SIĞORTA

Sığorta bazarı üçün xoşagəlməz sürpriz – KAPİTAL PROBLEMİ
27 MAY
1099

Sığorta bazarı üçün xoşagəlməz sürpriz – KAPİTAL PROBLEMİ

2016-05-27 09:00:00

Azərbaycanın bank sektorundakı problemlər və bəzi bankların fəaliyyətinin dayandırılması sığorta şirkətləri üçün də başağrısına çevrilməyə başlayıb. Əgər indiyədək bank kreditlərinin azalması sığorta şirkətlərinin müştərilərini azaldırdısa, indi sığorta şirkətləri digər istiqamətdən zərbə alıblar.

Söhbət sığorta şirkətlərinin banklarla yerləşdirilən vəsaitlərinin onların məcmu kapitalına aid edilməməsindən gedir. Bu nəinki sığorta şirkəti üçün ciddi problemlər yaradar, hətta onun fəaliyyətinin dayandırılması üçün formal səbəbə də çevrilə bilər. 

Palatadan sığorta şirkətlərinə göstəriş 

Fins.az-ın məlumatına görə, sığorta bazarındakı mənbə “İnterfaks-Azərbaycan”a bildirib ki, bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə sığorta şirkətlərinin nümayəndələri arasında keçirilən görüşdə sığorta bazarının əsas problemi olaraq şirkətlərin kapital çatışmazlığı izah edilib. Belə ki, Palata sığorta şirkətlərinin məcmu kapitalının hesablanması qaydasına müəyyən dəyişikliklər etmək niyyətindədir. Dəyişikliyə əsasən sığortaçıların lisenziyası geri çağırılmış banklarda yerləşdirdikləri vəsaitlər onların kapitalı kimi nəzərə alınmayacaq.

Qeyd edək ki, sığorta şirkətlərinin öz vəsaitlərini, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərini investisiyaya yönəldilməsi və məcmu kapitalının hesablanması qaydaları Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 №-li əmri ilə təsdiq edilmiş «Sığortaçıların investisiya əməliyyatları ilə bağlı QAYDALAR»ı (http://www.maliyye.gov.az/sites/default/files/store/7/2.3.1.6.pdf) ilə tənzimlənir.

Hazırda qüvvədə olan bu qaydaya görə, sığorta şirkətləri həmin vəsaitləri kapital kimi göstərmək hüququna malikdirlər.

Amma palatanın qiymətləndirməsinə görə, bunlar qeyri-likvid vəsaitlərdir və kapitalda iştirak edə bilməz. Məlumata görə, artıq Palata həmin problemi yaşayan sığorta şirkətlərinə lazımi göstərişlərini verib.

«Bunun üçün məhkəmə qərarı lazımdır»

Amma sığorta ekspertləri Palatanın bu qərarına inamsız yanaşırlar, bəzi hallarda isə bu qərarın qanunvericiliyə zidd olduğu vurğulanır. Sığorta eksperti  Mustafa Abbasbəyli məsələ ilə bağlı fins.az-a bildirib ki, doğrudur, sığorta şirkətləri faktiki olaraq lisenziyası geri çağrılan banklardakı vəsaitlərindən istifadə edə bilmirlər. Amma bu həmin bankların tamamilə bağlanacağı anlamına gəlməməlidir: «Ola bilər ki, bu banklar problemlemlərini həll edib lisenziyası yenidən bərpa etsin və ya öhdəliklərin yerinə yetirə bilsin. Hələlik bununla bağlı qeyri-müəyyən bir vəziyyət hökm sürür. Belə olan halda lisenziyası alınan belə banklarda sığorta şirkətlərinin vəsaitləri məcmu kapitalda iştirak edə bilər».

M.Abbasbəylinin sözlərinə görə, Mülki Məcəllə,  bank və sığorta qanunvericiliyində şirkətlərin müflis olma müddəaları ətraflı izah edilib. Bu müddəalara əsasən, şirkətlərin vəsaitləri o zaman batmış hesab edilə bilər ki, bankın kreditorları qarşısında öhdliklərini yerinə yetirə bilmədiyi haqqında məhkəmə qərarı olsun: «Yalnız bu halda  Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərindən kapitallarının artırılmasını tələb edə bilər».

