SIĞORTA

Avtomobil sığortasında nə dəyişib? - STATİSTİKA
21 SENTYABR
642

Avtomobil sığortasında nə dəyişib? - STATİSTİKA

2016-09-21 15:05:00

Bu ilin yanvar-avqust aylarının nəticələrinə əsasən Azərbaycan avtomobil sığortası bazarı  az da olsa böyüyə bilib. Fins.az-ın son statistikaya əsasən apardığı təhlil göstərir ki, ölkədə avtomobil sığortası bazarı cəmisi 0,3% artıb. 

Sığorta haqqı – 74,215 milyon manat

Belə ki, sığorta şirkətləri yanvar-avqust aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə 74,215 milyon manat sığorta haqqı toplaya biliblər. Ötən ilin eyni dövründə bu rəqəm 73,987 milyon manat olub. Avtomobil sığortasında yığımlardan fərqli olaraq, ödənişlər azalıb – 7,2 %. Yanvar-avqust aylarının nəticələrinə əsasən, sığorta şirkətləri 35,058 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən il isə bu rəqəm 37,785milyon manat olmuşdu. 

Kaskoda azalma davam edir – 5,318 milyon manat fərq

Statistika göstərir ki, yanvar-avqust aylarında kasko sığorta üzrə yığımlar azalmaqda davam edib. Belə ki, ötən ilin 8 ayında sığorta şirkətləri 20,485 milyon manat sığorta haqqı toplamışdı. Bu il isə şirkətlər könüllü avtomobil sığortasından cəmi  15,166 milyon manat sığorta haqqı toplaya biliblər. Bu isə 25,9 % və ya 5,318 milyon manat azalma deməkdir. Kasko üzrə ödənişlər isə 16,322 milyon manatdan 9,739 milyon manata düşüb – yəni 40,3% azalma.

İcbari avtomobil sığortası cərimələrə görə böyüyüb

Kasko sığortasındakı azalmanı avtomobillərin icbari sığortası kompensasiya edib. Statistikaya əsasən 2016-cı ilin yanvar-avqust aylarında  icbari  avtombil sığortası üzrə yığımların həcmi 57,990 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,315 milyon manat və ya 10,09% çoxdur. Avtomobillərin icbari sığortası üzrə ödənişlər 18,2% artaraq 25,223 milyon manat olub.

Avtomobil ekspertləri bildirirlər ki, iqtisadi durğunluq, avtomobil kreditlərinin dayandırılması avtomobillərin könüllü sığortasına mənfi təsir etsə də, avtomobillərin icbari sığortası ilə bağlı təsir mexanizminin gücləndirilməsi artıma səbəb olub. Belə ki, mart ayının 1-dən etibarən icbari sığortası olmayan avtomobil aşkarlanarsa, sürücülər 50 manat cərimə ödəməli olur. Bu da avtomobillərini icbari qaydada sığortalayanların artmasına təsir edib. 

Avtomobillərin könüllü məsuliyyət sığortasında 24,3% artım

Avtomobillərin icbari sığortası ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da artıb. Sığorta şirkətləri bu növ üzrə  ötən ilin 8 ayında 827,276 min manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 27,9% artımla 1, 058 milyon manat  təşkil edib. Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər əksinə, 24,3% azalaraq 94,868 min manat olub.

Avtomobil sığortasında  zərərlilik aşağı düşüb

Avtomobil sığortası bazarında zərərlilik aşağı düşüb. Belə ki, şirkətlər  avtomobil sığortasından topladıqları hər 100 manatdan 47,2 manatını ödəniş olaraq müştərilərə geri qaytarıblar. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 51 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272