SIĞORTA

«Onkoloji, böyrək çatışmazlığı və şəkər xəstəlikləri icbari tibbi sığortada olmayacaq» - MÜSAHİBƏ
24 MAY
462

«Onkoloji, böyrək çatışmazlığı və şəkər xəstəlikləri icbari tibbi sığortada olmayacaq» - MÜSAHİBƏ

2016-05-24 20:03:00

Fins.az Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanovla müsahibəni təqdim edir.

- İcbari tibbi sığortanın tətbiqinə hazırlıq gedir. Bu sistemin üstünlükləri nə olacaq?

- Əvvəla qeyd edim ki, icbari tibbi sığortanın tətbiqində sosial həmrəylik və dövlət dəstəyi mühüm rol oynayır. Belə ki, yaş, gəlir və sosial status baxımından bütün əhali qrupları eyni sığorta proqramında iştirak edir və bu həmrəylik əhalinin risklərinin ədalətli bölüşdürülməsini təmin edir. Bu, ən böyük üstünlüklərdən biridir. Eyni zamanda, ödəmə qabiliyyətinə malik insanlar tərəfindən ödənilən sığorta haqları ilə yanaşı, xüsusi sosial qrupların – məsələn, aztəminatlı ailələr, uşaqlar, təqaüdçülər, sağlamlıq imkanları məhdud insanlar əlillər tibbi xidmətlərə olan ehtiyaclarının ödənilməsi və əhaliyə geniş xidmətlər paketinin təminatı üçün dövlət tərəfindən müvafiq dəstək göstəriləcək.

Digər üstünlüyü göstərilən xidmətlərin nəticəsinə uyğun olaraq tibb müəssisələrinə ödəniş mexanizmləri tətbiq etməklə tibbi xidmətlərin keyfiyyətinin stimullaşdırılmasıdır. Bununla yanaşı, icbari tibbi sığorta tibbi xidmət sahəsində rəqabətə imkan yaratmaqla tibb müəssisələrinin öz resurslarından daha səmərəli istifadə etməsini stimullaşdıracaq. Bildiyiniz kimi, tibbi sığortanın ölkə səviyyəsində tətbiqi tibbi xidmət sektorunun elektronlaşdırılmasını və bütün tərəflər arasında məlumatların elektron qaydada mübadiləsini şərtləndirir. İcbari tibbi sığorta çərçivəsində müvafiq elektron platforma yaradılacaq ki, bütün tibb müəssisələri öz tibbi məlumatlarını həmin platforma vasitəsilə bölüşəcək, vətəndaşlara bu platformadan istifadə imkanları yaradılacaq və şəffaflıq təmin olunacaq.

- Azərbaycanda icbari tibbi sığorta paketi necə formalaşacaq? Hansı xəstəliklər daha çox nəzərə alınacaq?

- Qeyd etdiyim kimi, icbari tibbi sığorta sosial yönümlü bir layihədir və burada ilk növbədə vətəndaşlarımızın maraqlarının təmin olunması əsas götürülür. Agentliyin əsas məqsədi icbari tibbi sığortanın tətbiqi ilə əhaliyə tibbi xidmətləri daha əlçatan etməkdir. Bu layihənin həyata keçməsində ən vacib faktorlardan biri icbari tibbi sığorta paketini formalaşdırmaq. Hazırda bununla bağlı araşdırmalarımız davam edir.

İcbari tibbi sığorta paketinin tərtibində ilkin səhiyyə xidmətlərinin təşkili xüsusi yer tutacaq. Bu, bir sıra xəstəliklərin erkən aşkar olunmasına səbəb olacaq, xəstəliklərin ağırlaşmasının qarşısını alacaq və əhali arasında sağlam həyat tərzinin formalaşmasına səbəb olacaqdır. İlkin səhiyyə xidməti dedikdə ailə həkimi xidmətinin tətbiqi nəzərdə tutulur.

Agentlik müalicəsi daha çox maliyyə vəsaiti tələb edən, lakin dövlət proqramı tərəfindən təminat verilməyən xəstəlikləri - məsələn, ürək –damar xəstəlikləri, katarakta, insult kimi xəstəlikləri ilkin paketə daxil etməyi planlaşdırır.

- İcbari tibbi sığorta paketinə xəstələrin dərman təchizatı daxil olacaqmı?

- Dərman vasitələri tibbi xidmətlər üzrə xərclərin əhəmiyyətli hissəsini təşkil edir. Hazırda icbari tibbi sığortanın tətbiqi zamanı tibbi xidmətlərlə yanaşı, dərman vasitələrinin də müəyyən formada tibbi xidmət paketinə salınması imkanları araşdırılır. Hal-hazırda Tarif Şurası tərəfındən qeydiyyatdan keçmiş dərman preparatlarının qiymətlərinin tənzimlənməsi həyata keçirilir ki, bu da vahid qiymət siyasətinin həyata keçirilməsinə səbəb olacaq.

Tibbi Sığortada dərman təminatının iki növü mövcuddur: xəstələrin stasionar müalicələrdə istifadə olunan dərman preparatları və ambulator müalicələrdə istifadə olunan dərman preparatları ilə təmin edilməsi.
Stasionar şəraitdə aparılacaq müalicələr zamanı tələb olunan dərmanların paketə daxil edilməsi planlaşdırılır. İkinci növ dərman təminatı isə ambulator müalicələr zamanı xəstəyə həkim tərəfindən reseptə yazılmış dərman preparatları ilə təmin edilməsidir. Bu təminatın paketə daxil edilməsi barədə məsələ araşdırılır, müvafiq hesablamalar aparıldıqdan sonra qərar veriləcək.

- Paketə hansı xidmətlər daxil edilməyəcək?

- Məlumdur ki, bir sıra xəstəliklər üzrə dövlət proqramları mövcuddur. Onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur.

Həmin xəstəliklər üzrə dövlət tərəfindən təminat verildiyi üçün onların icbari tibbi sığorta paketinə daxil edilməməsi müzakirə olunur. Bütün növ kosmetik nöqsanların aradan qaldırılması, plastik və estetik cərrahiyyə əməliyyatları paketə daxil edilməyəcək.

- İcbari Tibbi sığorta üçün tibb müəssisələri seçilərkən hansı meyarlar əsas götürüləcək?

- Əvvəla, qeyd edim ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində bir çox islahatları stimullaşdıracaq. Bu islahatlardan ən vacibi səhiyyə müəssisələrinə göstərmiş olduğu xidmətlərin qarşılığında ödəniş sisteminin tətbiq olunması üçün xüsusi statusun verilməsidir. Bu status Tibbi Sığorta Agentliyi tərəfindən Sığortalılara Tibb Müəssisəsi tərəfindən göstərilmiş xidmətlərin haqqının ödənilməsinə imkan verəcək. Tibb müəssisələrinin seçimində onun geniş spektrli tibbi xidmətlər təklif etməsi, xidmət keyfiyyətinin yüksək olması, çarpayı sayı və s. kimi meyarlar əsas götürüləcək.

- Bəs icbari tibbi sığorta sistemində çalışacaq həkimlər hansı meyarlarla seçiləcək?

- Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya imtahanları həyata keçirilir. Bu imtahanlarda yüksək nəticə almış, müqaviləli tibb müəssisələrində çalışan həkim və orta tibb personalı ilə əməkdaşlıq ediləcək.

Mənbə: modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275