SIĞORTA

İcbari tibbi sığortada ən bahalı əməliyyatlar da olacaq - MÜSAHİBƏ
05 OKTYABR
1613

İcbari tibbi sığortada ən bahalı əməliyyatlar da olacaq - MÜSAHİBƏ

2016-10-05 08:40:00

Bu gündən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqi ilə bağlı layihənin icrasına start verib. İşlərin gedişi və yeni sistemin özəllikləri barədə Fins.az-ın suallarını Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov cavablandırdı:

- Dünyada icbari tibbi sığorta ilə bağlı əsasən iki model tətbiq edilir: Sosial tibbi sığorta və milli sığorta modelləri. Bu iki model arasında fərq ondan ibarətdir ki, birincidə dövlət bu sistemdə vətəndaşlarla birgə fəaliyyət göstərir. Sosial tibbi sığorta modelində əmək qabiliyyətli əhali icbari tibbi sığorta haqqı ödəyir, dövlət isə imtiyazlı qrupların sığorta haqqlarını ödəyir. Beləliklə, toplanan maliyyə vəsaitləri tibbi xərclərin sərfinə istifadə olunur.
Milli sığorta modelində isə dövlət büdcəsindən səhiyyə xərclərinə vəsait ayrılır. Lakin hazırda bu model dayanıqlı hesab edilmir. Çünki dünyada baş verən maliyyə böhranları, iqtisadi proseslər mili sığorta modelinə təsirsiz ötüşmür. Yəni, ən etibarlı olanı sosial sığorta modelidir. Ona görə də Azərbaycan da bu modelə üstünlük verdi. Əmək qabiliyyətli əhali icbari tibbi sığorta haqqını ödəyəcək. Sosial layihə olduğu üçün sığorta haqqını ödəməyən vətəndaşlar ilkin səhiyyə xidmətindən, təcili tibbi yardımdan, hər hansı təxirəsalınmaz əməliyyatdan pulsuz istifadə edə biləcək. İmtiyazlı qrupların sığorta haqları isə dövlət tərəfindən ödəniləcək.
- Sığorta haqqı necə toplanacaq?
- Yuxarıda qeyd etdiyim kimi, imtiyazlı qruplar sığorta haqqından azad olacaqlar. Onların sığorta haqlarını dövlət ödəyəcək. İmtiyazlı qruplara 18 yaşına çatmamış uşaqlar, əyani təhsil alan tələblər, işləməyən pensiyaçılar, işləməyən əlillər və aztəminatlı ailələrin üzvləri daxildirlər. Onların ümumi sayı təqribən 4 milyon nəfərə yaxındır. Sığortaya cəlb olunacaq digər qrup isə əmək qabiliyyətli vətəndaşlardır. Onların sığorta haqqını işəgötürən və ya işçi özü ödəyəcək. Hazırda kənd yerlərində kiçik sahibkarlıqla, əkin-biçinlə məşğul olan insanların da VÖEN-ləri var. Ona görə də onlar sığorta haqqlarını özləri ödəyəcəklər. Qeyri-rəsmi şəkildə sahibkarlıqla məşğul olanlar da icbari tibbi sığorta haqqlarını ödəməklə baza zərfindən yararlana biləcəklər.


-VÖEN-i olmayanları necə müəyyən edəcəksiz?
- Əslində bizim rəsmi və ya qeyri-rəsmi sahibkarlıqla məşğul olanları araşdırmaq kimi məqsədimiz yoxdur. Əsas olan odur ki, əmək qabiliyyətli əhali icbari tibbi sığorta haqqını ödəsin.

-Məlumdur ki, artıq icbari tibbi sığortanın baza (əsas təminatlar) zərfi hazırlanıb. Oraya hansı xidmətlər daxildir?
-Baza zərfini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Yəqin ki, yaxın günlərdə təsdiqlənəcək. Zərfə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Zərfə çox bahalı əməliyyatlar da daxil edilib.
Onu da qeyd edim ki, baza zərfini hazırlayarkən əhalinin ən çox əziyyət çəkdiyi xəstəliklərlə bağlı araşdırma aparmışıq. Rastgəlmə tezliyi çox olan xəstəlikləri baza zərfinə daxil etmişik.

