SIĞORTA

«Bu xəstəlik sığorta paketinə daxil deyildi» – SIĞORTA MÜBAHİSƏSİ
20 OKTYABR
526

«Bu xəstəlik sığorta paketinə daxil deyildi» – SIĞORTA MÜBAHİSƏSİ

2016-10-20 15:21:00

Bakıda sığorta şirkəti ilə müştərisi arasında sığorta ödənişi ilə bağlı mübahisə yaranıb. Söhbət «A Qroup» sığorta şirkəti və onun tibbi sığortalı müştərisindən gedir. Müştəri keçirdiyi cərrahi əməliyyata görə, şirkətdən ödəniş istəyir, şirkətdə isə bildirilir ki, bu əməliyyat sığorta paketinə daxil deyil. 

«Razılıq veriblər, indi əməliyyatın pulunu ödəmirlər»

Şikayətçi, Bakı şəhər sakini Elnarə Əlizədə bildirir ki, "A Group" sığorta şirkətində işlədiyi şirkətin xətti ilə tibbi sığorta olunub. Bir qədər əvvəl genekoloji xəstəliklə bağlı cərrahiyyə əməliyyatına ehtiyac yaranıb. Bunun üçün avqust ayının 27-də sığorta şirkətinə müraciət edib. E.Əlizadənin sözlərinə görə, onun xəstəliyinin tibbi sığorta paketinə daxil olduğu açıqlanıb. Bu barədə müştəriyə “A Qroup”un həmin şirkətdəki kuratoru vasitəsilə razılıq verilib. Amma xanımın əməliyyatını etibar etdiyi həkim sığorta şirkətinin əməkdaşlıq etmədiyi klinikada çalışır. Belə olan halda, «A Qroup»dan təklif ediblər ki, E.Əlizadə əvvəlcə həmin klinikada cərrahiyyə əməliyyatını keçirsin və xərcləri qarşılasın. Əməliyyat xərci isə daha sonra sığorta şirkəti tərəfindən ödənilsin. Müştəri bununla razılaşıb və sentyabr ayının 29-da əməliyyat edilib. Mübahisə isə bundan sonra başlayıb.

885 manat əməliyyat xərci

E.Əlizadə bildirir ki, əməliyyatdan dərhal sonra sığorta şirkətinə müraciət edib.  «A Qroup»da ondan çek və epidrist tələb edilib. Əməliyyat xərci 750 manat təşkil edib. Özəl klinika isə tələb edilən çekə görə, ondan əlavə olaraq 135 manat pul alıb. O ümumilikdə klinikaya 885 manat ödəyib. Çek və digər sənədləri toplayaraq təqdim edən E.Əlizadəyə sığorta şirkətində deyiblər ki, 14 gün ərzində sığorta ödənişi haqqında ona məlumat veriləcək. Şikayətçi bildirir ki, yalnız 13-cü gün bildiriblər ki, ona sığorta ödənişi düşmür. Belə ki, qoyulan diaqnoz tibbi sığorta təminatına daxil deyil.      

«Əməliyyata icazə verilməsi telefon danışıqlarında var»

Şikayətçi isə bunun tamamilə əsassız olduğunu  deyir: «Qoyulan diaqnoz üzrə əməliyyat edilmişəm və şirkət də buna əvvəlcədən icazə verib. Amma indi diaqnozun fərqli olduğunu deyirlər». O bildirir ki, «A Qroup»da bununla bağlı telefon danışıqları yazılıb. Telefon danışıqları araşdırılsa, hər şey üzə çıxar.

E.Əlizadə əlavə edib ki, sığorta şirkəti tələb etdiyi  çekin pulunu da ödəməkdən imtina edir. Halbuki buna görə əlavə 135 manat ödəməli olub. O bildirib ki, cərrahiyyə əməliyyatına görə çəkilən xərci sığorta şirkəti bir neçə gün ərzində ödəməsə, adiyyatı dövlət qurumlarına, daha sonra isə məhkəməyə müraciət edəcək. 

«A Qroup»: «Hələ müayinədən əvvəl xəstəliyin istisna olduğunu bildirmişik»

«A Qroup» sığorta şirkətində isə müştərinin şikayətinin əsassız olduğu bildirilir. Şirkətdən fins.az-a bildirilib ki: «Müştəriyə hətta müayinə zamanı bildirilib ki, bu əməliyyat müqavilə şərtlərinə əsasən istisnalara daxildir. Bu barədə tibbi ekspertlərimiz tərəfindən Elnarə Əlizadəyə ətraflı məlumat verilib. Buna baxmayaraq, Elnarə Əlizadə subkontraktor  olmayan klinikada əməliyyat olunub». Müştəri əməliyyatdan sonra müraciət edərkən növbəti dəfə ona ödənişdən imtinanın səbəbləri əsaslandırılıb.

«Elnarə Əlizadə ödəniş almaq üçün sənədləri təqdim etdikdə ona ətraflı məlumat verilərək daha öncəki müraciətdə qeyd edildiyi kimi,aparılan əməliyyatın istisnalara daxil olduğu bir daha ona bildirilmişdir və ödənişdən imtina edilməsi əsaslandırılmışdır»-deyə şirkətin açıqlamasında bildirilir. 

«Müqavilənin şərtlərinə görə ödəniş düşmür»

«A-Qroup» sığorta şirkətindən o da bildirilib ki, 21 illik fəaliyyəti ərzində hər zaman öz müştərilərinin tibbi xərclərini problem yaratmadan ödənilib:”Təəssüflə qeyd edirik ki, Elnarə Əlizadənin keçirdiyi əməliyyat (diaqnozu müştəriyə hörmət baxımında və konfidensiallğı qorumaq məqsədi ilə mətbuatda açıqlamırıq) müqavilənin şərtlərinə görə təminata daxil deyil».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272