SIĞORTA

Maliyyə Palatasından sığorta şirkətlərinə və agentliklərə – XƏBƏRDARLIQ
14 İYUL
1779

Maliyyə Palatasından sığorta şirkətlərinə və agentliklərə – XƏBƏRDARLIQ

2016-07-14 14:48:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta agent və agentliklərinə ayrı-ayrılıqda müraciət edib. Fins.az-ın məlumatına görə, sığorta agentləri ilə bağlı müraciətlər sığorta şirkətlərinə, digər müraciət isə sığorta agentliklərinə ünvanlanıb. Müraciətlər MBNP-nın baş icraçı direktoru İbrahim Alışovun və qurumun Sığorta bazarına nəzarət departamentinin direktoru Fuad Sadıqovun adından edilib.

Nöqsanları təkrarlayan agentlərin lisenziyası ləğv ediləcək

Müraciətlərdə bildirilir ki, Palata sığorta bazarını təhlil edərkən sığorta müqavilələrinin bağlanması zamanı istehlakçıların hüquqlarının və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması halları aşkar edib.  Əsas nöqsanlar həm agent, həm də agentliklərin icbari sığorta müqavilələri üzrə endirimlər və hədiyyələr verməsi, icbari sığorta haqlarının hissə-hissə ödənilməsi, hesabatlılığın təmin olunmamasıdır.

Sığorta agentlikləri isə əmək müqaviləsi ilə çalışan və attestasiyadan keçmiş işçilər barədə məlumatları MBNP-ya təqdim etmirlər, "Sığorta fəaliyyəti haqqında" qanunun 94-cü maddəsinin tələbinə zidd olaraq digər fəaliyyət növləri ilə məşğul olurlar. MBNP bəyan edib ki, bu cür hallara yol verən sığorta vasitəçilərinə qarşı təqdimat və sanksiyalar tətbiq ediləcək.Nöqsanlar təkrarlanacağı halda vasitəçilərin lisenziyalarının qüvvəsi dayandırılacaq və yaxud ləğv ediləcək.

Saxtakarlıq edən sığorta agentlərinə cinayət işi açılacaq

Bəzi nöqsanlara görə isə agent və agentliklər təkcə lisenziyadan məhrum edilməyəcək, onlar həm də İnzibati Xətalar və Cinayət Məcəllələrinə əsasən, cinayət məsuliyyəti daşıyacaqlar. Söhbət avtomobillərin icbari sığorta şəhadətnaməsinin daha ucuz satılması üçün yol verilən saxtakarlıq hallarında gedir. Belə ki,bəzi hallarda avtomobil sahiblərinə daha ucuz satılması üçün məlumatlar  qəsdən səhv yazılır, lisenziyası olmayan şəxslər sığorta satışı ilə məşğul olurlar. Bundan əlavə icbari sığorta şəhadətnaməsinin satılaraq itməsinin elan olunması, icbari sığorta blanklarının saxtalaşdırılması (müştərilərə surətinin təqdim edilməsi) kimi hallar da buna aiddir.

Nöqsanları təkrarlayan agenlik rəhbərlərinin sığorta  karyerası sual altına düşəcək

Sığorta agentliklərinə ünvanlanmış müraciətdə bundan əlavə qeyd olunur ki, Palata nöqsanlara yol vermiş və lisenziyası ləğv edilmiş şirkətlərin rəhbər işçilərinin gələcəkdə sığorta sahəsində rəhbər vəzifəyə təyin edilməsinə razılıq verməyə bilər.

Müraciətlərin tam mətnini buradan izləyə bilərsiniz:

Hüquqi Agent

Fiziki Agent

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272