KƏND TƏSƏRRÜFATI

Bal yarmarkasında iştirak edən arıçı: Hələ builki kimi yarmarka görməmişdik
10 OKTYABR
197

Bal yarmarkasında iştirak edən arıçı: Hələ builki kimi yarmarka görməmişdik

2019-10-10 10:24:00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC fermerləri dəstəkləməyə davam edir. Sentyabrın 28-dən fəaliyyətə başlayan arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası bu dəstəyin bariz nümunəsidir.

Fins.az xəbər verir ki, fermerlərin və vətəndaşların rahatlığının yüksək səviyyədə təmin olunması məqsədi ilə builki yarmarkanın təşkilində və həyata keçirilməsində bir sıra innovativ yeniliklər tətbiq edilib. Belə ki, bal yarmarkası tarixində ilk dəfə olaraq qeydiyyat prosesi onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə aparılıb. Tətbiq edilən digər bir yenilik isə hər bir məhsulun üzərində ştrix-kodun yerləşdirilməsidir. Hər bir alıcı www.bal.kendden.az saytına daxil olub ştrix-kodu yazmaqla aldığı və ya almaq istədiyi məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə bilər. Həmçinin yarmarkada onlayn sifariş xidməti də istifadəyə verilib.

Bu il Bal yarmarkasında ölkəmizin 37 fərqli rayonundan 321 arıçı iştirak edir. Hər bir arıçı yarmarkaya 400 kiloqram məhsul çıxarmaq haqqına sahibdir. Yarmarkada iştirak edən arıçılardan olan Tural Hüseynov Lənkəran şəhərinin Parakənd kəndindən gəlib. O, satış üçün 400 kiloqram süzmə bal, 30 ədəd də arı şanı (çərçivə) gətirib.

Bal üçün bankaların yarmarka təşkilatçıları tərəfindən ödənişsiz verildiyini qeyd edən arıçı təşkilatçılığın yüksək səviyyədə olduğunu deyir: “Təşkilatçılıq ötən illə müqayisədə yüksək səviyyədədir. Bankamızı veriblər, çayımızı da verirlər. Əsas xidmətdir ki, o da yaxşı təşkil olunub. Təşkilatçılar sağ olsunlar ki, belə bir yarmarka təşkil ediblər”.

Digər bir arıçı isə Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Məzahir Abdullayevdir. Yarmarkaya 194 kiloqram bal çıxardığını deyən arıçının piştaxtası isə müxtəlif növ ballarla zəngindir: “Yarmarkaya təbii qaratikan, cökə, çiçək və pətək balları, bal qaymağı, çiçək tozu gətimişəm. Kənd Təsərrüfatı Nazirliyinə minnətdaram ki, yer ayırıblar. Yerimiz də rahatdır. Banka daxil olmaqla, bir çox vəsaitlə pulsuz təmin olunmuşuq. Bizim üçün yaxşı imkan yaradıblar”.

Daşkəsən rayonundan olan bir digər arıçı isə Aqil Əlişovdur. Yarmarkaya 250 kiloqram bal çıxardığını deyən arıçı təşkilatçılığı yüksək qiymətləndirib: “Builki yarmarkadan çox razıyam. Çox sağ olsunlar. Hələ builki kimi yarmarka görməmişdik”.

Xatırladaq ki, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) oktyabrın 18-dək davam edəcək bal yarmarkası ATT və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır