sığorta müqavilələri üzrə hadisələrə

- ikinci olaraq şəxsi sıcorta üzrə könüllü müqavilələr

- üçüncü olaraq əmlakla bağlı könüllü müqavilələr üzrə ödənişlər verilir.

"Alfa Sığorta"nın Ləğvetmə Komissiyasından fins.az-a bildirilib ki, hələlik şirkət hadisələr üzrə heç bir ödəniş vermir. Amma bütün müraciətlər qeydə alınır və növbəyə salınır: «Hazırda aktivlər qiymətləndirilir və satılır. Ondan sonra ödənişlər olacaq».

Qeyd edək ki, şirkətin aktivlərinin satışından əldə edilən vəsaitlər ödənişlərə yönəldiləcək, əgər bu vəsaitlər ödənişlər üçün kifayət etməsə, çatışmayan hissəni İSB ödəyəcək.

İlkin qiymətləndirmələrə görə, icbari sığorta portfeli üzrə öhdəliklərin təqribi həcmi 1 milyon manatdır: «Böyük ehtimalla şirkətin vəsaitləri icbari öhdəliklərin icra olunması üçün kifayət edəcək».

İcbari müqavilələrdən fərqli olaraq könüllü müqavilələr üzrə ödənişlərin verilməsi şirkətin vəziyyətindən və aktivlərin satışından sonra pul qalıb-qalmamasından asılı olacaq. Əgər əlavə vəsait qalmasa könüllü müqavilələr üzrə ödəniş edilməyəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275