SIĞORTA

Sığorta bazarında vəziyyət dəyişir - BROKERLƏRƏ TƏLƏBAT ARTACAQ
27 İYUL
905

Sığorta bazarında vəziyyət dəyişir - BROKERLƏRƏ TƏLƏBAT ARTACAQ

2016-07-27 14:01:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta satışları zamanı endirim və güzəştlərinin ləğvi ilə bağlı qərarı sığorta bazarında yeni vəziyyət formalaşdırır. Fins.az-ın məlumatına görə, bu addım sığorta satışlarında sağlam rəqabət yaratmaqla yanaşı, sığorta brokerlərinə tələbatı artıracaq.

Belə ki, əvvəllər  avtomobilini icbari qaydada sığortalamaq istəyən müştəri hansı şirkət və ya agent daha çox endirim edirdisə, avtomobilini orada sığortalamağa üstünlük verirdi. Endirimlərin ləğvi isə sığorta bazarında qiymət fərqini aradan qaldırdı. Bu vəziyyətdə avtomobil sahibləri daha yaxşı xidmət göstərən şirkət seçiminə üstünlük verəcəklər. Bunu yerli sığorta brokerləri də təsdiqləyirlər.

“Şirkətlərin və agentlərin demədiklərini, müştərilərə biz deyirik”

“Caspian İnternational Broker” şirkətinin Fərdi satışlar departamentinin müdiri Elgin Yəhyayev fins.az-a bildirib ki, sürücülər avtomobil sığortasını, xüsusilə də icbari sığortanı sığorta brokerlərindən almağa üstünlük verəcəklər. Belə ki, şirkətdən birbaşa və ya agent vasitəsilə sığorta almaqdansa, broker vasitəsilə sığorta almaq daha sərfəlidir. Çünki broker müştərinin marağından çıxış edir, ona hansı məhsulun lazım olduğunu və ya hansı şirkətin keyfiyyətli xidmət göstərdiyini deyir. Amma sığorta məhsulunu şirkətlər və agentlər vasitəsilə əldə edərkən seçim imkanları məhdud olur. Sığorta ilə bağlı bəzi detallar var ki,  müştərinin ziyanına olsa da,  agentlər ya bilərəkdən ya da əhəmiyyət vermədən  bu məlumatları müştəriyə açıqlamırlar. Qəza baş verəndə ödənişlə bağlı hər hansı bir mübahisə yarananda isə müştəri ödəniş ala bilmədiyi ilə bağlı narazılığını bildirir. Sığorta şirkəti isə onu məlumatsızlıqda günahlandırır.

“Müştəriyə geniş seçim imkanı veririk”

Sığorta brokerinə müraciət etməyin digər üstünlüyü ondan ibarətdir ki, sığorta məhsulu ilə bağlı hər bir nüans müştəriyə izah edilir. Məsələn, azadolma məbləği, avtomobil tamamilə yararsız hala düşdüyü zaman sığorta ödənişinin məbləği, bəzi hallarda sığorta şirkətlərinin ödəniş verərkən çıxdığı, amma əvvəlcə müştəriyə izah etmədiyi aşınma əmsalı haqqında müştərilər məlumatlandırılır. Bundan əlavə, avtomobilin zəmanəti varsa, seçilən sığorta şirkətinin rəsmi servisdə təmir edilib-edilmədiyini bildirilir ki, qəza baş verəndə müştəri  servis seçimi ilə bağlı  etiraz etməsin. Hətta, müştəri rəsmi servisdə təmir xidmətini istəmirsə belə, bunu əvvəlcədən yazılı şəkildə imzalayır.

“Avtomobilin rəsmi servisdə təmir edilməsinə çalışırıq”

  E.Yəhyayev bildirib ki, hətta təmir zamanı adi servisin təqdim etdiyi qiymətlə rəsmi servis arasında az fərq varsa, broker avtomobilin rəsmi servisdə təmir edilməsinə çalışır. Məsələn, bir maşının adi servisdə təmiri 500 manatdır. Eyni maşınnı rəsmi servisdə təmiri 550 manata başa gəlir. Bu zaman müqavilədə nəzərə alınmasa belə avtomobil rəsmi servisdə təmir edilir.

“Agentlər sadəcə sığorta satır, biz isə müştərilərə xidmət göstəririk”

Departament müdirinin sözlərinə görə, sığorta brokeri satış zamanı yalnız məsləhətlərlə kifayətlənmir. Qəza zamanı da müştərini lazımı istiqamətə yönəldir və məsləhətlər verir: “Qısa onu demək olar ki, sığorta agenti və ya şirkət sadəcə sığortanı satır, sığorta brokeri isə müştəriyə xidmət göstərir”.

İcbari sığorta hesabına brokerlərin satışları 15 % artacaq

 E.Yəhyayev sözlərinə görə, qiymətlər fərqinin aradan qalxması ilə xidmət və seçim imkanının genişliyinə görə icbari sığortaları da sığorta brokeri vasitəsilə alanlar artacaq. İndiyə kimi brokerlər vasitəsilə icbari sığortaları əsasən korporativ müştərilər alırdılar. Belə ki, avtomobillərini kasko sığortalayan şirkətlər  icbari sığortanı da brokerdən sifariş edirdilər. İndi isə adi avtomobil sahibləri bu sığorta üçün brokerə müraciət edəcəklər: “Fərdi icbari sığorta satışlarının hesabına brokerlərin satışlarının 15 %-ə qədər artacağı gözlənilir. Məsələn, əvvəl  icbari sığorta olunan hər 100 müştəridən cəmi 10-u adi avtomobil sahibləri idisə, indi bu rəqəm 13-14 nəfərədək artacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271