SIĞORTA

«İcbari sığorta daha ədalətli olmalıdır» – TƏKLİFLƏR
06 OKTYABR
811

«İcbari sığorta daha ədalətli olmalıdır» – TƏKLİFLƏR

2016-10-06 17:15:00

Xarici ölkələrdə, o cümlədən ABŞ və Avropada avtomobillərin sığortası ilə bağlı qaydalar Azərbaycanla müqayisədə daha sərtdir. Sığorta ekspertləri bildirirlər ki, xarici ölkələrdə  avtomobili icbari qaydada sığortalamaq üçün onun markası, modeli,submodeli,buraxılış ili,təhlükəsizlik reytinqi, avtomobildən istifadə məqsədi, illik təxmini sürüş müddəti, harada sürülməsi (kənd və ya şəhər), hara sürülməsi (ev-iş, əlavə maşın və s.) sürücülərin sayı, hətta cinsi, yaşı, ailə vəziyyəti, və əvvəlki sığorta tarixçəsi kimi amillər nəzərə alınır.Azərbaycanda isə sığorta haqqı yalnız avtomobilin mühərrikinin həcminə görə hesablanır.Bonus-Malus sisteminə əsasən sığorta haqqı artıb-azala bilir. Bəs əslində avtomobil sığortası haqqı  nəyə əsasən müəyyən edilməlidir? 

«Dələduzluq halları sığortanı bahalaşdırır» 

Sığorta eksperti Xəyal Məmmədxanlı da  fins.az-a açıqlamasında  bir sıra xarici ölkələrdə avtomobillərin icbari sığorta haqqını müəyyən etmək üçün kriteriyaların çox olduğunu təsdiqləyir.Ekspertin sözlərinə görə, Belçika, Almaniya, Norveçdə bununla bağlı qaydalar daha sərtdir.O cümlədən, qonşu Rusiyada da avtomobilin icbari sığorta haqqını hesablamaq üçün sürücü və avtomobillə bağlı bir sıra məlumatlar nəzərdən keçirilir. Onun sözlərinə görə, bu qaydalar əsasən çox millətli ölkələrdə tətbiq edilir.Belə ki, Azərbaycandan fərqli olaraq bu ölkələrdə sığorta dələduzluğu halları xeyli çox olur. Bu isə sığorta riskinə təsir edən faktorları artırır. 

«Sığorta haqqına təsir edən kriteriyalar artmalıdır»

Sığorta eksperti  hesab edir ki, Azərbaycanda icbari sığorta haqqını müəyyən etmək üçün 10-15 kriteriyaya ehtiyac olmasa da, bir neçə müddəanın tətbiq edilməsi sığorta bazarına müsbət təsir göstərə bilər. Belə ki, sığorta haqqının yalnız mühərrik həcminə görə müəyyən edilməsi peşəkar sığortaçılığa ziddir.

1. Qəza riskləri  zonalara görə müəyyən edilməlidir

Bunlardan birincisi, qəzaların sayına görə risk əmsalının regionlara görə müəyyən edilməsidir. Çünki Azərbaycanın hər yerində qəza riski eyni deyil: «Bəzi bölgələrdə demək olar ki avtomobil qəzası baş vermir. Bəzi yerlərdə isə avtomobil sıxlığı nəticəsində qəza daha çox olur. Məsələn, Naxçıvanda avtomobil qəzaları nadir hallarda baş verdiyi üçün ən yüngül şərtlər tətbiq edilməlidir. Bakıda isə risklər çox olduğu üçün sığorta haqqı da çox hesablanmalıdır».

Ekspert təklif edir ki, qəza risklərinə görə birinci zona olaraq Bakıda sığorta tarifi 100%, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə 80-85%, Naxçıvan və digər regionlarda isə 50 % olaraq hesablansın.

2. Sürücünün yaşı və təcrübəsi nəzərə alınmalıdır

Bundan əlavə sığorta tarifi müəyyən edilərkən sürücünün yaşı və təcrübəsi də nəzərə alınmalıdır.Ekspert deyir ki, 18 yaşlı avtomobil sahibi ilə 25 illik sürücülük təcrübəsi olan sürücünün qəza riskləri eyni ola bilməz: «Məsələn, gənc sürücüyə icbari sığorta haqqı 125 manat, yaşlı sürücüyə isə 70 manat hesablana bilər». 

3. Qəza tarixçələrinin reyestri yaradılmalıdır

X.Məmməmxanlı hesab edir ki,  bundan əlavə hər bir sürücünün və avtomobilin qəza tarixçəsi olmalıdır. Bürokratik əngəllərin yaranmaması üçün bu tarixçələrin mərkəzləşdirilmiş reyestri hansısa qurumda məsələn, ASAN XİDMƏT-də yaradılmalıdır. Avtomobil sığortalanarkən  sürücünün əvvəlcə qəza törədib-törətməməsindən aslı olaraq risklər əmsalı müəyyənləşdirilməlidir.

«Sığorta şirkətləri daha real rəqəmlərlə işləyəcək»

Ekspert hesab edir ki,  bu müddəaların avtomobil sığortasında tətbiq edilməsinin həm müştərilər, həm də şirkətlər üçün müsbət təsirləri olacaq. Belə ki, sığortada ədalət prinsipinin tətbiqi ilə sürücü  qəza törətməyibsə az, çox  qəza törədirsə ona uyğun sığorta haqqı ödəməli olacaq. Digər tərəfdən sığorta şirkətləri müştərilərini və zərərlərini qruplaşdıra biləcəklər. X.Məmmədxanlı bildirib ki, sığorta şirkətlərində avtomobil sığortası ilə bağlı tariflər real statistikaya əsaslanmır: «Çünki ortalıqda zərərliliyi hesablamaq üçün statistika yoxdur». Onun sözlərinə görə, təklif tətbiq edilərsə, sığorta şirkətləri avtomobil sığortası üzrə riskləri zonlar və müxtəlif kateqoriyalar üzrə qruplaşdıra biləcəklər. Nəticədə kasko sığortaya da maraq arta bilər. Çünki adətən avtomobil  sahiblərin kasko sığortanın  nisbətən baha baş gəlməsinə görə sığortalamaqdan çəkinirlər. Amma  yeniliyə əsasən qəza riskləri aşağı olan sürücülərə aşağı tarif verildiyi üçün onlar kasko sığortaya da maraq göstərəcəklər».    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274