-Sığorta haqqının məbləği nə qədərdi?
-Agentlik sığorta haqqının məbləğini müəyyən edərək Nazirlər Kabinetinə təqdim edib. Bizim təklif etdiyimiz illik icbari tibbi sığorta haqqı 100 manatı ötmür.
Vətəndaş sığorta haqqını ödəməklə özünü maliyyə risklərindən sığortalanmış olacaq. Ola bilər ki, bu gün gəncdir, sağlamdır, heç hansısa tibbi müayinəyə belə ehtiyacı yoxdur. Amma sabahı həyatın bizə nə hazırladığından heç birimizin xəbəri yoxdur. Odur ki, sağlamlığımızı sığortalamalıyıq.

-İcbari tibbi sığorta sisteminin işə düşməsi tibbi xidmətlərin qiymətlərinə necə təsir edəcək? Konkret qiymətlər müəyyən olunacaqmı?
-Biz Nazirlər Kabinetinə təqdim etdiyimiz sənədlər paketində tibbi xidmətlərin qiymətlərini də təqdim etmişik. Məsələn, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası üçün təyin etdiyimiz məbləğ hazırda klinikalardakı qiymətlərdən aşağıdır. Müvafiq qurumlarla bununla bağlı müzakirələr aparılacaq. Müzakirələr, əsasən, Səhiyyə Nazirliyi və Tarif Şurası ilə olacaq və onun əsasında da qiymətlər təsdiq ediləcək. Sənəd təsdiq edilən kimi həmin qiymətlər ictimaiyyətə açıqlanacaq.


- “Ailə həkimi” xidməti nədir və necə işləyəcək?
-Dünya praktikasında hər 2 min nəfərə bir Ailə həkimi təhkim olunur. Azərbaycanda da Səhiyyə Nazirliyinin normativlərinə əsasən, bu rəqəm qəbul olunub. Ancaq bəzi ölkələrdə Ailə həkimi daha geniş tibbi xidmətlər göstərir. Belə ki, ilkin səhiyyə xidmətlərinin tətbiq edildiyi ölkələrdə ilkin tibbi yardım və kiçik cərrahi yardımları da Ailə həkimləri məntəqələrdə həyata keçirirlər. Ailə həkimləri pasiyentlərə elektrokardioqramma, ultrasəs müayinəsi (USM) bəzi laborator analizlər və digər bu kimi tibbi xidmətlər də göstərirlər.
Bizim də hədəfimiz odur ki, Ailə həkimləri daha geniş spektrli tibbi xidmətlər göstərsinlər. Məsələn, yüngül zədələnmələrdə, sınıqlarda ailə həkimlərimiz xəstələrə yardım göstərsinlər. Bu barədə SN-lə müzakirələrimiz davam edir. Agentlik hətta kənd tibb məntəqələrində vətəndaşlar üçün daha əlçatan keyfiyyətli tibbi xidmətlər verilməsinin tərəfdarıdır. Yəni, bizim məqsədimiz odur ki, əhali tibbi xidmətləri yaşadığı ərazini tərk etmədən ala bilsin. Həmin məntəqələrdə bir neçə həkim, tibb bacıları ola bilər. Məsələn, bir kənddə 10 min nəfər yaşayırsa, ora 5 ailə həkimi, ona uyğun tibb bacıları, laborator və digər avadanlıqlar da təhciz olunmalıdır.

-Sadaladığınız bütün xidmətləri bir həkim həyata keçirəcəksə, onların təkmilləşməsinə ehtiyac yaranacaq. Ailə həkimlərinin ixtisaslaşması necə həyata keçiriləcək?
-Hazırda əsasən, kənd yerlərində Ailə həkimi xidməti fəaliyyət göstərir. Səhiyyə Nazirliyi ilə bu istiqamətdə müzakirələrimiz yekunlaşmaq üzrədir. Müzakirələr nəticəsində qərara alınmışdır ki, Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə həkimlərinə xüsusi təlim kursları keçirilsin. Həkimlərin bu sahə üzrə tam ixtisaslaşması üçün əlavə təlimlərə ehtiyac olacaq. Kurslar Səhiyyə Nazirliyi tərəfindən təşkil olunacaqdır.

