SƏNƏDLƏR

Kimlər nümunəvi vergi ödəyicisi sayılacaq? – QAYDALAR
03 OKTYABR 2016
681

Kimlər nümunəvi vergi ödəyicisi sayılacaq? – QAYDALAR

2016-10-03 17:27:00

Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi

Q A Y D A L A R I 

1. Ümumi müddəalar 

1.1. “Nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları” (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrası məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qaydaların məqsədi vergi öhdəliklərini tam və vaxtında yerinə yetirən, vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyicilərinin seçilib fərqləndirilməsi və fəaliyyətlərinin təşviq edilməsindən ibarətdir.

1.3. Bu Qaydaların məqsədləri üçün nümunəvi vergi ödəyicisi dedikdə bu Qaydaların 2-ci hissəsində göstərilən meyarların hamısına cavab verən vergi ödəyicisi başa düşülür. 

2. Nümunəvi vergi ödəyicisinin meyarları 

2.0. Aşağıda göstərilən meyarlara cavab verən vergi ödəyiciləri nümunəvi vergi ödəyicisi hesab olunurlar:

2.0.1. Vergi ödəyicisi kimi qeydiyyatda olmaqla 5 ildən artıq fasiləsiz (fəaliyyətin dayandırıldığı hallar istisna olmaqla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan;

2.0.2. Mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan və bu barədə vergi orqanına qanunvericiliyə müvafiq qaydada uçot məlumatlarını təqdim edən;

2.0.3. Əsas fəaliyyətindən fərqli və ya riskli əməliyyatlar apararkən həmin əməliyyatlar nəticəsində hesablana biləcək vergilər barədə müvafiq rəyin alınması üçün yazılı olaraq vergi orqanına müraciət edən və “Vergi partnyorluğu Sazişi” imzalayan;

2.0.4. Aparılan vergi və mühasibat uçotu sistemlərinə nəzarətin həyata keçirilməsi üçün daxili audit və risklərin idarə edilməsi sistemlərinə malik olan və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən müstəqil peşəkar auditor və məsləhətçilərin xidmətlərindən istifadə edən;

2.0.5. Saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməyən (əmtəəsiz əməliyyatlar aparmayan) və ya barəsində iqtisadi fəaliyyət sahəsində olan cinayətlər üzrə cinayət təqibi aparılmayan;

2.0.6. Son 3 il ərzində:

1. Vergi orqanına təqdim edilmiş vergi hesabatlarında göstərilən vergi məbləğini Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə ödəyən;

2. Vergi hesabatlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi halı olmayan;

3. Təqvim ilini mənfəətlə başa vuran (əldə olunmuş mənfəətin fəaliyyət göstərilən sahibkarlıq sahəsi üzrə müşahidə olunan orta göstəricidən aşağı olmaması şərti ilə);

4. Səyyar və ya kameral vergi yoxlamaları nəticəsində hesablanmış vergi məbləğinin vergi hesabatlarında bəyan edilmiş vergi məbləğinin 2 faizindən çox olmayan;

5. Operativ nəzarət tədbirləri nəticəsində barəsində vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilməyən;

6. Orta aylıq əmək haqqı məbləği və işçi sayı fəaliyyət göstərdiyi sahə üzrə orta göstəricidən aşağı olmayan;

2.0.7. Vergi riskləri ilə bağlı vergi orqanlarının müraciət və tələblərini qısa müddət ərzində əsaslandırılımış qaydada təkzib edən və ya həmin risklərin dərhal aradan qaldırılmasını təmin edən.

3. Nümunəvi vergi ödəyicilərinə verilən imtiyazlar

3.0. Nümunəvi vergi ödəyicilərinə aşağıdakı imtiyazlar verilir:

3.0.1. Vergi ödəyicisində səyyar vergi yoxlaması keçirilmir (səyyar vergi yoxlamasının keçirilməsinə dair məhkəmə və hüquq-mühafizə orqanlarının qərarları, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qanunvericiliyin tələbləri istisna olmaqla);

3.0.2. Vergi orqanlarına edilmiş yazılı müraciətlər 5 gün ərzində cavablandırılır;

3.0.3. Vergi ödəyicilərinə xidmət mərkəzlərində yalnız nümunəvi vergi ödəyiciləri üçün nəzərdə tutulmuş xüsusi pəncərələrdən istifadə və ya növbə gözləmədən müraciət imkanı təmin edilir;

3.0.4. Vergilər nazirliyinin “Çağrı mərkəzi”ndə yalnız nümunəvi vergi ödəyiciləri üçün nəzərdə tutulmuş xüsusi ayrılmış xətdən istifadə imkanı verilir;

3.0.5. Vergi orqanının kütləvi informasiya vasitələrində, o cümlədən rəsmi elektron səhifələrində vergi ödəyicisinin nümunəvi vergi ödəyiciləri siyahısında olması barədə məlumat yerləşdirilir;

3.0.6.Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin onların iştirakı ilə müzakirə edilməsi imkanı verilir ;

3.0.7. Ünvanlı səyyar xidmətlər göstərilir. 

4. Sertifikatın verilməsi və ləğv edilməsi

4.1. Hər ilin 15 sentyabr tarixinədək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vergi risklərinin təhlil və nəzarəti funksiyalarını həyata keçirən struktur vahidi tərəfindən bu Qaydaların 2-ci hissəsində göstərilən bütün meyarlara cavab verən vergi ödəyicilərinin siyahısı müəyyən olunaraq vergi ödəyicilərinə xidmət funksiyalarını həyata keçirən struktur vahidinə təqdim edilir. Vergi ödəyicilərinə xidmət funksiyalarını həyata keçirən struktur vahidi tərəfindən 25 sentyabr tarixinədək həmin siyahı üzrə bu Qaydalara əlavə olunmuş nümunəvi vergi ödəyicisi sertifikatlarının təqdim edilməsi təmin edilir.

4.2. Vergi ödəyicilərinə nümunəvi vergi ödəyicisi sertifikatı 3 il müddətinə verilir və həmin müddətdə onlar bu Qaydaların 3-cü hissəsində göstərilən imtiyazlardan istifadə hüququna malik olurlar.

4.3. Sertifikat almış vergi ödəyicisi bu Qaydaların 2-ci hissəsində göstərilən tələblərə cavab vermədikdə Vergilər Nazirliyinin vergi risklərinin təhlil və nəzarəti funksiyalarını həyata keçirən struktur vahidi tərəfindən müvafiq məlumat hazırlanaraq vergi ödəyicilərinə xidmət funksiyalarını həyata keçirən struktur vahidinə təqdim edilir. Vergi ödəyicilərinə xidmət funksiyalarını həyata keçirən struktur vahidi tərəfindən həmin vergi ödəyicisinə bu barədə məlumat verilir.

4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən uyğunsuzluq 10 gün müddətində vergi ödəyicisi tərəfindən aradan qaldırılmadığı halda Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət funksiyalarını həyata keçirən struktur vahidi tərəfindən sertifikatın ləğv edilməsi barədə 5 gün ərzində vergi ödəyicisinə yazılı məlumat verilir.

4.5. Bu Qaydaların 4.4-cü bəndinə əsasən sertifikatı ləğv edilmiş vergi ödəyicisinə növbəti 3 il müddətində nümunəvi vergi ödəyicisi sertifikatı verilə bilməz.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8495
  • ₽ RUB
    0.0299