SIĞORTA

Sığorta avtomobili keyfiyyətli təmir etdirirmi? – PUL MÜBAHİSƏSİ
15 APREL
424

Sığorta avtomobili keyfiyyətli təmir etdirirmi? – PUL MÜBAHİSƏSİ

2016-04-15 14:19:00

Azərbaycanda sığorta ödənişləri ilə bağlı vahid tənzimlənmə olmaması  hələ də ödənişlərin məbləği ilə bağlı  şirkətlərlə müştərilər arasında  mübahisələrin yaranmasına səbəb olur. Sığorta şirkətləri ödəniş xərclərini azaltmaq üçün avtomobili daha ucuz servisdə təmir etməyə çalışır. Müştəri isə əksinə avtomobilin kefiyyətli təmir edilməsini tələb edir. Rəsmi servislərin qiymətləri isə sığorta şirkətləri üçün sərfəli olmur. Aradakı ziddiyyətlər sonda hətta məhkəmə mübahisələrinə çevrilir. Sığorta eksperti İ.İbrahimov fins.az-a bildirib ki, bir ayda belə mübahisələrlə bağlı 30-a yaxın müraciət edilir.

Hər min manatdan 300-500 manatı mübahisəyə çevrilir 

Bu müraciətlər isə daha çox 1000-3000 manatlıq zərərlərlə bağlı olur. Hər 1000 manatlıq sığorta ödənişindən 300-500 manatlıq hissəsi mübahisə predmetinə çevrilir. Məsələn, mart ayında kasko sığortalı “Hyundai”  avtomobili qəzaya uğrayıb. Avtomobil  “qarantiya”lıdır. “Hyundai Servis” avtomobilin təmir xərcini 3500 manat hesablayıb.Sığorta şirkəti isə avtomobilin 2600 manata başqa bir servisdə təmir edilə biləcəyini deyib.Müştəri isə avtomobilin “qarantiya”dan çıxmaması üçün rəsmi servisdə təmirini tələb edir. Bəs  qiymətləndirmə problemi necə həll edilməlidir? 

«Audotex»: “İşlərin 85-90%  artıq görülüb”

Azərbaycanda  zərərlərin qiymətlərndirilməsi  ilə bağlı artıq bir neçə müddətdir ki, “Audatex” sistemi fəaliyyətə başlayıb. Bu sistem qəza zamanı avtomobilə dəyən zərəri elektron qaydada hesablayır. Amma bunun üçün bütün ehtiyat hissələrinin qiymətləri sistemə daxil edilməlidir.“Audatex-Azerbaijan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə fins.az-a bildirib ki, indiyə kimi 16 marka üzrə 500-ə yaxın avtomobil modelinin ehtiyat hissələri lokallaşdırılıb.Yəni, bu avtomobillərin ehtiyat hissələrinin Azərbaycan bazarındakı qiymətləri sistemə əlavə edilib.Əsasən daha çox sürülən avtomobillərin ehtiyat hissələrinin yığılmasına diqqət yetirilir.Yeni avtomobillərlə bağlı işlərin 85-90 %-i artıq görülüb. Ümumilikdə isə 35-40-a yaxın markanın 650-700 ehtiyat hissələrinin  “Audatex”  sisteminə daxil edilməsi planlaşdırılır. “Hazırda  “Audatex” sisteminə daxil edilməyən markalar Azərbaycanda daha az istifadə edilən  avtomobillərdir . Məsələn,  “Reno” və “Pejo” kimi markları buna misal göstərmək olar.” Yəni yeni avtomobillərin  ehtiyat hissələrinin qiymətləndirilməsi ilə bağlı problem yoxdur. Hazırda İcbari Sığorta Bürosuna üzv olan 11 sığorta şirkəti  “Audotex” sisteminə qoşulub və qiymətləndirmə də bu proqram vasitəsilə aparılır. 

Problem “İkinci əl” ehtiyat hissələri ilə bağlıdır 

Z.Kərimzadə bildirib ki, əsas problem  ikinci əl avtomobillərin qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda avtomobil parkı daha köhnədir: “Yəni  istifadə edilən avtomobillərin böyük hissəsi 12-13 ildən artıq  sürülən maşınlardır. Bu isə bazarda köhnə ehtiyat hissələrinə tələbatın yüksək olması deməkdir. Amma “Audatex” sisteminə ikinci əl ehtiyat hissələri ilə bağlı qiymətləri daxil etmək çox çətindir. Belə ki, “Audatex” sistemi ehtiyat hissələrini kodlarla müəyyən edir. Amma hazırda ikinci əl bazarında satılan hər hansı bir hissə kodla satılmır”.  

Köhnə avtomobillərlə bağlı  Rusiya təcrübəsi 

Zakir Kərimzadənin sözlərinə görə, köhnə avtomobillərin ehtiyat hissələrinin qiymətləndirilməsi problemi eyni ilə Rusiyada da mövcuddur. Belə ki, burada da ikinci əl ehtiyat hissələrini kodla satılmadığı üçün “Audatex” sisteminə daxil etmək mümkün deyil. Problemin həlli üçün Rusiyada vahid qiymətləndirmə metodikası hazırlanıb.Və burada avtomobilin hansı hissəsinin, detalının əzilməsi zamanı təmir edilməli və ya dəyişdirilməli olduğu müəyyən edilir. Eyni zamanda  avtomobilin  istehsal tarixindən aslı olaraq köhnə əmsalı tətbiq edilir. Yəni, bu o deməkdir ki, avtomobilə aid konkret ehtiyat hissəsinin qiymətini müəyyən edə bilmədikdə, istifadə müddətinə uyğun olaraq hər il üçün köhnəlmə faizi çıxılır. Vahid qiymətləndirmə sistemi olduğu üçün isə  avtomobilə dəyən ziyanın məbləği sığorta şirkəti ilə müştəri arasında mübahisə yaratmır. 

“Zərərlərin qiymətləndirilməsi üçün vahid metodika yaradılmalıdır” 

Z.Kərimzadə hesab edir ki, eyni təcrübədən Azərbaycanda da istifadə edilməsi problemi həll edə bilər: “Vahid metodikanın yaradılması üçün işçi qrup əvvəlcə bazar üzrə köhnə ehtiyat hissələrinin qiymətini müəyyənləşdirməlidir.Daha sonra bunun əsasında  köhnəlmə əmsalı tətbiq edilmədir. Və müştərilərə birbaşa ödəniş verilməli deyil, avtomobil təmir edilməlidir. Belə ki, sığorta pulunu alan müştəri yenidən qəza törətmə adıyla yenidən ödəniş tələb edə bilər: “Azərbaycanda təcrübədə belə hallara rast gəlinir. Bir dəfə ödəniş alan müştəri sığorta şirkətinə müraciət edərək yenidən ödəniş tələb  edir. Avtomobili ikinci dəfə eyni yerdən əzdiyini deyir. Bu isə əlavə vaxt itkisinə və mübahisəyə səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272