SIĞORTA

Kənd təsərrüfatı sığortası nə üçün lazımdır? - MƏQALƏ
12 MAY
280

Kənd təsərrüfatı sığortası nə üçün lazımdır? - MƏQALƏ

2016-05-12 08:05:00

I.K/t  sığortasında maraqlı tərəflər kimlərdir?

İlk növbədə qeyd etmək lazımdır ki, k/t bütün ölkələrdə strateji əhəmiyyətli sahə olduğundan bu sahəyə olan maraq və dövlət dəstəyi tam fərqlidir. Bununlayanaşı, hər bir dövlətin ərzaq aslılığından qurtulması və eyni zamanda ölkə əhalisinin sağlam ərzaqla qidalanması məsələsi kimi məsuliyyətli bir missiya gündəmə gəlir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, dövlətin strateji maraqları ilə yanaşı, k/t məhsullarının istehsalı ilə məşğul olan fermerlər istehsalın davamlı və rentabelli olması üçün k/t sığortasında maraqlıdırlar.Baş verə biləcək təbiət hadisələri, o cümlədən k/t heyvanları və bitkiləri ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi halları, digər risklərdən ehtimal olunan təhlükələr fermerlərə ciddi ziyan vurduğunda, fermerlər istehsalı davam etdirmək üçün dövriyyə vəsaitindən məhrum olurlar. Ziyanın tez bir zamanda aradan qaldırılması və istehsal prosesinin bərpa olunması heç də asan məsələ olmadığından, bu məqsədlə fermerin həmişə dövriyyə vəsaitinə böyük ehtiyacı var.

II. K/t sığortasının tətbiq sahələri və sığortalanan risklər

K/t sığortasının tətbiqi sahələri həm bitikiçilik, həm heyvandarlıq sahələridir ki, hər iki sahədə də müxtəlif risklərin sığortalanması nəzərdə tutulmuşdur. K/t sığortası ilə məşğul olan inkişaf etmiş ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, sığorta şirkətləri k/t sığortasına o halda həvəslə gedirlər ki, k/t sığortasına xidmət edən digər yardımçı sahələr, o cümlədən bütövlükdə k/t-nı əhatə edən infrastruktur yaxşı vəziyyətdə olsun və bu sahələrdə çalışan peşəkar insanlar öz vəzifə öhdəliklərini məsuliyyətlə həyata keçirsinlər. Xüsusilə baytarlıq xidməti, sanitar epidiomoloji stansiyalar, k/t-na xidmət edən maddi-texniki təhcizat stansiyaları, su-melorasiya təsərrüfatı, toxumçuluq, şitilçilik təsərrüfatları, müxtəlif təyinatlı k/t labaratoriyaları və s. kimi insfrastrukturların lazımi səviyyədə və işlək vəziyyətdə olması, onların peşəkar personalla təmin olunması sığortaçıya bu sahəni sığortalamağa əminlik verir və gələcəkdə ehtimal olunan mümkün risklərin minimuma endirilməsinə əsas verir.

Bəzi misallarla yuxarıda göstərilənləri daha yaxşı başa düşməyə çalışaq:

1) Hesab edin ki, taxılçılıqla məşğul olan fermer öz əkin sahələrini “mərakeş çəyirtkəsi”nin hücumu riskindən sığortalamaq istəyir. Bu halda sığortaçı əmin olmalıdır ki, bu regionda baytarlıq xidməti və ziyanvericilərə qarşı mübarizə aparan stansiyalar, hər bir fövqəladə halayaxşı hazırdırlar və lazımi səviyyədə çalışırlar.Bu o deməkdir ki, çəyirtkənin gəldiyi anda kiçik həcmli təyyarə və ya digər dərmansəpən texnika vasitəsilə müvafiq dərmanları vaxtında səpələyib yaşıl taxıl sahəsini ziyanvericilərdən təmizləyəcəklər. Bunun nəticəsində taxıl sahəsi qorunmuş olacaq və ya hadisə olmasına baxmayaraq, taxıl sahələri az zərərçəkmiş olacaq. Əgər bu hadisəni yerli şəraitə tətbiq etsək və təsəvvür etsək ki, belə bir hal bizim yerli təsərrüfatlarda baş verir, onda görüləcək tədbirlərin nə qədər operativ olması sual doğurur. Yəni, həmin dərmansəpən texnikanın hər bir an saz vəziyyətdə olması, həmin dərmanların təzə şəkildə anbarda saxlanması və peşəkar xidməti personalın yerində olması həqiqətən müzakirə mövzusudur.

