SIĞORTA

Avtomobil sığortası bazarında son vəziyyət – TƏHLİL
07 NOYABR
295

Avtomobil sığortası bazarında son vəziyyət – TƏHLİL

2016-11-07 11:32:00

Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycan avtomobil sığortası bazarı  az da olsa böyüyə bilib. Fins.az-ın son statistika üzrə apardığı təhlil göstərir ki, ölkədə avtomobil sığortası bazarı cəmi 0,4% artıb.      

Sığorta haqqı – 82,627 milyon manat

Belə ki, sığorta şirkətləri yanvar-sentyabr aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə  82,627 milyon manat sığorta haqqı toplaya bilib. Ötən ilin eyni dövründə bu rəqəm 82,329 milyon manat olub. 

Avtomobil sığortasında yığımlardan fərqli olaraq, ödənişlər 7,3% azalıb. Yanvar-sentyabr aylarının nəticələrinə əsasən, sığorta şirkətləri 39,922 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu rəqəm 43,046 milyon manat olmuşdu. 

Kaskoda azalma – 24% olub

Statistika göstərir ki, yanvar-sentyabr aylarında kasko sığorta üzrə yığımlar azalmaqda davam edib. Belə ki, ötən ilin 9 ayında sığorta şirkətləri 22,999 milyon manat sığorta haqqı toplamışdı. Bu il isə şirkətlər könüllü avtomobil sığortasından cəmi 17,463 milyon manat sığorta haqqı toplaya biliblər. Bu isə 24% azalma deməkdir. Bazar üzrə kasko sığortadan sentyabr ayında yığılan sığorta haqqlarının həcmi isə 2,297 milyon manat təşkil edib. 

Kasko üzrə ödənişlər isə 18,439 milyon manatdan 11,108 milyona düşüb – yəni 39,7% azalma qeydə alınıb. Sentyabr ayı üzrə ödənişlər 1,369 milyon manat olub.

İcbari avtomobil sığortası cərimələrə görə böyüyüb

Kasko sığortasındakı azalmanı avtomobillərin icbari sığortası kompensasiya edib. Statistikaya əsasən 2016-cı ilin yanvar-sentyabr aylarında  icbari  avtomobil sığortası üzrə yığımların həcmi 63,810 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur. Sığorta şirkətləri icbari avtomobil sığortasından sentyabr ayında 5,820 milyon manat sığorta haqqı toplaya biliblər. Avtomobillərin icbari sığortası üzrə ödənişlər isə 17,6% artaraq 28,804 milyon manat olub.

Avtomobil ekspertləri bildirirlər ki, iqtisadi durğunluq, avtomobil kreditlərinin dayandırılması avtomobillərin könüllü sığortasına mənfi təsir etsə də, avtomobillərin icbari sığortası ilə bağlı təsir mexanizminin gücləndirilməsi artıma səbəb olub. Belə ki, mart ayının 1-dən etibarən icbari sığortası olmayan avtomobil aşkarlanarsa, sürücülər 50 manat cərimə ödəməli olur. Bu da avtomobillərini icbari qaydada sığortalayanların artmasına təsir edib. 

Avtomobillərin könüllü məsuliyyət sığortasında 30,9% artım

Avtomobillərin icbari sığortası ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da artıb. Sığorta şirkətləri bu növ üzrə  ötən ilin 9 ayında 1,033 milyon manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 30,9% artımla 1,354 milyon manat təşkil edib. Bu növ üzrə bir aylıq yığımların həcmi 296 min manat olub. 

Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər əksinə, 20,3% azalaraq 105,018 min manat olub. Bir ayda ödənişlərin ümumi məbləği isə 10,150 min manat olub. 

Avtomobil sığortasında  zərərlilik düşüb

Avtomobil sığortası bazarında ümumi durğunluğa baxmayaraq zərərlilik aşağı düşüb. Belə ki, şirkətlər  avtomobil sığortasından topladıqları hər 100 manatdan 48,3 manatını ödəniş olaraq müştərilərə geri qaytarıblar. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 52,2 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275