SIĞORTA

Azərbaycanda kredit kartı ilə sığorta – SATIŞI BAŞLANDI
08 NOYABR
766

Azərbaycanda kredit kartı ilə sığorta – SATIŞI BAŞLANDI

2016-11-08 10:51:00

Azərbaycanda sığorta məhsullarını onlayn almaq olacaq. Söhbət “Profam Sığorta” agentliyinin tətbiq etdiyi yenilikdən gedir. Şirkətin təsisçisi Mustafa Abbasbəyli fins.az-a bildirib ki,  agentlik  onlayn sığorta satışına başlayıb. Belə ki, yeni yaradılan insure.az saytı vasitəsilə onlayn ödəmə imkanı olan  elektron sığorta satışı həyata keçirilir. Elektron satış əvvəlcə ən geniş yayılmış sığorta  növü olan avtomobillərin icbari sığortasına tətbiq edilib. 

Qeyd edək ki,  noyabr ayının 1-dən avtomobillərin icbari sığortası elektron qaydada satılır. Yəni, adi qaydada da icbari avtomobil sığortasını elektron almaq mümkündür. M.Abbasbəyli isə bildirir ki,  insure.az-ın təqdim etdiyi sığorta xidmətləri adi qaydada satılan elektron sığortadan bir neçə üstünlüyü var. 

İcbari sığorta almaq üçün cəmi 2 məlumat lazımdır

Birincisi agentlik sığorta satışı üçün müştəridən daha az informasiya tələb edir. Məsələn, insure.az vasitəsilə avtomobili icbari sığortalamaq üçün   əvvəlcə avtomobilin nömrəsi daxil edilir. Sistem dərhal sığortalanacaq avtomobili göstərir. Müştəri daha sonra şəxsiyyət vəsiqəsinin Pin kodunu daxil edir. Daha sonra avtomobilini sığortalamaq istədiyi sığorta şirkətini seçərək bank kartı vasitəsilə ödəniş edir və ya ödəniş kodunu götürərək terminal vasitəsilə ödənişi həyata keçirir.Adi qaydada isə avtomobilin sığortalanması üçün müştəridən avtomobilə və ona aid bütün məlumatlar tələb edilir.

Saxtakarlıq halları sıfıra bərabərdir

Bundan əlavə, insure.az vasitəsilə sığorta satışında saxtakarlıq halları sıfıra bərabərdir. Məsələn, adi qaydada avtomobilin mühərriki 5.5 litr həcmdədirsə, onu 1,5 litr göstərərək sığorta haqqını azaltmaq olur. Agentlik vasitəsilə avtomobili sığortalayarkən onun nömrəsi daxil edildikdə texniki pasportda göstərilən bütün informasiyalar üzə çıxır. Yəni, sistemdə böyük mühərriki kiçik göstərmək olmur.

Qadağan olunmuş endirimləri almaq mümkün deyil

Daha bir fərq isə ondan ibarətdir ki, agentlik vasitəsilə satılan icbari sığortada qaydalara uyğun olaraq endirim almaq mümkün deyil. Yəni, müştəri  sığorta şirkətini artıq məbləğə görə deyil, kefiyyətə görə seçəcək.

Sığortanı birbaşa almaq mümkündür

Insure.az-ın daha bir üstünlüyü isə ondan ibarətdir ki, müştərilərə heç bir vasitə olmadan birbaşa sığorta məhsulu təqdim edir.İstədiyi sığorta məhsulunu istədiyi şirkətdən seçir və dərhal da kredit kartı vasitəsilə ödəniş  edərək əldə edir. 

Sistemə qoşulan sığorta şirkətlərinin sayı 8-ə çatacaq

M.Abbasbəyli bildirib ki, hələlik 4 sığorta şirkəti - “PAŞA Sığorta”, “Standard İnsurance”, “AtaSığorta”, “Meqa Sığorta” agentliyin saytında aktivdir.Yəni, həmin şirkətlərə aid sığorta məhsullarını sifariş etmək mümkündür.Növbəti mərhələdə “Azərbaycan Sənaye Sığorta”, “AXA MBASK”, “Atəşgah”,  “AzSığorta” şirkətləri ilə də əməkdaşlığa başlanacaq. 

İndiyə kimi 155  elektron sığorta satılıb

Onun sözlərinə görə, artıq insure.az üzərindən onlayn sığorta alan müştərilər var. İndiyə qədər 155 icbari avtomobil sığortası satılıb. O əlavə edib ki, müştərilərin böyük hissəsi noyabr ayından etibarən yeni qaydada icbari avtomobil sığortası alanlardır. 

Səyahət, əmlak və “Yaşıl Kart” sığortasını da kredit kartı ilə almaq olacaq

Insure.az üzərindən digər sığorta növlərini də onlayn ödəmə ilə almaq olacaq. Bunun üçün sistemdə işlər davam etdirilir. M.Abbasbəyli əlavə edib ki,bir neçə gün ərzində icbari avtomobil sığortası ilə yanaşı, səyahət sığortası, daha sonra isə daşınmaz əmlakın icbari sığortasının elektron satışına başlanılacaq. Agentlik 2 ay müddətində isə “Yaşıl Kart” sığortasının onlayn ödəmə ilə satışını təşkil edəcək.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272