SƏNƏDLƏR

Prezident İlham Əliyevdən Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı - SƏRƏNCAM
01 OKTYABR
166

Prezident İlham Əliyevdən Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı - SƏRƏNCAM

2018-10-01 11:03:00

Multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Onuncu ildönümünü qeyd edəcəyimiz və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilmişdir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın   dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 Eləcə də bax: Tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği açıqlandı

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2018-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259