SIĞORTA

“Azərsığorta” ilə sığortaçı arasında pul mübahisəsi – ŞİKAYƏT
30 SENTYABR
619

“Azərsığorta” ilə sığortaçı arasında pul mübahisəsi – ŞİKAYƏT

2016-09-30 16:17:00

Bakıda maraqlı sığorta mübahisəsi yaranıb. Fins.az-ın məlumatına görə, sığorta şirkəti ilə avtomobili qəzaya uğrayan sığorta işçisi sığorta ödənişinin məbləği ilə bağlı razılığa gələ bilmirlər. Söhbət “Azərsığorta” şirkəti ilə avtomobili qəzaya uğrayan sığorta ekspertindən gedir.

Qismət Əsədov: “Azərsığorta” bir aydır ki, ödənişi gecikdirir”

Sığorta qəza eksperti Qismət Əsədov sığorta ödənişi ilə bağlı “Azərsığorta” şirkətindən narazıdır. Ekspert şikayəti ilə bağlı fins.az-müraciət ünvanlayıb. Onun sözlərinə görə, avqust ayının 23-də Bakının Nizami rayonunda avtomobil qəzası baş verib. Qismət Əsədovun da adına etibarnamə verilən Rafiq Məmmədova məxsus 10 ZN 937 nömrəli “Nissan Tiida” avtomobili qəzaya düşüb.  “İsizu” markalı yük maşını idarəetməni itirərək, tıxacda dayanan “Nissan Tiida”nı arxadan vurub. Avtomobilin sol arxa hissəsi, o cümlədən  bamper, fara, çarx diski və ban hissəsi yararsız hala düşüb. Avtomobilə dəyən ziyan “Nissan Servis”də hesablanıb və məlum olub təmir xərci 2900 manatdır. Qəza törədən “İsizu”  icbari sığortası üzrə “Azərsığorta” şirkətində sığortalı olub. Ona görə də,  Qismət Əsədov dəymiş ziyanın ödənilməsi üçün avqust ayının 25-də lazımı sənədləri sığorta şirkətinə təqdim edib. Şikayətçi deyir ki, dəymiş ziyan qanuna əsasən 7 iş günü ərzində ödənilməli olsa da, sığorta şirkəti 1 aydan artıq müddətdə onları get-gələ salıb.

“2900 manatlıq ziyanın əvəzinə “Azərsığorta” cəmi 925 manat təklif edir”

Q.Əsədov sonuncu dəfə sentyabr ayının 29-da avtomobil qəzasını qeydə alan “Azərsığorta”nın qəza eksperti Əhməd Əhmədovla əlaqə saxlayıb. Ə.Əhmədov əvvəlcə avtomobilə görə ödəniləcək məbləği  açıqlamaq istəməsə  də sonda 925 manat ödəniş ediləcəyi bildirilib. Bu məbləğ isə avtomobilin təmiri üçün yetərli deyil. Şikayətçi deyir ki, “Azərsığorta” ödənişi xeyli gecikdirməklə yanaşı, məbləği də qəsdən kiçildir. Beləki, avtomobilin bəzi detalları var ki, onların təmiri mümkün olmadığı üçün yalnız dəyişdirilməlidir. Amma sığorta şirkəti bunu nəzərə almır. Q.Əsədov bildirib ki, bir neçə gün ərzində avtomobilə dəyən ziyan tam ödənilməsə, artıq “Azərsığorta”nı məhkəməyə verəcək.

Qəzanı qeydə alan ekspert: “Qanuna əsasən yeni detalların deyil, təmirin pulunu ödəyirik”

“Azərsığorta” şirkətindən sığorta mübahisəsi ilə bağlı məsələyə münasibət bildirib. Şirkətin qəza eksperti Əhməd Əhmədov fins.az-a deyib ki, avtomobilə dəyən ziyan rəsmi olaraq 925 manat müəyyən edilib: “Avtomobilə dəyən ziyan icbari sığorta üzrə ödənilir. Kasko sığortadan fərqli olaraq qanunda icbari sığortaya əsasən avtomobilin əvvəlki vəziyyətə qaytarılması nəzərdə tutulur. Yəni, avtomobilin detalları təmir edilə bilərsə, o yenilənmir. Ona görə də, müştərinin çıxartdığı zərər aktı ilə şirkətin hesabladığı ödəniş məbləği arasında fərq yaranıb”.

“Azərsığorta”: Rəsmi müraciət etsin, şikayətinə baxaq

Şirkətin nəqliyyat departamentindən isə fins.az-a bildirilib ki, məsələ ilə bağlı “Azərsığorta”ya rəsmi qaydada hər hansı şikayət daxil olmayıb: “Müştəri avtomobilə hesablanan ödənişlə razı deyilsə, bununla bağlı qəzanın qeydə alındığı  Sabirabad filialına və ya baş ofisə ərizə ilə müraciət edə bilər. Bundan sonra şikayət araşdırılacaq və rəhbərliyin qərarına əsasən, ödəniş yenidən müəyyən ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272