SIĞORTA

Yığımları 13,4 dəfə azalan şirkət: “İqtisadi vəziyyətin düzəlməsinə ümid edirik”
01 NOYABR
403

Yığımları 13,4 dəfə azalan şirkət: “İqtisadi vəziyyətin düzəlməsinə ümid edirik”

2016-11-01 09:43:00

İqtisadi durğunluq “Amrah Sığorta” şirkətinin də fəaliyyətinə böyük təsir göstərib. Son statistikaya əsasən sığorta bazarının ən kiçik payçısı “Amrah Sığorta” şirkəti olub. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin yığımları  yanvar-sentyabr ayları üzrə 13,4 dəfə azalaraq  49 560 manat olub. Ötən ilin eyni dövründə isə sığorta şirkəti  666 262 manat sığorta haqqı toplamışdı.Sığorta şirkətinin ödənişləri 3,4 dəfə azalaraq 126 749 manat olub. Ötən ilin 9 ayında “Amrah Sığorta”  426 077 manat ödəniş etmişdi.

Sığorta şirkətindən “Amrah Sığorta”nın sonuncu pillədə irəliləməsi ilə bağlı məsələyə münasibət bildiriblər. “Amrah Sığorta”dan fins.az-a verilən məlumata görə, son bir ildə yaranan iqtisadi durğunluq şirkətin də fəaliyyətinə mənfi təsir göstərib. Belə ki, devalvasiya ilə bağlı maliyyə bazarında yaranan ajiotaj  bankların da işini çətinləşdirdi. Nəticədə kreditlərin verilişi dayandırıldı. Bu isə zəncivari olaraq bankla əlaqəli sığorta şirkətlərinin, o cümlədən “Amrah Sığorta”nın işinə mənfi təsir göstərdi. Belə ki, sığorta şirkəti könüllü sığorta növlərinin satışını əsasən kreditlə əlaqəli sığorta növləri üzərindən həyata keçirirdi.

Kreditlərin dayanması ilə şirkət korporativ müştərilərini müvəqqəti də olsa itirməyə başlayıb. Belə ki, şirkətlər hazırda daha çox kreditlə bağlı banklar qarşısındakı öhdəliklərini yerinə yetirməyə çalışırlar. “Amrah Sığorta”dan bildirilib ki, hazırki vəziyyət də sığorta şirkətinin bağlanması ilə bağlı hər hansı ehtimal yaratmır. Belə ki, sığorta şirkətinin yığımları kəskin azalsa da, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı problem yoxdur: “Amrah Sığorta”nın məcmu kapitalı tələb olunan səviyyədən, yəni  5 milyon manatdan yüksəkdir. Bu da öhdəlikləri tam qarşılamağa imkan verir”.

Sığorta şirkətində vəziyyətdən çıxışla bağlı konkret planlar olmasa da, iqtisadi  vəziyyətin düzələcəyinə ümid bəsləyirlər: “İqtisadi vəziyyət belə davam edə bilməz. Yeni ildən bankların fəaliyyətində stabilləşmə olacağı gözlənilir.  Bu vəziyyət əlaqəli olaraq kreditlə bağlı sığorta məhsullarının da satışında  canlanma yaradacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271