SƏNƏDLƏR

Nazirlər Kabinetindən daha bir Qərar
14 MAY
456

Nazirlər Kabinetindən daha bir Qərar

2019-05-14 15:05:00

№ 216    Bakı şəhəri, 10 may 2019-cu il

“Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın təsdiq edilməsi haqqında

“Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının 4.14-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №6, maddə 476; 2005, №1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336) ləğv edilsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının

 SİYAHISI

 “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinə əsasən yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:

1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;

2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;

3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;

4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;

5. yer təkinin geoloji öyrənilməsi hallarında;

6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;

7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257