SIĞORTA

Bağ evi olanlar üçün ucuz sığorta - YENİLİK
26 İYUL
372

Bağ evi olanlar üçün ucuz sığorta - YENİLİK

2016-07-26 15:33:00

Azərbaycanda bağ evi olanlar üçün ucuz sığorta satışa çıxarılıb. Fins.az-ın məlumatına görə, yeni sığorta məhsulunu bazara “Meqa Sığorta” şirkəti təqdim edib. Bu məhsulu əldə etməklə müştəri bir sığorta müqaviləsi ilə iki evini - şəhərdəki mənzilini və bağ evini sığortalaya bilərlər. Şirkətin satış mütəxəssisi Zamin Bayramov fins.az-a bildirib ki, şəhər sakinləri yay fəslində istirahət etmək üçün bağ evlərinə üz tuturlar. Bu zaman şəhərdəki mənzil nəzarətsiz qalır. Yay fəsli bitdikdə isə şəhərə qayıdırıq və eynilə bağ evi diqqətdən kənarda qalır. Yeni məhsulun əsas məqsədi ondan ibarətdir ki, mənzil və ya bağ evi boş olduğu zaman sığortalı olsun. Yəni,vətəndaş evə hər hansı bir ziyan dəydiyi zaman ən azından dəyən ziyanın müəyyən bir hissəsini  kompensasiya edə bilsin.

İki evin 20 min manatlıq sığortası cəmi 39 manata

Z.Bayramov bildirib ki, “İkili təminat” məhsulu üzrə hər iki evi  sığortalamaq  ümumilikdə 20 min sığorta təminatı ilə 39 manata başa gəlir. Burada 15 min manat daşınmaz əmlaka dəyən ziyana görə, 5 min manat qonşulara və digər əmlaklara vurula biləcək ziyanın qarşılanması üçün nəzərdə tutulub. Hər təminat üzrə 250 manat azadolma məbləği nəzərdə tutulub. Tutaq ki,  bağ evinə 15 min manat, qonşunun evinə 5000 manat ziyan dəyib. Sığorta şirkəti hər təminatdan 250 manat çıxaraq müştəriyə 14750 manat, qonşusuna isə 4750 manat ödəniş verəcək. Z.Bayramov  bildirib ki, bağ evində olduğu müddətdə boş qalan evin sığortası üçün minimal limit bir ay nəzərdə tutulub. Yəni, müştəri bağ evində olduğu 1-3 ay ərzində şəhərdəki evi, qalan müddətdə boş qalan  bağ evi sığortalı olur. 

Evə təyyarə də düşsə, sığorta ödənişi veriləcək

Sığorta təminatına  yanğın, partlayış,tufan, qasırğa,sel, daşqın, subasma,yerüstü nəqliyyat vasitələrinin və digər aparatların düşməsi, o cümlədən qəza nəticəsində avtomobillərin evə ziyan vurması kimi risklər daxildir.

Bu sığorta məhsulu ilə bağlı bəzi istisnalara var. Belə ki, sökülmə riski olan, yəni plana düşən,tikintisi başa çatmamış və qəzalı vəziyyətdə olan evlər “İkili təmanat” sığorta məhsulu üzrə sığortalana bilməz. 

“İkili təminat”ı bölgələrdə də almaq olar

Satış mütəxəssisinin sözlərinə görə, sığorta məhsulunu Bakı ilə yanaşı, bölgələrdə də bağ evi və mənzili olan müştərilər əldə edə bilərlər.Evləri sığortalamaq üçün şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd olmalıdır.Onun sözlərinə görə, müştərilərin istəyindən aslı olaraq, sığorta məhsulu ünvana çatdırıla bilər. Bunun üçün müştəri sadəcə lazımı sənədləri whatsapp vasitəsilə şirkətə göndərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270