SIĞORTA

Daha bir sığorta şirkəti bağlandı
26 AVQUST
1254

Daha bir sığorta şirkəti bağlandı

2016-08-26 14:48:00

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarına əsasən “Alfa Sığorta” ASC-nin sığorta  fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib. 

Fins.az xəbər verir ki, lisenziyanın ləğv olunmasına səbəb, son dövrlər “Alfa Sığorta” ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olunub.

Eləcə də bax: Bugün iki şirkətin lisenziyası ləğv oluna bilər

Artıq bir müddətdir ki, “Alfa Sığorta”-dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilirdi. Buna səbəb sığortaçının təsisçisi olan “Texnikabank”ın müflisləşməsi və bununla əlaqədar olaraq “Alfa Sığorta” ASC-nin maliyyə durumunun kritik vəziyyətə düşməsidir. Həmçinin, sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudent fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi “Alfa Sığorta”-nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnib. 

Sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprel ayından onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılıb və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb. 

Palata, aprel ayının sonundan “Texnikabank”ın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə “Alfa Sığorta” ASC-nin sığorta portfelinin satışı vasitəsi ilə sağlamlaşdırılmasına cəhd etsə də, sığortaçının yetərli likvid aktivlərlə təmin olunmuş ehtiyatlarının mövcud olmaması səbəbindən bu mümkün olmadı. Sığortaçıya əlavə kapital inyeksiyası olmadan onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının mümkün olmadığını və müflis təsisçisininsə belə imkanlarının olmamasını nəzərə alaraq MBNP “Alfa Sığorta” ASC-nin lisenziyasını ləğv etmişdir.

Direktorlar Şurasının qərarı ilə “Alfa Sığorta” ASC-nə təyin olunan müvəqqəti inzibatçı 26 avqust 2016-cı il tarixdən vəzifələrinin icrasına başlayıb. 

“Alfa Sığorta” ASC-nin bütün öhdəlikləri üzrə sorğular Xətai r-nu, Babək pr-ti, "Babək Plaza", Blok C ünvanında yerləşən müvəqqəti inzibatçıya göndərilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274