SIĞORTA

Sığortadan necə pul qopartmaq olar?
09 AVQUST
288

Sığortadan necə pul qopartmaq olar?

2016-08-09 14:31:00
Dövlət Statistika Komitəsinin məlumatına  görə, ötən il  ölkədə 2 098 yanğın qeydə alınıb. 2014-cü ildə isə bu rəqəm 2436 olub. Yəni, keçən il yanğınların sayı 14 faiz azalıb. Fins.az "Bizimyol"-a istinadən xəbər verir ki, yanğının baş vermə səbəbi kimi ilk öncə elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması göstərilir. Keçən il baş verən yanğınların 40 faizi (820 yanğın) məhz bu səbəbdən baş verib. Odla ehtiyyatsız davranma nəticəsində baş verən yanğınların sayı isə 341 olub. Qəsdən törədilən ynağınlara gəldikdə isə, 2014-cü ildə bu rəqəm 210 olmuşdusa, 215-ci ildə 232 yanğının qəsdən törədildiyi qeyd olunub. Statistik göstəricilərə nəzər saldıqda qəsdən törədilən yanğınların ili-ildən artdığı müşahidə olunur. 2012-ci ildə 136 yanğın, 2013-cü ildə 158 yanğın, 2014-cü ildə 210 yanğın qəsdən törədilib.
 
2015-ci ildə yaşayış evi və həyətyanı tikililərdə 1466  hadisə baş  verib.  Bu, 2014-cü illə müqayisədə  16 faiz çoxdur. Ən çox yanğın baş verən obyeklərin siyahısında uşaq müəssisələri, mədəni əyləncə, müalicə profilaktika və inzibati-ictimai müəssisələr ikincidir. Fins.az-ın məlumatına görə, 2015-ci ildə  həmin müəssisələrdə 135 yanğın hadisəsi  qeydə  alınıb. 36 hadisə isə istehsaı təyinatlı binalarda baş verib. Baza və ticarət binalarında baş verən yanğınlar da  azalıb. 2014-cü ildə 63 hadisə, 2015-ci ildə isə  36 yanğın qeydə alınıb.   
 
Yanğınların azalmasına baxmayaraq, bu zamanı dəyər zərər və  hadisə nəticəsində həlak olan vətəndaşların sayı  ötən il daha çox olub. 2015-ci ildə yanğınların vurduğu zərər 15. 870 min manat olub. 2014-cü ildə isə yanğınlar zamanı 13.418 min manat ziyan dəyib. 2014-cü ildə yanğın səbəbilə dünyasını dəyişənlərin sayı  59 nəfər,   2015-ci ildə isə 64 nəfər olub. Yanğınlar nəticəsində ötən il 476 obyekt məhv edilib. 2014-cü ildə isə həmin obyektlərin sayı 428 olub. 
 
Yanğın nəticəsində yarasız hala düşən maşınların da sayı az deyil. Yanvar ayından bu günə qədər olan statistikaya baxdıqda, Bakıda və ətraf rayonlarda ay ərzində onlarla maşının yanması ilə bağlı xəbərləri görə bilərik. Bəs yanğınların bu qədər artmasının səbəbi nədir? 
 
Məlumdur ki, bəzən vətəndaşlar öz əmlaklarını sığortaladıqdan sonra ona bilərəkdən zərər vuraraq sığorta şirkətindən pul almağa cəhd göstərirlər. Bəs sığorta şirkətləri bunu necə müəyyənləşdirir?
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Bizimyol.info-ya açıqlamasında bildirdi ki, sığortada belə halların baş verməsinə sığorta dələduzluğu deyilir: “Təəssüf ki, hər ötən il belə hallar artmaqdadır. Bu da ondan irəli gəlir ki, insanlar sığortanı daha yaxşı anlayırlar. Başa düşürlər ki, sığortadan necə “yararlanmaq” olar. Əslində proqnoz da belə idi ki, İllər keçdikcə sığorta dələduzluğu faktları artacaq. Ona görə də bu bütün dünyanın bəlasıdır. Dünyanın məşhur sığorta şirkətlərinin açıqlaması var ki, sığorta dələduzluğu milyardı ötüb. Söhbət sığorta dələduzluğu nəticəsində şirkətlərə vurulmuş ziyandan gedir. Düzdür, əmlak sahəsində əvvəllər sığorta dələduzluğu məsələsi yox idi. Daha çox avtomobil sığortası sahəsində belə hallar olurdu.
 
Ümumiyyətlə, sığorta dələduzluğu törədilməsinin bir neçə üsulu var. Elə hallar var ki, onu şirkətin öz əməkdaşının iştirakı olmadan törətmək qeyri-mümkündür. Misal üçün, sığorta müqaviləsinin sığorta hadisəsi baş verəndən sonra bağlanması halı. Hadisə baş verir və  məlum olur ki, maşının sığortası yoxdur. Sığorta şirkətinin nümayəndəsi ilə müəyyən bir sövdələşməyə gedirlər və əvvəlki tarixə müqavilə bağlayırlar. Guya, maşın hadisədən öncə sığortalanıb”.
 
X.Məmmədxanlının sözlərinə görə, bir çox hallarda sığorta dələduzluğunun qəsdən törədilməsi hal yaşanır: “Məsələn, köhnə bir avtomobil olur. Ancaq onu yeni bir maşın kimi təqdim edirlər. Ya da yarasız bir avtomobili yüksək qiymətə sığortalayırlar. Sonra onun yandırılması, qəza törətməsi, qaçırılması hal baş verir. Belə hallarda isə həmin dələduzlar yol polisi ilə əlbir olurlar. Növbəti dələduzluq isə yol-nəqliyyat hadisəsinin quraşdırılmasıdır. Əslində heç hadisə baş vermir, ancaq onu baş vermiş kimi göstərərək, qəzaya görə ödəniş almaq istəyirlər. Əmlak bazarında sığorta dələduzluğu çox nadir idi. Son illər artım var. O da bilirsiniz nədən qaynaqlanır? Bir çox insanlar var ki, onlar həqiqətən evini təmir eləyə bilmirlər, qonşu ona ziyan vurur. Onra deyirlər neynəyək? Kimsə ona ağıl verir ki, sənin sığortan var. Ondan “faydalan”. Bunun da mübarizə yolları, ortaya çıxarılması qaydası var. Bizdə bu ekspertlər çox nadir halda olsa da, xaricdə elə ekspertlər var ki, onlar yanan evdən kibrit çöpünü tapacaq qədər peşəkar olurlar”.  
 
Ekspert deyir ki, bəzən çox mürəkkəb hadisələr də qeydə alınır: “ABŞ-da belə bir hadisə olmuşdur ki, bir gölün altından 7 milyon dollar dəyərində minik avtomobilləri tapılmışdı. Maşınların hamısını oğurlayıb göldə batırıblar, sonra da gedib sığorta şirkətindən pul alıblar. Rusiyada kimsəsiz şəxsi qəyyumluğa götürən şəxs, onun həyatını sığortalayıb, sonra öldürüb bir neçə sığorta şirkətindən pul almışdılar. Ona görə də dünyada belə hallar çoxdur. Çox təəssüf ki, ölkədə əhalinin sosial vəziyyətinin ağırlaşması fonunda oğurluq və dələduzluq hallarının bütün sahələrdə artması qaçılmazdır”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272