2) Başqa bir misalda, meyvə bağlarının doludan sığortalanması üzrə fermerdən müraciətolduğunda, sığorta şirkəti əmin olmalıdır ki, meyvə bağında ağacların üzərində doluya qarşı xüsusi örtük çəkilib və dolu təhlükəsi anında bu örtükdən istifadə olunacaq. Ancaq sual oluna bilər ki, “belə bir örtük olduğunda əlavə xərc çəkib sığorta almağa ehtiyac varmı?”. Nəzərə almaq lazımdır ki, örtüyün olması baş verəcək hadisə üzrə itkiləri minimuma endirəcək amildir, çünki dolu elə bir formada güclü yağa bilər ki, xüsusi örtük belə tab gətirə bilməz.

3) Digər bir misal, hesab edək ki, suvarılmayan dəmyə torpaq ərazisində yetişdirilən k/t bitkisinin quraqlıqdan sığortalanması üçün fermer sığorta şirkətinə müraciət edir və sığorta şirkətinin əməkdaşının fermerə ilk verdiyi sual belə olur ki, “sizin əkin ərazinizdə süni suvarma sistemi varmı?”. Yenə sual doğa bilər ki, “əgər fermerin süni suvarma sistemi varsa, onda quraqlıqdan sığortalanmağa nə ehtiyac var?”. Bu da onunla bağlıdır ki, əgər süni suvarma sistemində qəzalar baş verərsə, su təhcizatı və ya elektrik təhcizatı dayanarsa, eyni zamanda sistemi qurgu-aqreqat sıradan çıxarsa bu halda itkilər daha çox ola bilər. Bunları nəzərə alaraq, sığorta şirkəti əvvəlcədən mümkün itkiləri minimuma salmaq istəyir.

4) Başqa bir misala nəzər saldıqda görərik ki, sığortaçı risklərin minimuma endirilməsində daha da maraqlıdır. Məsələn, iribuynuzlu və ya xırdabuynuzlu heyvandarlıqla məşğul olan fermerlər istənilən bir xəstəlik nəticəsində dəyə biləcək ziyanı sığortalamaq üçün sığorta şirkətinə müraciət edir. Yenə də sığorta şirkəti belə bir riski sığortalamaq üçün əmin olmalıdır ki, həmin bölgədə baytarlıq xidməti ideal vəziyyətdə çalışır və heyvanların müxtəlif vaksinasiya və peyvəndləmə tədbirləri vaxtı-vaxtında həyata keçirilir. Yenə də sual meydana gəlir ki, “əgər baytarlıq xidməti ideal vəziyyətdə xidmət göstərirsə, hər bir tədbiri vaxtlı–vaxtında və məsuliyyətlə həyata keçirirsə, onda sığortaya nə ehtiyac var?”. Deməli, baytarlıq xidmətinin işində müəyyən əngəllər, qeyri operativlik və s. kimi hallar baş verə bilər ki, bunun nəticəsində də fermer təsərrüfatı ziyan çəkə bilər.

