KƏND TƏSƏRRÜFATI

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artır
11 OKTYABR
101

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artır

2019-10-11 14:00:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Tərtər Rayon Statistika İdarəsindən bildiriblər ki, 2019-cu il oktyabrın 1-i vəziyyətinə rayon üzrə 28 min 674 baş qaramal, 55 min 518 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,3 faiz və ya 1174 baş artıb. 2019-cu ilin 9 ayında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2502,4 ton ət, 18 min 273,1 ton süd, 11 milyon 630 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,3 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 0,6 faiz çoxdur.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. 2019-cu ilin 9 ayında 1714 baş inək və düyə süni yolla mayalandırılıb, 882 baş cins tərkibi yaxşılaşdırılmış buzov doğulub. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır