SIĞORTA

“Bütün sığorta şirkətləri endirimi davam etdirir”– AGENTDƏN AÇIQLAMA
16 AVQUST
1072

“Bütün sığorta şirkətləri endirimi davam etdirir”– AGENTDƏN AÇIQLAMA

2016-08-16 12:53:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının icbari sığorta ilə bağlı endirim və güzəştləri ləğv etməsindən sonra  qanuni fəaliyyət göstərən sığorta agentlərinin işi  çətinləşib. Söhbət endirimlərin qadağan edildiyi icbari sığorta bazarında endirimlərin hələ də davam etməsindən gedir. Sığorta agenti Bibiqulu Ramazan fins.az-a bildirib ki, endirimlərin qadağan edildiyini ilk həftədə bütün agentlər və şirkətlərin satış nümayəndəlikləri  eyni qaydada satışları dayandırdılar.Daha sonra  endirimləri davam etdirməyə başladılar. İyul ayının 12-dən sonra  endirimlərlə bağlı reydlərin başlaması xəbəri endirimli satışı bir qədər səngitdi. Amma avqust ayının 1-dən etibarən icbari sığorta satışı ilə məşğul olan bütün sığorta şirkətləri endirimli icbari sığorta satışını bərpa ediblər.

İcbari sığortada endirim 32 % olmasa da,  15 % hələ də var

Sığorta agentinin sözlərinə görə, hazırda əvvəlki qayda ilə  endirimlərin məbləği 30-32 %-a çatmasa da,  10-15% civarında hələ də endirimli icbari sığorta təklif edilir. Hətta bəzi sığorta şirkətləri satış mütəxəssislərinə 20 % endirimlə sığorta satdırırlar: “Satış mütəxəssisləri şirkətdən əmək haqqı alırlar, əlavə xərcləri olmadığından belə endirimli satışı həyata keçirə bilirlər”.

“Bank işçisi endirimli sığorta satır”

B.Ramazan bildirib ki, endirimli icbari sığorta satışı lisenziyası olmadan və əlavə iş kimi yol kənarlarında yeməkxana, yanacaq doldurma məntəqəsi, servis kimi yerlərdə hələ də davam edir. Sığorta zəngləri edən xanımlar da  müştərilərinə endirim təklifi edirlər.Bəzi sığorta şirkətləri icbari sığortanı hətta  topdan satış mağazalarda həyata keçirirlər. Halbuki icbari sığortanın satışı bu şəkildə həyata keçirə bilməzlər.Vəziyyət o həddə çatıb ki, hətta bank işçisi  endirimli sığorta təklif edir.   

Endirim edənlər rəsmi agentlərin satışına ziyan vurur

B.Ramazanın sözlərinə görə, endirimlər qadağan edilsə də, hələlik bununla bağlı ciddi sanksiyaların olmaması  qanuni fəaliyyət göstərən sığorta agentlərinin işinə çətinlik törədir: “İcbari sığorta üçün müraciət edən müştəri endirim istəyir.Bildirir ki, qadağandır. O isə qonşuluqda fəaliyyət göstərən  agentdən 15 % endirimlə sığortanı əldə edir. Nəticədə biz müştərilərimizi itiririk”. Sığorta agenti bildirir ki, buna görə icbari sığorta satışları  42 % azalıb. Məsələn, ötən ilin iyul ayında icbari sığorta protfeli 12 min manat olubsa,  bu il bu rəqəm 7 min manata kimi azalıb. Avqust ayının birinci yarısında 5300 manat sığorta haqqı toplayıbsa,  bu il cəmi 3700 manatlıq icbari sığorta sata bilib. 

“Palatanın gördüyü işlər endirimlərin tam ləğvinə kifayət etmir”

B.Ramazanın sözlərinə görə, məsələ ilə bağlı MBNP bazar üzrə tədbirlər görməyə başlasa da, bu yetərli deyil. O icbari sığorta bazarında qanunsuz endirimlərlə bağlı Palataya müraciət edib.Palatadan  belə neqativ halların aradan qaldırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib. Amma hələlik icbari sığorta bazarında görülən işlərin ciddi təsiri hiss edilmi: “Agentlərin bir qismi və şirkətlər yalnız endirimləri nisbətən azaltmaqla kifayətləniblər”.

“Sığorta şirkətləri müştəriləri itirməkdən qorxur”

Sığorta ekspertləri hesab edirlər ki, mövcud problem sığorta şirkətlərinin müştərilərini itirmək qorxusu ilə bağlıdır.Ekspert Xəyal Məmmədxanlı  fins.az-a bildirib ki, əvvəl sığortanı  endirimlə 60-70 manata alan müştəri indiki vəziyyətdə daha çox endirim əldə etmək istəyir. Belə olan halda şirkətlər müştərini itirməmək üçün endirimi davam etdirməyə məcbur olurlar. Ekspert əlavə edib ki, mövcud limit daxilində agentə endirim etmək üçün şərait yaradılmalıdır. Sığorta agenti ona çatacaq 15 % komisyon haqqdan bir hissəsini müştəriyə endirim edə bilməlidir.Yəni, sığorta agenti əlavə dəyər yarada bilməlidir ki, satış həyata keçirsin:”Əgər sığorta haqqı bir qayda olaraq eynidirsə, onu əldə etmək üçün agentə müraciət etməyin mənası olmur. Müştəri icbari sığortanı elektron qayda da sifariş edə bilər”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274