SIĞORTA

İcbari sığortada daha bir yenilik – SMS-LƏR DƏYİŞİR
07 İYUN
1245

İcbari sığortada daha bir yenilik – SMS-LƏR DƏYİŞİR

2016-06-07 15:45:00

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı daha bir yenilik başlayıb.

İcbari Sığorta Bürosunun (İSB) sistemi  və saytından sonra bununla bağlı SMS-lərdə də yenilik edilib. Bürodan fins.az-a verilən məlumata görə, iyun ayının 7-dən etibarən 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmayacaq. 

Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34.3.4-cü maddəsinə əsasən İSB sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil telefon və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir. Bununla bağlı Büro 9707 SMS xidməti vasitəsilə avtomobil sahiblərinə icbari sığorta müqaviləsinin bağlanması, ləğvi, xitamı, qüvvədən düşməsi və sığorta haqqı barədə məlumat göndərir. 

Amma son zamanlar İSB-yə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına sığortalılara məxsus məlumatların, həmçinin icbari sığorta müqavilələrinə aid olan məlumatların bəzi sığorta qurumları tərəfindən əldə olunaraq öz mənafeləri üçün istifadə olunması və dələduzluq halları ilə bağlı müraciətlər daxil olub. 

Belə halların qarşısının alınması, sığorta bazarına etimadın, müştəri məmnunluğunun artırılması üçün Büronun sistemi və saytı ilə yanaşı  9707 nömrəsindən göndərilən SMS bildirişlərində də dəyişiklik edilib. Bu gündən etibarən artıq bu SMS-lərdə icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272