SIĞORTA

Avtomobil sığortasında 40% azalma var - STATİSTİKA
05 SENTYABR
359

Avtomobil sığortasında 40% azalma var - STATİSTİKA

2016-09-05 11:05:00

Azərbaycan avtomobil sığortası bazarında böhranın ilkin təsirləri artıq hiss edilməkdədir. Fins.az-ın məlumatına görə, bu ilin 7 ayının göstəricilərinə görə ölkədə avtomobil sığortası bazarı 0,4% kiçilib.

Belə ki, sığorta şirkətləri yanvar-iyul aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə 64, 412 milyon manat sığorta haqqı toplaya biliblər. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 64,680 milyon manat olub.  Avtomobillər sığortasında yığımlarla yanaşı, ödənişlər də azalıb və bu rada azalma daha çoxdur - 10,6 %. Yanvar-iyul aylarının nəticələrinə əsasən sığorta şirkətləri 29,930 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən il isə bu rəqəm 33,387 milyon manat olmuşdu. 

Kaskoda azalma başladı – 5,470 milyon manat fərq

Statistika göstərir ki, ilk 7 ayd kasko sığorta üzrə yığımlar kəskin azalıb. Belə ki, ötən ilin 7 ayında sığorta şirkətləri 18,415 milyon manat sığorta haqqı toplamışdı. Bu il isə şirkətlər könüllü avtomobil sığortasından cəmi  12,945 milyon manat sığorta haqqı toplaya biliblər. Bu isə 29,7% azalma deməkdir. Kasko üzrə ödənişlər isə 14, 585 milyon manatdan 8,610 milyon manata düşüb – yəni 40,97% azalma.

İcbari avtomobil sığortası cərimələrə görə böyüyüb

Kasko sığortasındakı azalmanı avtomobillərin icbari sığortası kompensasiya edib. Statistikaya əsasən 2016-cı ilin yanvar-iyul aylarında  icbari  avtombil sığortası üzrə yığımların həcmi 50,433 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,943 milyon manat və ya 10,87% çoxdur. Avtomobillərin icbari sığortası üzrə ödənişlər 13,15% artaraq 21,134 milyon manat olub.

Avtomobil ekspertləri bildirirlər ki, iqtisadi durğunluq, avtomobil kretidlərinin dayandırılması avtomobillərin könüllü sığortasına mənfi təsir etsə də, avtomobillərin icbari sığortası ilə bağlı təsir mexanizmini gücləndirilməsi artıma səbəb olub. Belə ki, mart ayının 1-dən etibarən icbari sığorta olmayan avtomobil aşkarlanarsa, sürücülər 50 manat cərimə ödəməli olur. Bu da avtomobillərini icbari qaydada sığortalayanların artmasına təsir edib. 

Avtomobillərin könüllü məsuliyyət sığortasında 33,3% artım

Avtomobillərin icbari sığortası ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da artıb. Sığorta şirkətləri bu növ üzrə  ötən ilin 7 ayında 775 min manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 33,3% artımla 1, 033 milyon manat  təşkil edib.Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər əksinə olaraq 30,5 % azalaraq 86,206 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274