Bu kimi risklərin siyahısını daha da böyütmək olar və əgər risklərin mövcudluğunu bir anlığa yerli şəraitdə təsəvvür etsək və bu risklərə qarşı preventiv tədbirlərin nə dərəcədə yaxşı vəziyyətdə olmasını təsəvvür etsək, çoxlu suallarla rastlaşarıq. Bu isə onu deməyə əsas verir ki, sığorta şirkətləri k/t sığortasını aparmazdan əvvəl,k/t-nı əhatə edən dəstəkləyici və yardımçı xidmət infrastrukturunun yerində və işlək vəziyyətdə olmasında maraqlıdırlar. Bu infrastruktur olmadığı təqdirdə k/t sığortasının inkişaf etməsi mümkünsüz görsənir.

III.Qanunvericiliyin tələbləri və sığorta sinifləri

Hal-hazırda qüvvədə olan Sığorta fəalliyəti haqqında qanuna uyğun olaraq, k/t ilə bağlı iki qeyri –həyat sığorta sinfi mövcuddur ki, bu da həm heyvandarlıq, həm bitkiçilik sahəsində çalışan fermerlərin öz təsərrüfatlarını müxtəlif risklərdən sığortalamasını nəzərədə tutur:

Kənd təsərrüfatı bitkilərinin sığortası sinif olaraq, yanğın, təbii fəlakətlər, xəstəliklər, ziyanvericilərin yayılması və hücumu nəticəsində kənd təsərrüfatı bitkilərinin və (və ya) məhsullarının tam və ya qismən məhv olması ilə əlaqədar sığorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur;

Kənd təsərrüfatı heyvanlarının sığortası sinif olaraq, yanğın, təbii fəlakətlər, ziyanvericilərin yayılması və hücumu, yoluxucu xəstəliklər nəticəsində kənd təsərrüfatına aid edilən heyvanların və quşların, dovşanların, arı ailələrinin, xəz dərili vəhşi heyvanların məhv olması ilə əlaqədar sığorta olunanın əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Qanunvericilikdə bu sığorta siniflərinin olmasına baxmayaraq, hal-hazırda bu siniflərə uyğun sığorta məhsulları yerli sığorta bazarında təklif olunmur.

IV. Bu sahədə aparıcı ölkələrin təcrübəsi nə deyir?

K/t sığortasının inkişaf etdiyi vəümumiyyətlə, sığorta bazarında k/t sığortasının daha önəmli yer tutduğu ölkələrin təcrübəsinə nəzər salmamışdan əvvəl,dünyanın 10 ən iri k/tməhsullarının istehsalçısı olan ölkələrin statistikasına nəzər salaq. Cədvəldə göstərilən 2 kəmiyyət göstəricisi, bir-biri ilə çox sıx əlaqəli və düz mütənasibdir.

 

 

Sıra

 

Ölkə

K/t-dan əldə olunan gəlir

(mənbə: agro-max.ru)

K/t-nın ÜDM-də payı

(mənbə: Wikipedia)

Sığorta bazarının həcmi

2014-cü il

mln. USD-də

(mənbə: www.iii.org)

 

1

 

Çin

 

1 trln. 88 mlrd.

 

16,5%

 

328.439

 

2

 

Hindistan

 

413,4 mlrd.

 

17%

 

69.889

 

3

 

ABŞ

 

290 mlrd.

 

1,66%

 

1.280.443

 

4

 

İndoneziya

 

127 mlrd.

 

14,18%

 

15.307

 

5

 

Braziliya

 

110 mlrd.

 

6,1%

 

85.844

 

6

 

Nigeriya

 

106 mlrd.

 

21,5%

 

1.790

 

7

 

Pakistan

 

63 mlrd.

 

37,6%

 

2.074

 

8

 

Türkiyə

 

62 mlrd.

 

8,6%

 

11.595

 

9

 

Argentina

 

59 mlrd.

 

10%

 

15.845

 

10

 

Yaponiya

 

51 mlrd.