«Ehtiyatların yerləşdirilməsi normaları pozulmayıbsa, belə bir dəyişiklik qanunsuzdur»

Sığorta eksperti Xəyal Məmmədxanlı isə fins.az-a bildirib ki, Maliyyə Nazirliyinin ehtiyatların yerləşdirilməsi və nizamnamə kapitalı ilə bağlı  normativlərin pozulmadığı halda Palatanın hər hansı belə bir dəyişikliyə əl atması qanuna ziddir: «Söhbət ondan gedir ki, sığorta şirkətinin bir bankda yerləşdirdiyi vəsaitlərin 60 %-i, daşınmaz əmlaka yatırılan vəsaitin 80 %-i, qiymətli kağızlara yatıralan vəsait isə 100 % kapital hesab edilir. Bu tələblər pozulmadan Palatanın sığorta şirkətlərinə məcmu kapitalın artırılması ilə bağlı tələb irəli sürməsi düzgün deyil». 

«Bu – əslində bank sektorunun problemidir» 

Sığorta eksperti bildirir ki, yaranan şərait sığorta şirkətlərinin deyil, bank sisteminin problemi hesab edilməlidir: «Əgər sığorta şirkəti kapitalını 5  bankda yerləşdiribsə, hər dəfə bir bankın lisenziyası ləğv edilirsə, orda olan vəsaitlərə görə yaranan problem heç də sığorta şirkətinin işinə mənfi təsir göstərməməlidir». 

Sığorta müştərilərinin hüquqları pozulacaq

Eksperin sözlərinə görə, Palata tərəfindən belə bir addımın atılması ilk növbədə əmanətçi hüquqlarına ziddir. Yəni, sığorta şirkəti  vəsaitlərini bankda yerləşdirib. Əmanətçi olaraq bankın hər hansı problem üzündən bağlanmasının onun üçün heç bir fərqi yoxdur - o qoyduğu vəsaitlərdən istifadə edə bilməlidir: «Sığorta müştərisi də onun kimi - vətəndaş əmlakını sığortalayıb, daha sonra əmlakına 5 milyon manat  ziyan dəyib. Onun üçün sığorta şirkətinin və ya bankın hər hansı bir probleminin olması önəmli deyil. Əmlakını sığortalayıbsa ödəniş də verilməlidir». 

Sığortaçıların etibarlılığı təhlükə altında 

X.Məmmədxanlı bildirir ki, belə bir addımın atılması sığorta şirkətlərinin müştəri etibarlılığı baxımından da təhlükəlidir. Məsələn, bağlanan banklardan birindən sığorta şirkətinin vəsaitlərini  götürməsinin gecikməsi artıq bəzi korporativ müştərilərini itirməsinə səbəb olub. İnsanlar vəziyyəti analiz edirlər, hansı sığorta şirkətinin onun ödənişini verə bilməyəcəyini müəyyən edən kimi onunla əməkdaşlıqdan imtina edirlər. Sadalanan vəziyyət belə bir dəyişikliyin edilmədiyi halda baş verir. Məcmu kapitalı ilə bağlı Palatanın qəbul edəcəyi qərar müştərilərinin itirilməsi ilə bağlı nəinki bir neçə şirkət, ümumilikdə sığorta bazarı üçün xaosa çevrilə bilər.

Sığorta şirkətlərinin yeganə ümidi banklardır

Ekspert hesab edir ki, hazırda Azərbaycanda sığorta şirkətlərinin  kapitalları yerləşdirmək üçün seçim imkanı elə də böyük deyil: «Daşınmaz əmlak bazarının riskli olduğu, qiymətli kağızlar bazarının və birjaların işləmədiyi indiki şəraitdə sığorta şirkətlərinın yeganə ümidi banklardır». 

«Palata  sığorta şirkətlərinə vaxt verməlidir»

Ekspert hesab edir ki, Palata belə bir dəyişiklik etsə belə ilk növbədə sığorta şirkətlərinə əvvəlcədən bu barədə xəbərdarlıq etməlidir. Yəni, sığorta şirkətinə şərait yaradılmalıdır ki, əmanət müddəti bitdikdən sonra bağlanma ehtimalı olan bankdan vəsaitlərini çıxarıb, digər banka köçürərək  məcmu kapitalını tamamlasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275