SIĞORTA

 “Sığorta şirkəti evimə dəyən ziyanı ödəmir” - ŞİKAYƏT 
06 SENTYABR
448

 “Sığorta şirkəti evimə dəyən ziyanı ödəmir” - ŞİKAYƏT 

2016-09-06 15:12:00

Bakıda sığorta şirkəti ilə müştərisi arasında sığorta mübahisəsi yaranıb. Fins.az-ın məlumatına görə, Şirvan sakini Mirsəfa Həmidov sığorta ödənişi ala bilmədiyini iddia edərək “AXA MBASK” sığorta şirkətindən narazıdır. 

“Bütün sənədləri toplamışam, sığorta şirkəti evimə dəyən ziyanı ödəmir” 

Şikayətçi mətbuata verdiyi açıqlamada Şirvan şəhəri, Füzuli küçəsi döngə 4, ev 54 A ünvanında yerləşən evinə 2014-cü il  noyabrın 11-də yağan şiddətli leysan nəticəsində ciddi ziyan dəydiyini bildirib. M.Həmidovun sözlərinə görə, Şirvan şəhər icra hakimiyyətinin başçının 1-ci müavini, şəhər fövqəladə hallar komissiyasının sədri Samid Abıyev komissiya üzvləri ilə onun yaşadığı evə baxış keçirib və evin leysan yağışdan qəzalı vəziyyətə düşməsi barədə rəsmi arayış verilib. Lakin sığorta şirkətindən bildiriblər ki, icra hakimiyyətindən alınan arayış saxtadır.Bundan əlavə, M.Həmidov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Departamentinə müraciət edərək qurumdan həmin gün şiddətli leysan yağış yağmasını təsdiq edən arayışı da alıb sığorta şirkətinə təqdim edib. Bu dəfə də “AXA MBASK” sığorta şirkətindən sığorta ödənişi verməkdən imtina ediblər. 

“Məhkəmə də  “AXA MBASK”dan ödənişin verilməsini tələb edir” 

M.Həmidov yaranan sığorta mübahisəsi ilə bağlı dəyən ziyanın ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib:“İddiam əsasında şikayətimə baxıldı. Məhkəmə aidiyyəti qurumlardan baş verən təbii fəlakət barəsində sorğular verib cavablar aldı. Bundan sonra 22 iyul 2016-cı il tarixdə qərar qəbul etdi ki,”AXA MBASK" mənə dəymiş ziyanı ödəməlidir. Amma sığorta şirkəti yenə də deyir ki, məhkəmə nə qərar verirsə versin pulunuzu ödəməyəcəyik. Sizdən xahiş edirəm bu məsələni araşdırın. Sığorta şirkəti 2 ildir 5 nəfərdən ibarət ailəmi qışın soyuğunda, qarlı-yağışlı günlərdə qəzalı evdə yaşamağa məcbur edir. Bu sığorta şirkəti qəti şəkildə ölkə qanunlarını saymır". 

“AXA MBASK”: “Məhkəmə prosesinin yekunlaşmasını gözləyirik” 

 “AXA MBASK” sığorta şirkəti yaranan mübahisə ilə bağlı fins.az-a münasibət bildirib. Şirkətdən bildirilib ki, sığorta mübahisəsi ilə bağlı məhkəmə prosesi davam edir:“Bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Apellasiya məhkəməsinin qərarından sonra məsələ ilə bağlı daha geniş açıqlama veriləcək”. 

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272