 

1,21%

 

479.762

 

Cədvələ nəzər saldığımızda görürük ki, göstərilən ölkələrdə k/t istehsalı əhəmiyyətli dərəcədə  böyükdür. Buradan belə qənaətə gəlmək olar ki, bu ölkələrdə eyni zamanda sığortaya müraciət edən k/t məhsulları istehsalçılarının sayı və müraciətlər də analoji olaraq çoxdur.

K/t sığortasının inkişaf etdiyi ölkələrin təcrübəsinə nəzər saldığımızda görmək olar ki, sığortanın bu sahədə işləməsinə yanaşma tamamilə fərqlidir. Qeyd etmək lazımdır ki, bu ölkələrdə k/t strateji sahə olaraq, dövlətin marağında olduğu üçün, k/t sığortasına dövlətin dəstəyi mövcuddur. Məsələn, qeyd etdiyimiz kimi bu sahədə risklər nə qədər yüksəkdirsə, buna uyğun olaraq hadisə zamanı itkilər də böyükdür, bu məqsədlə sığorta şirkətini dəstəkləmək üçün dövlət hadisə baş verdiyində ödənişlərin bir hissəsinə yardımçı olur. Məsələn, sığorta şirkətləri və dövlət arasında 40/60, 50/50, 60/40, 45/55 və s. kimi buna bənzər nisbətlərdə dəymiş ziyanın bölüşdürülməsi mexanizmi ola bilər.

Sığorta haqqının hesablanmasında tətbiq olunan orta bazar tarifi bu sahənin inkişaf etdiyi ölkələrdə 10% həcmindədir. Məsələn, 100.000 USD həcmində olan məhsulun müəyyən bir riskdən sığortalanması üçün 10.000 USD həcmində sığorta haqqı ödəmək lazımdır. Məhsulun dəyərinin qiymətləndirilməsi, ümumi bazar göstəricisinə və ya etibarlı statistik məlumatlara əsasən aparılır və ya son 3-5 ilin göstəriciləri nəzərə alınmaqla hesablanır. Məsələn, regionda son 5 ildə taxıl sahələrindən 1 hektar üçün neçə sentiner məhsul götürüldüyü əsas götürülə bilər və ya son  5 ilin ədədi ortası hesablama üçün əsas götürülə bilər. Hesablanacaq 10% həcmində sığorta haqqı fermer üçün əhəmiyyətli dərəcəli bir xərc olsa da, fermerin istehsalının davamlı olması üçün sonda çox təminatlıdır.   

V. Azərbaycanda kənd təsərrüfatı sığortasının vəziyyəti

Nəzərə alsaq ki, Respublikamızda da k/t strateji əhəmiyyətli bir sahə hesab olunur vədövlətin bu sahədə müəyyən islahatları mövcuddur. Bununla əlaqədar son illərdə bu sahədə müəyyən aktivləşmə hiss olunmaqdadır.Hal-hazırda buna misal olaraq, müəyyən bölgələrdə aqroparkların yaradılmasını misal gətirmək olar Ancaq bu sahədə görülməli işlər kifayət qədər qalmaqda davam edir.

Hal-hazırda mövcud sığorta bazarında təklif olunan məhsullara arasında k/t sığortası məhsullarının payı demək olar ki, yox səviyyəsindədir. Bir neçə il bundan öncə 2 sığorta şirkəti k/t heyvanlarının sığortasına başlamasına baxmayaraq, qısa bir zamanda bu sığorta məhsulu ziyanlı olduğunu təsdiq etdi və həmin şirkətlər bu sahədəki fəaliyyətini dayandırdı.  Bu isə o deməkdir ki, istər heyvandarlıq sahəsi, istərsə də bitkiçilik sahəsi yuxarıda qeyd olunduğu kimi lazım olan infrastrukturla lazımi qədər əhatə olunmamışdır. Yəni, k/t-na xidmət edən infrastrukturun özü zəif inkişaf etmişdir.