-Bəs hansı xəstəliklər sığorta olunmur?
- Bəlli olduğu kimi, bəzi xəstəliklərin müalicəsi ilə bağlı xüsusi dövlət proqramları var. Məsələn: onkoloji xəstəliklər, vərəm, hemodializ, talasemiya, hemofiliya, şəkər və s. kimi xəstəliklərin müalicəsi dövlət proqramları vasitəsilə həyata keçirirlir. Ona görə də hazırda bu xəstəliklərin sığorta təminatına alınması məqsədəuyğun görünmür. Amma gələcəkdə bu dövlət proqramlarının müddəti başa çatdıqdan sonra həmin xəstəliklərin də sığorta təminatına alınması barədə düşünürük. Bundan başqa, kosmetik və estekik qüsurların aradan qaldırılması, alkoqolizm və narkomaniya ilə bağlı yaranan xətəliklər və onların fəsadlarının müalicəsi də sığorta təminatına daxil olmayacaq. Xüsusi tibbi alətlər - protezlər, eynəklər, optik cihazlar, kosmetik vasitələr, ortopedik geyimlər də sığorta təminatına daxil edilməyib. Orqan transplantasiyası əməliyyatı da həmçinin. Sözsüz ki, gələcəkdə baza zərfində dəyişikliklər ediləcəkdir.

-Bəs bahalı əməliyyatlardan sayılan orqan transplantasiyası niyə sığortalanmır?
- Sığorta təminatı xəstəliklərin müalicə qiymətlərinə görə deyil, rastgəlmə tezliyinə əsasən aparılır. Məsələn, ürək xəstəlikləri Azərbaycanda rastgəlmə tezliyi yüksək olan xəstəliklərdəndir. Ona görə də bununla bağlı bütün əməliyyatları İcbari Tibbi Sığortanın baza zərfinə daxil etmişik. Bu növ əməliyyatlar kifayət qədər bahalıdır.

-Bu gün aktual olan xəstəliklər sırasında hepatitlər də var. Onların müalicəsi sığorta ediləcək?
- Bizim proqnozlaşdırdığımız maliyyə resurslarına əsas hepatit B və C xəstələrinin müalicəsi ilkin mərhələdə sığorta paketinə daxil edilməyəcək. Ancaq sonrakı mərhələlərdə bu, mümkündür. Hepatit daşıyıcıları üçün ən vacibi dərman təminatıdır. Təminata daxil edilməyən xəstəliklər üzrə müayinələrin diaqnoz təyin olunana qədər olan mərhələsi sığorta təminatına daxil ediləcək. Ancaq diaqnoz təsdiqləndikdən sonrakı müayinə - müalicə prosedurları sığorta təminatına alınmayacaq.

-Başqa hansı xəstəliklər baza zərfinə daxil edilə bilər?
-Məlumdur ki, ilkin mərhələdə icbari tibbi sığorta Mingəçevir və Yevlaxda pilot layihə formasında həyata keçiriləcək. Pilot layihə bizə vətəndaşların xəstəlikləri, tibb müəssisələrinə müraciətlərinin səbəbləri barədə ətraflı məlumat əldə etməyə imkan verəcək. Layihə başa çatdıqdan sonra bütün məlumatları təhlil edəcəyik və buna uyğun olaraq baza zərfində dəyişikliklər edilə bilər.

-Yeri gəlmişkən, pilot regionlarda layihə işə düşüb. İlkin olaraq hansı işlər görüləcək?
-Artıq Mingəçevir və Yevlaxda hazırlıq işlərinə başlanılıb. Layihə çərçivəsində əhali qeydiyyata alınacaq, növbəti mərhələdə əhaliyə xidmət göstərəcək tibb müəssisələri ilə müqavilələr bağlanacaq. Əhalinin, həkimlərin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsinə başlanılacaq. Agentliklə əhaliyə xidmət göstərəcək tibb müəssisələri arasında müqavilələr imzalanacaq. Bunun üçün Tibb müəssisələrinin hüquqi statusu tənzimlənməlidir. Çünki Agentlik sığortaolunanların aldığı tibbi xidmətin haqqını həmin müəssislərə ödəməlidir.

