SIĞORTA

"Regionlarda bir manata sığorta satacağıq"
25 APREL
674

"Regionlarda bir manata sığorta satacağıq"

2016-04-25 11:55:00

“As Prof” sığorta agentliyi bir manatlıq sığorta məhsulunun satışını genişləndirir. Bu barədə fins.az-a agentliyin rəhbəri Cahid Qurbanov bildirib. Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi şirkət ucuz fərdi qəza sığortasını mağazalarla yanaşı, “Call Center” xidməti ilə də satır. Agentliyin işçiləri evlərə zəng vuraraq bu məhsul haqqında vətəndaşları məlumatlandırır və satışları həyata keçirir. 

Bir manatlıq sığorta alanlar 3 dəfə artıb 

Cahid Qurbanov deyir ki, satışına başlandığı 4 ay ərzində ucuz fərdi qəza sığortasına maraq xeyli artıb. Bu məhsula pul verənlərin sayı 3 dəfə böyüyüb: “Dekabr ayından indiyə kimi 1000-ə yaxın ucuz fərdi qəza sığortası satılıb. Yanvar ayında 100-120 sığorta satılıbsa, mart ayında bu rəqəm 300-ə yaxın olub”. 

Agentlik rəhbəri bunu ötən ilin sonu ilə müqayisədə hazırda maliyyə qurumlarına  inamın nisbətən artması ilə əlaqələndirib: “Həm inamın artması, həm də sığorta məhsulunun xeyli ucuz olması insanlarda marağı artırır”.

Köhnə müştərilər 3-5 manatlıq sığorta alır 

Onun sözlərinə görə,  müştərilərin 70%-i 1 manatlıq, qalan hissəsi isə 3-5 manatlıq fərdi qəza  sığortası alıb. Əvvəllər  avtomobilini və  digər əmlakını sığortalayan, bu sığortanın xeyrini görən müştərilər daha böyük əminliklə 3-5 manatlıq fərdi qəza sığortası alırlar.

Yeni müştərilər 1 manatlıq sığorta sifariş edir

Sığorta  haqqında məlumatı olmayan yeni müştərilər isə əsasən 1 manatlıq  paketi sifariş edərək min manatlıq sığorta təminatı əldə edirlər. C.Qurbanovun sözlərinə görə,  indiyə qədər sığorta hadisəsi ilə bağlı heç bir müraciət daxil olmayıb.

Məktəbliləri də sığortalayacağıq

C.Qurbanov bildirib ki, may ayının 1-dən etibarən ucuz  fərdi qəza sığortasının satışlarına Bakı ilə yanaşı regionlarda da başlanacaq. İlkin olaraq bu sığorta məhsulunun satışı Bərdə, Cəlilabad və Gəncə şəhərlərində həyata keçiriləcək.  Agentlik  regionlarda ucuz sığorta məhsulu ilə məktəblilərin sığortalanmasını həyata keçirmək istəyir.  Bunun üçün ucuz fərdi qəza sığortası şagirdlərin valideynlərinə təklif ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272