VI. Kənd təsərrüfatı sığortası ilə bağlı fırıldaqlar

Sığortanın müxtəlif növləri və məhsulları üzrə bütün dünya ölkələrində, həcminə görə irili-xırdalı fırıldaqlar baş verir və bu gün də bu tendensiya davam etməkdədir. Məsələn, mal-qaranın və digər heyvanların qəsdən oğurlanması, taxıl zəmisinin qəsdən yandırılması, meyvə-tərəvəz məhsullarına qəsdən ziyan vurulması və s. kimi fırıldaqlar mövcuddur. Bunun qarşısını almaq və bundan irəli gələcək ziyanları minimuma endirmək məqsədilə xarici sığorta Şirkətləri “Fırıldaqların İdarə olunması üzrə Siyasət” işləyib hazırlayırlar və bu Siyasəti ildən-ilə təkmilləşdirirlər.

Eyni zamanda qeyd etmək lazımdır ki, k/t sığortasında mövcud olan bəzi fırıldaqların da qarşısını bütövlükdə almaq mümkün deyil. Fırıldaqların üstünün açılması ehtimalı o zaman az olur ki, bu işdə müxtəlif sövdələşmələr olsun və sövdələşmədə iştirak edən tərəflərin sayı nə qədər çoxdursa belə fırıldaqların açılması ehtimalı da azdır. Belə fırıldaqlar sığortalı və sığortaçının birgə sövdələşməsi və ya sığortalının özü tərəfindən əvvəlcədən düşünülmüş şəkildə baş verə bilər. Belə fırıldaqlar zamanı sövdələşmədə 3-cü tərəf də iştirak etdiyində, fırıldağın üstünün açılması ehtimalı 0-a enir.

VII. Kənd təsərrüfatı sığortasının perspektivləri

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da k/t sığortasının perspektivləri böyükdür. Bu məsələyə qeyd edildiyi kimi dövlətin marağı böyük olduğunda, məsələn k/t-na veriləcək dövlət dəstəyi, aparılacaq islahatlar, k/t-da tətbiq olunacaq yeni texnologiyalar, peşəkar kadrların yetişdirilməsinə qoyulacaq investisiyalar və s. nəticəsində ciddi inkişafa nail olmaq mümkündür. Belə olduğu halda, həm k/t-nın inkişafını sürətləndirmək, həm ərzaq asılılığından qurtulmaq, eyni zamanda əhalinin saglam ərzaqla təmin olunması kimi missiyalar yerinə yetirilmiş olar. Bu eyni zamanda regionlarda yeni iş yerlərinin açılması və məşğulluq məsələsində ciddi irəliləyişə səbəb ola biləcək bir amil kimi dəyərləndirilə bilər.

Qeyd etmək lazımdır ki, k/t təkcə ərzaq profilli məhsulların istehsalı ilə deyil, eyni zamanda yüngül sənaye, tekstil  və s. sənaye sahələri üçün əsas xammal hesab olunan məhsulların istehsalı ilə də məşğul olur. Pambıqçılıq, üzümçülük, baramaçılıq, tütün istehsalı və s. bu kimi sahələr ölkəmizdə ənənəvi və böyük gəlir gətirən sahələr olsa da, hal-hazırda bu sahələr 30-40 il öncəki vəziyyətlə müqayisədə özünün durğunluq dövrünü yaşayır.  Bir faktı qeyd etmək lazımdır ki, təkçə pambıqçılığın inkişafına nail olunması bu sahədə ciddi sığorta fəaliyyətinin tətbiq olunmasına səbəb ola bilər. Tarixi faktlar onu deməyə əsas verir ki, keçən əsrin 70-ci illərində və 80-ci illərin əvvəlində Azərbaycanda pambıq istehsalı 800-900 min ton səviyyəsinə qədər yüksəlmişdir. Bu gün göstərilən istehsal həcminin əgər yarısına nail olunarsa, ölkənin Ümümi Daxili Məhsulunda (ÜDM) təkcə pambıqdan əldə olunacaq gəlir 200-250 milyon AZN təşkil edə bilər.

