SIĞORTA

Saxta sığorta hədiyyələri başlayıb – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
04 NOYABR
1456

Saxta sığorta hədiyyələri başlayıb – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

2016-11-04 09:12:00

Avtomobillərin icbari sığortası ilə bağlı  sürücülərin şikayətləri yenidən artmağa başlayıb. Fins.az-ın məlumatına görə,söhbət avtomobillərini icbari qaydada sığortalayan sürücülərin şəxsi məlumatlarının,o cümlədən mobil nömrələrinin  yayılmasından gedir. Vəziyyət həm sürücüləri, həm müştəri portfelini itirən agentləri narahat edir.Sığorta agentliklərindən fins.az-a verilən məlumata görə,ötən aydan etibarən icbari sığorta təklifi ilə bağlı zənglər artmağa başlayıb. Əvvəlkindən fərqli olaraq sığorta şirkətlərindən  sürücülərə zəng vuran xanım satıcılar  endirim təklif etməsələr də, əvəzində əlavə xidmətlər təklif edirlər.

Yük maşınları və avtobusların sığortasında hələ də 25 % endirim edənlər var

Məsələ ilə bağlı sığorta agenti Şahin İsmayılov fins.az-a bildirib ki, iri mühərrikli yük maşınları, mikroavtobus və avtobuslarda qadağalara baxmayaraq 25%-ə qədər endirim edilir. Belə ki, sığorta haqqı 200-250 manat olan maşınlarda agentlər 50 manata qədər komisyon alırlar.Bu zaman müştəriyə 30 manata kimi endirim etmək imkanı yaranır. Ona görə də, belə avtomobil sahiblərinə zəng vuran xanım satıcılar  endirim təklif edirlər.

Son bir ayda müştərilərinə 15-ə qədər sığorta zəngi olub

Amma minik avtomobillərində artıq endirim etmək mümkün deyil. Belə olan halda sığorta operatorları kiçik avtomobil sahiblərinə sığorta zənglərində təklifləri də dəyişirlər.Ya kiçik məbləğdə də olsa endirim edilir(5-10 manat), ya da endirimin yerinə hansısa xidmət təklif  olunur.Sığorta agenti son bir ayda müştərilərinin 10-15 belə bezdirici sığorta zəngləri ilə qarşılaşdığını deyir.Hətta, bəzi müştərilərə bir gündə bir neçə belə sığorta zəngi gəlir.

Əlavə xidmət adı ilə sürücüləri aldadırlar

Sığorta agenti bildirir ki, zənglərin bezdirici olması ilə yanaşı, belə satıcılar əlavə xidmət adı ilə avtomobil sahiblərini aldadırlar. Məsələn, müştərilərdən birinə edilən zəngdə xanım satıcı bildirib ki, endirim edilmir,qarşılığında qəza zamanı evakuator xidməti təklif edilir. Amma məlumdur ki, icbari sığorta müqaviləsinə belə bir xidmət əlavə etmək mümkün deyil.

Sığorta alanlara “hüquqi yardım” təklif edirlər

Daha bir şirnikləndirici xidmət isə hüquqi yardımla bağlıdır. Satıcı sürücüyə avtomobilini sığortalayacağı halda ona ailə-məişət məsələləri və borclanma bağlı hüquqi yardım xidməti göstəriləcəyini bildirir. Maraqlı cəhət burasındadır ki, təklif edilən hüquqi yardımları sığorta şirkətinin hüquqşünasının edəcəyi deyilib.Bu xidmətlərin göstərilməsi ilə bağlı hər hansı rəsmi sənəd isə müştəriləyə verilmir. Bu isə sadalanan təkliflərin müştərini aldatmağa yönəldiyini üzə çıxarır.

Agentin özünə saxta sığorta hədiyyəsi təklif edirlər

Daha bir sığorta təklifinin saxta olmasını isə agent özü üzə çıxarıb. Xanım operator Ş.İsmayılova zəng vuraraq avtomobilini sığortalamağı və əvəzində həm də 1000 manatlıq həyat sığortası qazanacağını bildirib. Adi qaydada məlumatsız sürücüləri  belə təkliflərlə aldadan satıcı sığorta agentinin sualları qarşısında aciz qalıb. Satıcı qəza zamanı əlavə 1000 manatlıq ödənişin verildiyini desə də, “bu sığorta üçün müqavilə necə bağlanır, sığorta haqqı nə qədərdir?” sualına cavab verə bilməyib.Müştəri hesab etdiyi şəxsin sığorta agenti olduğunu biləndə isə saxta təkliflərinin üzə çıxdığı görüb  telefonu söndürüb.

Saxta hədiyyələr sığorta mübahisələrini artıra bilər

Ş.İsmayılov bildirib ki, belə satış ilə məşğul olanlar sürücüləri saxta sığorta hədiyyələri ilə cəlb etməyə çalışırlar. Sürücülər isə adətən sığortanı sığorta kimi deyil, yol polisinə təqdim ediləsi sənəd kimi aldığı üçün buna əhəmiyyət vermirlər. Avtomobil sahibləri aldadıldığını isə qəza zamanı başa düşür. Belə olan halda isə sürücü sığorta məhsulunu satan şəxslə deyil, sığorta şirkəti ilə qarşılaşır. Agent hesab edir ki, sığorta satışı ilə bağlı belə neqativ halların artması sığorta mübahisələrini də yenidən artıra bilər.

“Saxta sığorta zənglərinə görə müştərilərimin  15%-ni itirmişəm”

Aldadıcı sığorta zəngləri  avtomobil sahibləri ilə yanaşı, agentlərin də işinə mənfi təsir edir. Belə ki, qanuni sığorta satışı ilə məşğul olan agentlər müştərilərini itirməyə başlayırlar. Ş.İsmayılov bildirib ki, son bir neçə ayda məhz bu səbəbdən müştərilərinin 15%-ni itirib. Onun sözlərinə görə,bu vəziyyət onun kimi digər sığorta agentlərinin də müştəri portfelini itirilməsinə  səbəb olur.

Palata bu hallara görə də sanksiya tətbiqi etməlidir

Agent hesab edir ki, vəziyyət çıxış yolu olaraq tənzimləyici qurum müəyyən addımlar atmalıdır. Söhbət Maliyyə Bazarlarına Nəzarət Palatasından gedir.Belə ki, bundan əvvəl adı çəkilən qurum endirimlər və güzəştlərlə bağlı sanksiyalar tətbiq etməyə başlayıb.Eyni sanksiyaları saxta sığorta təkliflərinə də tətbiq edilməsi məqsədəuyğun olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275