SIĞORTA

«Mağaza dağılır, qəpik-quruş verirlər» – SIĞORTA ŞİKAYƏTİ
25 OKTYABR
414

«Mağaza dağılır, qəpik-quruş verirlər» – SIĞORTA ŞİKAYƏTİ

2016-10-25 09:56:00

Sığorta şirkəti ilə müştərisi arasında sığorta ödənişi ilə bağlı mübahisə yaranıb. Söhbət «AzSığorta» şirkəti və onun müştərisi – Şirvanda avtomobl  ehtiyat hissələri satılan mağazanın sahibindən gedir. Müştəri 3 aydan artıq müddətdə zəlzələdən sonra ziyan dəyən mağazaya görə sığorta pulunu ala bilmədiyini deyir. Sığorta şirkətində isə yenidən ekspertiza təyin edilərək zərərin qiymətləndiriləcəyini bildirirlər.

«Biri 10 min manat deyir, digəri 116 manat»

Şikayətçi Şirvan sakini Rövşən Davudov fins.az-a müraciət edərək bildirir ki, 3 ildir ki, avto ehtiyat hissələri mağazasını «Azsığorta» şirkətində sığortalayır. Sonuncu dəfə bu il fevral ayının 19-da mağazasını (Daşınar və daşınmaz əmlak birlikdə) həm icbari, həm də könüllü qaydada sığortalayıb. Daşınmaz əmlakın icbari sığortası üzrə, yəni mağazanın sığortası üçün 80, içindəki malların sığortası üzrə 120 manat olmaqla sığortaya 200 manat pul ödəyib və 40 min manat sığorta təminatı alıb.

Bu ilin iyul ayında Şirvan şəhərində zəlzələ baş verib. Zəlzələdən sonra mağazanın divarlarında və tavanında çatlar yaranıb. Çökmənin təsirindən döşəmədə də çatlar yaranıb. R.Davudov sığorta şirkətinə müraciət edib: «Əvvəlcə mağazaya şirkətin Bakıdan gələn nümayəndələri baxış keçirib və mağazanın qəzalı vəziyyətdə olduğunu etiraf ediblər». Sığorta şirkətinin əməkdaşı Amil Nəbiyev şikayətçiyə bildirib ki, mağazanın əsaslı təmiri xərci 10 min manata yaxındır. Amma növbəti dəfə qiymətləndirmə üçün tikinti şirkətindən gəlib mağazaya baxış keçiriblər. Həmin nümayəndə mağazaya dəyən ziyana görə cəmi 116 manatın ödənilə biləcəyini bildirib. 

«Maşının bir buferinə bundan çox pul verdilər»

Şikayətçi bi rəqəmlə qətiyyən razılaşmır. Bildirir ki, avtomobil qəzasındakı zərər bundan çoxdur: «Avtomobilimi arxadan vurmuşdular. Günahkar sürücünün sığorta şirkəti bir buferin təmirinə görə bizə 700 manat ödəniş etdi. Mağaza demək olar ki,  qəzalı vəziyyətə düşüb, cəmi 116 manat təklif edirlər».

R.Davudov bildirir ki, ziyan bununla da bitməyib. Belə ki, zəlzələdən sonra mağazanın dam örtüyündəki plitələr aralandığı üçün yağış zamanı mağazanı su basır: «Divar və tavanın yararsız hala düşməsi bir yana, satışda olan mallara da ziyan dəyir». 

Zərərçəkən mağazanın real təmir xərcinin 3500 manata yaxın olduğunu bildirir. Sığorta şirkətindən də həmin məbləğdə sığorta ödənişi tələb edir:“AzSığorta” ya həmin məbləği ödəsin, ya da mağazanı təmir edərək əvvəlki vəziyyətinə qaytarsın”. 

O əlavə edib ki, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib: “Sığorta şirkəti mağazaya dəyən ziyanı ödəməzsə, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm”.

«AzSığorta»: «Ziyan yenidən qiymətləndiriləcək»

«AzSığorta» şirkətindən mağaza sahibinin şikayətinə münasibət bildiriblər. Şirkətdən fins.az-a verilən məlumata görə, sözügedən hadisə ilə bağlı dəymiş zərər sığorta sahəsində fəaliyyət göstərən inşaatçı ekspert şirkəti tərəfindən müəyyən olunub.

Şirkətdən əlavə ediblər ki, sığortalının (şikayətçi) əmlaka dəyən zərərin sığortaçı və yardımçı şəxs tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır.Bununla bağlı zərərçəkən mağaza sahibinin ərizəsi alınaraq təkrar ekspertiza təyin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271