SIĞORTA

Yol polisindən sürücülərə sığorta – XƏBƏRDARLIĞI
07 NOYABR
2343

Yol polisindən sürücülərə sığorta – XƏBƏRDARLIĞI

2016-11-07 13:26:00

Avtomobillərin icbari sığortasında elektron müqaviləyə keçid  sürücülərə cərimə olunmaq təhlükəsi yaradıb. Fins.az-ın məlumatına görə, noyabrın 1- dən etibarən avtomobillərin icbari sığortası yalnız onlayn formada bağlanır. Amma sürücü kağız formasında sığorta sənədini yol polisinə təqdim edə bilmədiyi halda 50 manat cərimələnə bilər. 

 Qanunda boşluqlar var

Sığorta ekspertləri bildirirlər ki, mövcud ziddiyət qanunda yaranan boşluqlarla bağlıdır. Belə ki, “İcbari sığortalar haqqında” qanunun 53-cü maddəsinə əsasən, avtomobillərin icbari sığortası “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən bağlanmalıdır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində isə deyilir ki, sürücü yol polisinə sığorta şəhadətnaməsini kağız formada təqdim etməlidir. 

“Elektron müqavilənin çap versiyasını da almaq lazımdır”

Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev fins.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, avtomobillərin icbari sığortası ilə bağlı kağız daşıyıcılar ləğv edilib. Bununla belə, sürücülər yeni bağlanan elektron icbari sığorta müqaviləsinin çap versiyasını hələlik üzərlərində daşımalıdırlar. Belə ki, İcbari Sığorta Bürosu sisteminin yol polisinin sisteminə inteqrasiya edilməsi hələlik yekunlaşmayıb.Texniki işlər davam etdirilir. Ona görə də sürücülər yol polisinin tələbi olduqda  sığorta müqaviləsinin çap versiyasını göstərməlidirlər.

Saxtakarlıq edənlər əlavə cərimə ödəməli olacaq”

K.Əliyev deyib ki, yol polisi sığorta müqaviləsinin çap versiyası olmayan sürücülərə protokol tərtib edə bilər. Amma araşdırma zamanı avtomobilin icbari sığortası olduğu müəyyən edildikdə, protokol ləğv edilir. K.Əliyev hazırkı vəziyyətdən istifadə etmək istəyən sürücülərə də xəbərdarlıq edib.      

Hazırda yol polisləri, avtomobillərin sığorta olunub-olunmadığını bortkompüterdə görə bilmir. Bundan istifadə edərək kağız formasında saxta sığorta müqaviləsi təqdim edən sürücülər 50 manatlıq sığorta cəriməsi ilə yanaşı, əlavə də cərimə oluna bilərlər. 

“Proses yekunlaşandan sonra kağız sığorta sənədinə ehtiyac qalmayacaq”

K.Əliyev əlavə edib ki, inteqrasiya prosesi yekunlaşandan sonra  sürücülərin kağız formada şəhadətnamə gəzdirməsinə ehtiyac qalmayacaq. Bu zaman avtomobilini sığorta etdirməyən sürücülər elektron avadanlıqlar vasitəsi ilə müəyyən edilərək cərimələnəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271