SIĞORTA

Saxtakar agentlərin adlarını Palataya açıqlayacağıq – “PAŞA SIĞORTA”
08 AVQUST
1501

Saxtakar agentlərin adlarını Palataya açıqlayacağıq – “PAŞA SIĞORTA”

2016-08-08 16:09:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) icbari sığorta ilə bağlı endirimləri qadağan etsə də bəzi sığorta şirkətləri qanunsuz satışlara şərait yaradır. Bunu fins.az-a açıqlamasında “PAŞA Sığorta” şirkətinin idarə heyətinin sədr əvəzedicisi Əli Bayramov bildirib. Onun sözlərinə görə, hazırda yalnız sığorta şirkətlərinin 60 %-i qanunsuz icbari sığorta endirimlərini dayandırıb. Sığorta şirkətlərinin bir hissəsi, o cümlədən bəzi iri şirkətlər agentlərin endirimli sığorta satışlarına şərait yaradırlar.

“Qanunsuz endirim edənlərin axtarışı başlandı”

“PAŞA Sığorta” belə neqativ halların aradan qaldırılması istiqamətində işlərə başlayıb. Ə.Bayramov bildirib ki,  qadağalar qüvvəyə minən vaxtdan etibarən Palata ilə əməkdaşlıq edilir. Belə ki, şirkətdə qanunsuz icbari sığorta satışlarını təhlil etmək məqsədilə qrup yaradılıb. Qrup həm daxildə, həm də sığorta bazarında endirimli  sığorta satışlarını araşdırır. Qanunsuz endirimləri davam etdirən agentlər və onların satışlarını həyata keçirən subagentlər haqqında Palataya məlumat verilir.

“Əməkdaşlıq etdiyimiz 10 agent endirimə görə başqa şirkətlərə üz tutub”

Ə.Bayramov bildirib ki, şirkət daxilində qanunsuz icbari sığorta satışları ilə bağlı hallar aşkarlanmayıb. Amma 10-a yaxın agent  bununla bağlı “PAŞA Sığorta” ilə əməkdaşlığı dayandırıb: “Biz qadağalara əsasən endirimli satışları dayandırmışıq. Bu isə sığorta agentini qane etmir. Endirimləri davam etdirən sığorta şirkəti ilə əməkdaşlığa üstünlük verirlər. Bu isə öz növbəsində sığorta bazarında sağlam qərabətin formalaşmasına maneə yaradır”.

“PAŞA Sığorta”nın iştirak payı 2 % azalıb

 Şirkət rəhbəri bildirib ki, ilkin mərhələdə endirimlərin ləğv edilməsi icbari sığorta satışları ilə bağlı  nisbətən azalmalara səbəb olub. Məsələn, “PAŞA Sığorta” icbari sığorta bazarında payının 2%-ni itirib. Belə ki, sığortası bitən avtomobil sahibləri vəziyyətin dəyişəcəyini güman edib hələlik avtomobillərini  sığortalamırlar.  Digər tərəfdən,  bəzi şirkətlər qanunsuz endirimləri davam etdirir. Bu da satışlara pis təsir edir. Ə.Bayramov  hesab edir ki, bu vəziyyəti cəmi bir neçə ay davam edə bilər. Çünki bütün bazar üzrə qanunsuz endirimlər dayandırıldıqdan sonra satışlar yenidən artmağa başlayacaq.

Bazarda yeni sloqan: “Agentini göstər, deyim necə şirkətsən!”

Yeni qaydalar sığorta bazarında vəziyyəti də dəyişəcək. Yəni,  artıq icbari sığorta eyni qiymətə satıldığı halda, müştəri müqayisəni kefiyyət üzərində aparacaq. Nəticədə sığorta bazarında sağlam rəqabət formalaşacaq. Bu zaman əvvəlcədən agent şəbəkəsi geniş olan şirkətlər icbari sığorta ilə bağlı daha böyük bazar payı əldə edəcəklər. Əksinə, agent şəbəkəsi məhdud olan sığorta şirkətlərinin satışları isə azalacaq.  

 “Sığortanı satan da, alan da razı qalacaq”

 Ə.Bayramov hesab edir ki, endirimlərin ləğvi həm də sığorta agentlərinin gəlirlərini artıracaq. Əvvəl əgər özünə düşən komisyon haqqdan müştəriyə endirim etməli olurdusa, indi bu komisyon haqq özünə qalacaq. Əvvəl daha çox müştəridən qazandığı gəliri  indi daha az müştəri ilə işləməklə əldə edəcək.

Bundan əlavə, müştərilər əvvəl qanunsuz endirimlə sığortanı ucuz alırdılar. Ona görə də kefiyyətli sığorta xidmətindən məhrum idilər. Ödənişlə bağlı tez-tez sığorta mübahisələri yaranırdı. Daha çox gəlir əldə edən sığorta şirkəti artıq rəqabətə görə və müştərini itirməmək üçün keyfiyyətli xidmət göstərməyə üstünlük verəcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275