1)      Tarixi istehsalın yarısı- 800.000 ton/2=400.000 ton

400.000 ton * 1000 kq=400.000.000 kq

2)      1 kq pambığın yerli pambıq zavodları tərəfindən alış qiyməti 2016-cı il üçün,

            - 1-ci növ pambığın tonu 500 manat,

- 2-ci növ pambığın tonu 470 manat,

- 3-cü növ pambığın tonu 440 manat,

- 4-cü növ pambığın tonu 400 manat olması gözlənilir (mənbə www.anspress.com).

3)      Göstərilənləri nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, 1 kq pambıq üçün orta alış qiyməti 45 qəpik müəyyən oluna bilər (500+470+440+400=452.50 AZN/1000=0.45 AZN) və bu halda,

400.000.000*0.45 AZN=180.000.000 AZN təşkil edəcəkdir.

4)      Buna uyğun olaraq, istehsal olunacaq k/t məhsulları icbari şəkildə sığortalanarsa təkçə il ərzində istehsal olunacaq pambığın sığortalanmasından ən azı 18.000.000 AZN həcmində sığorta haqqı əldə oluna bilər:

180.000.000 AZN*10%=18.000.000 AZN

Göstərilən rəqəm (18.000.000 AZN), hal-hazırda Azərbaycan sığorta bazarında illik yığımlarına görə ilk onluqda olan bəzi şirkətlərin topladıqları sığorta mükafatının həcminə bərabərdir. Məsələn, “Standard Sığorta”, “ AXA MBASK”, “ Meqa Sığorta” şirkətlərində 2015-ci ilin sonuna yığımlar təxminən göstərilən həcmdə olmuşdur.     

K/t-nın bütün sahələrinin öz potensialı çərçivəsində istehsal gücünə sahib olduğunu bir anlığa təsəvvür etsək, eyni zamanda yuxarıda qeyd edildiyi kimi, k/t sığortasının tam gücü ilə işləməsi üçün k/t-na xidmət edən infrastrukturun lazımi səviyyədə olduğunu təsəvvür etmiş olsaq, belə nəticəyə gəlmək olar ki, k/t sığortası Azərbaycanın sığorta bazarına əlavə olaraq, hər il 100.000.000-larla AZN  həcmdə ölçülə bilən sığorta mükafatını təmin edə bilər.

Deyilənləri yekunlaşdıraraq, belə nəticəyə gəlmək olar ki, k/t sığortasının bir sahə kimi inkişafına nail olmaq üçün aşağıda göstərilən 3 əsas mərhələdən ibarət kompleks tədbirlər görülməlidir:

-          k/t-na dövlət dəstəyinin artırılması, yeni texnologiyaların k/t-da tətbiqi, peşəkar mütəxəssislərin yetişməsinə investisiya olunması və s. kimi stimullaşdırıcı tədbirlər nəticəsində k/t-nın inkişafına nail olmaq,

-          k/t-na xidmət edən sahələrin və infrastrukturun inkişafına nail olmaq,

-          k/t sığortası üzrə uyğun gələn dünya modellərinin Azərbaycan sığorta bazarına tətbiq olunması və k/t sığortası üzrə məhsulların tanınması üçün ciddi şəkildə kütləvi maarifləndirmə işlərinin aparılması.

Hər halda, göstərilənlərin reallığa çevrilməsi və bütün bunların baş verməsi üçün bütün əlaqəli strukturlar, o cümlədən müvafiq dövlət qurumları və özəl sektor öz səylərini birgə səfərbər etməlidirlər. 

Pərviz Quliyev, MBA

PAŞA-Həyat Sığorta Şirkətinin Maarifləndirmə şöbəsinin müdiri,

Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü,

Azərbaycan Bank Tədris Mərkəzinin eksperti.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274