-Bəs vətəndaşlar sığorta olunmaq üçün necə qeydiyyatdan keçəcəklər?
- Qeydiyyatdan keçərək icbari tibbi sığorta haqqını ödəyən vətəndaşlara sığortalı olduğu barədə bildiriş təqdim olunacaq. Ailə həkimi xidməti yeni olduğundan bu barədə əhaliyə daha ətraflı məlumat veriləcək. Həkimə müraciət edilməsi qaydaları Sığortaolunanlara izah olunacaq, bununla bağlı məlumat vərəqələri, bukletlər hazırlanıb. Mingəçevirdə regional mərkəzimiz olacaq. Qeydiyyat üçün həmin mərkəzə müracət etmək olar. Eyni zamanda xəstəxanalarda Agentliyin koordinator xidməti yaradılacaq. Pilot ərazilərdə yaşayanlar oraya müraciət edə biləcəklər.
Qeydiyyatdan keçən vətəndaşlar haqqında məlumat Agentliyin elektron sistemində toplanacaq. İlkin mərhələdə qeydiyyat mərkəzi ofislər vasitəsilə həyata keçiriləcək. Bir müddətdən sonra isə vətəndaşlar onlayn qeydiyyatdan keçə biləcəklər.
3 ay müddətinə pilot ərazilərdə bu işlər başa çatdırılacaq. 2017-ci il yanvarın 1-dən isə pilot ərazilərdə yaşayan vətəndaşlar icbari tibbi sığortanın baza zərfi əsasında tibbi xidmətlər alacaqlar.

-Sığortaolunan vətəndaşlar həkimə hansı qaydada müraciət edib öz hüquqlarından istifadə edəcəklər?
-Ambulator xidmətlərə müraciətlər Ailə həkimi üzərindən olacaq. Ailə həkimi müalicə edə bilmədiyi xəstələri göndərişlə digər həkimlərə yönəldəcək. İlkin mərhələdə Mingəçevir və Yevlaxda qeydiyyatda olan sakinlər baza zərfi əsasında ancaq həmin rayonlardakı tibbi müəssisələrindən istifadə edə biləcəklər. 2018-ci ilin sonlarına yaxın ölkənin böyük ərazisini əhatə etməyi düşünürük.

-Elektron məlumat bazası daha hansı məqsədlər üçün istifadə ediləcək?
-Agentliklə yanaşı tibb müəssisələrində də xüsusi proqram təminatı yaradılacaq. Sığortalı vətəndaş xəstəxanaya müraciət edəndə dərhal qeydiyyata alınacaq. Sui-istifadə hallarının qarşını almaq üçün proqram təminatına xüsusi filtrlər qoyulub. Məlumat bazasının olması bizim üçün vacibdir. Həmin baza əsasında ayın sonunda tibb müəssisələrinə ödənişlərimizi həyata keçirəcəyik. Hesablaşmalar, hər ayın sonunda ekspertizalar bu proqram təminatı vasitəsilə həyata keçiriləcək.

-Belə nəticəyə gəlmək olar ki, icbari tibbi sığorta ilə yanaşı elektron tibb kartları da işə düşəcək.
- Hazırda Azərbaycanda bir sıra əhali qruplarına elektron tibb kartı verilib. Həmin kartların yeni sistemdə aktiv olması üçün təkmilləşdirilməsinə ehtiyac var. Çünki onun tərkibində olan “çip”lərə əlavə məlumatları daxil etmək lazımdır ki, həmin məlumatlardan rahat istifadə edə bilək. Onu da deyim ki, kartlardakı informasiyalar məxfi olacaq. Hər həkim ancaq özünə aid olan məlumatı görə biləcək. Bu da pasiyentlərin istəyndən asılı olaraq xəstəlikləri haqqında məlumatın məxfi saxlanmasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272