SIĞORTA

“Siz gedin, maşınla biz məşğul olarıq” - SÜRÜCÜLƏR ÜÇÜN YENİ XİDMƏT
25 MAY
892

“Siz gedin, maşınla biz məşğul olarıq” - SÜRÜCÜLƏR ÜÇÜN YENİ XİDMƏT

2016-05-25 12:13:00

Azərbaycan sığorta bazarında ilk dəfə olaraq  sığorta hadisələrinin tənzimlənməsində köməkçi xidməti fəaliyyətə başlayır. Sığortada  əlavə servis göstərən “Claim Adjuster Services”  şirkətinin rəhbəri Elgin Yəhyayev  fins.az-a bildirib ki, iyun ayının ortalarından etibarən sürücülərə ilk dəfə olaraq yeni servis göstəriləcək.

Müştərilərinin əsas problemi vaxtla bağlıdır

Belə ki, bəzi hallarda sürücülər avtomobillərini sığortalasalar da iş bununla bitmir. Qəza baş verəndə  müxtəlif sənədləri toplamalı olurlar. DYP-də gedib ərizə yazmalı və sığorta ödənişi almaq üçün müxtəlif sənədləri əldə etmək lazım gəlir. Avtomobili təmirə aparırlar. Məlumatsız olduğu üçün bir dəfə getməli olduğu yerə bir neçə dəfə getməyə məcbur olur. Və yaxud 1 günə həll edilməli olan iş 3 gün vaxt aparır. Avtomobilin harda necə təmir edilməsinə diqqət yetirir. Bütün bunlar isə müştərinin xeyli vaxtını alır. Üstəlik sığortadan da bəzi hallarda  narazı qalır. Çünki ödəniş ya gec verilir, ya da təmir xeyli vaxt aparır. E.Yəhyayev bildirir ki, hazırda sığortalı müştərilərin, ümumiyyətlə işgüzar mühitin əsas problemi vaxtla bağlıdır. Adi bir qəza müştərinin xeyli vaxtını apara və onun planlarını poza bilir. Bəzi hallarda  xanım sürücülərin  həyat yollaşları qəza ilə bağlı onların müxtəlif təşkilatlara getməsini, uzun müddət sənəd toplamasını, servisə getməsini istəmirlər. 

Şirkət 1000 manatlıq ödənişi özü verir 

Yeni sığorta hadisələrinin tənzimlənməsində köməkçi xidməti isə bütün bu problemlərdən sığortalı avtomobil sahiblərini xilas edəcək. Onun sözlərinə görə, məsələ bununla da bitmir. Avtomobilə dəyən ziyan min manata qədərdirsə, qəzada xəsarət alan yoxdursa,bu zaman şirkət sığorta ödənişini özü həyata keçirir və ya müştərinin istəyinə uyğun olaraq  avtomobili təmir etdirir. Daha sonra isə sığorta şirkətindən sığorta ödənişini özü alır. 

Pulsuz evakuasiya xidməti

Digər tərəfdən, sürücü hansısa iş üçün gedirdisə və bu zaman qəza baş veribsə, o dərhal şəhər daxili ərazidə gedəcəyi ünvana çatdırılır. Bundan əlavə  avtomobili qəzadan sonra sürmək mümkün deyilsə və yaxud sürücü belə vəziyyətdə avtomobili idarə etmək istəmirsə, maşın pulsuz evakuasiya edilir. 

Xidmət haqqı 200-250 manatdır 

Bütün bu xidmətlər isə sürücüyə 200-250 manata başa gəlir. Yəni, avtomobilini sığortalayan müştəri əvvəlcədən bu xidməti  sifariş etmək istəyirsə,  müqavilə bağlayır. Xidmət  haqqını isə qəza zamanı ödəyir.  Amma müştəri qəza baş verəndə  bu xidmətdən istifadə etmək istəyirsə, bu zaman 250 manat ödəməli olacaq. E.Yəhyayev bildirib ki,  gələcəkdə əvəzedici avtomobil xidməti də göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272