SIĞORTA

“Qala Sığorta” kapitalını niyə artırır? – SƏBƏBLƏR
07 OKTYABR
468

“Qala Sığorta” kapitalını niyə artırır? – SƏBƏBLƏR

2016-10-07 10:52:00

"Qala Sığorta" şirkəti nizamnamə kapitalını artırmasının səbəblərini açıqlayıb. Bununla bağlı fins.az-a şirkətin idarə heyətinin sədri Viladi Maniyev danışıb.

O bildirib ki, sığorta şirkətinin kapitalı əvvəlcədən məcmu kapitalla bağlı tələb riskli olduğu üçün (5 mln. manat) ondan xeyli çox - 6,7 milyon manat olub.Buna baxmayaraq, şirkətdə  başlayan yenidənqurma prosesi və kapitalla bağlı üzləşə biləcəyi risklər nəzərə alınaraq nizamnamə kapitalının artırılması üçün səhmdara müraciət edilib: “Təklif qəbul edilib və nizamnamə kapitalı 1,2 milyon manat artırılacaq”.

V.Maniyev bildirib ki, bu təbii prosesdir: “Sığorta şirkəti gözlənilməyən risklərlə qarşılaşan zaman ödəniş qabiliyyətinin yüksək olması üçün kapital artımı daim olmalıdır. Əks halda, risklərdən qaçmaq çətinləşə və lisenziyanı itirmək təhlükəsi yarana bilər”.  

Şirkət rəhbərinin açıqlamasına görə, yenidənqurma işləri çərçivəsində  “Qala sığorta”nın işçilərinin sayı 5-dən 32-ə çatıb. Bundan əlavə, departamentlərin sayı artırılıb. İddialar departamenti üçün S.Vurğun küçəsində şirkətin yeni ofisi açılıb. Bundan əlavə, avtomobillərin icbari sığortasının satışının həyata keçirilməsi üçün tənzimləyicinin tələblərinə əsasən 8 regionda filial açılıb.

Həmçinin sığorta şirkəti avtomobillərin icbari sığortasına başlayacaq. V.Maniyev bildirib ki, tənzimləyici bununla bağlı qərar qəbul etsə də, hələlik rəsmi məktub şirkətə daxil olmayıb. Bununla belə, sığorta şirkəti avtomobillərin icbari sığortasını həyata keçirəcəksə, ödəniş riskləri xeyli artacaq: “Əmlak sığortasında zərər böyük olsa da, risklər çox aşağıdır. Avtomobil isə bu gün sığortalana bilər və həmin gün də qəza baş verə bilər”.

Eyni zamanda sığorta şirkəti kasko sığorta fəaliyyəti ilə məşğul olmaq üçün Palataya müraciət edib. İcbari ilə yanaşı, kasko sığorta satışına da başlanılması ödəniş xərclərini xeyli artıra bilər. V.Maniyev hesab edir ki, bu amil də kapital artımını zəruri edən səbəblərdən biridir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272