SIĞORTA

Ən müəmmalı qəzaları avtoxuliqanlar törədir
04 DEKABR 2013
1070

Ən müəmmalı qəzaları avtoxuliqanlar törədir

2013-12-04 00:00:00
Avtoxuliqanlıqla bağlı cərimələrin artırılması sığorta hadisələrinin azalmasına gətirib çıxaracaq. Bu barədə fins.az-a “Standard Insurance” sığorta şirkətinin idarə heyəti sədrinin müavini Mustafa Abbasbəyli deyib.
Qeyd edək ki, Milli Məclis dekabrın 3-də avtoxuliqanlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə əlavələr edib. Məcəllənin 155.2-1-ci və 155.2-2-ci maddələrinə edilən əlavəyə əsasən, mühərrikin səsini artırmaq məqsədilə nəqliyyat vasitəsinə avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 500 manat cərimə müəyyən edilib. Bu hərəkətə il ərzində ikinci dəfə yol verən şəxs üçün cərimələr 1000 manata qaldırılıb.
Bundan başqa, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimələr isə 80-100 manatdan 500-800 manata qaldırılıb.
Məcəllənin 296-1.1-ci maddədəki cərimənin həddi 500 manatdan 750 manata, 296-1.2-ci maddədə isə cərimə 750 manatdan 1000 manatadək qaldırılıb.
Avtoxuliqanlara qarşı cəzaların sərtləşdirilməsini sığorta sektoru nümayəndələri müsbət qarşılayıb. “Standard Insurance” Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müavini Mustafa Abbasbəyli fins.az-a bildirib ki, cəza tədbirlərinin sərtləşdirilməsi sığorta sektoruna, müsbət təsir edəcək: "Belə ki, cərimələrin artırılması ilk növbədə qəzaların sayını azaldacaq. Statistika da onu göstərir ki, sürücülük stajı az olan, cavan yaşlı sürücülər daha çox qəza törədir. Özü də bu qəzalar daha çox müəmmalı xarakter daşıyır. Sığorta ödənişi almaq üçün daha sonradan bu qəzalara, toqquşmalara başqa don geyindirmək istəsələr də, araşdırma nəticəsində məlum olur ki, əslində bunlar məhz avtoxuliqanlıq nəticəsində baş verib.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258