KƏND TƏSƏRRÜFATI

“Şəhərdən Kəndə” turlarının üstünlükləri nələrdir?
04 OKTYABR
105

“Şəhərdən Kəndə” turlarının üstünlükləri nələrdir?

2019-10-04 12:22:00

Aqroekoturizm müxtəlif ölkələrin sosial-iqtisadi göstəricilərində özünəməxsus paya sahibdir. Bu sahə fermerlərə təsərrüfatlarından əlavə gəlir qazandırmaqla bərabər, şəhər sakinləri üçün alternativ turizm imkanları da yaradır. Sevindirici haldır ki, ölkəmizdə də “Şəhərdən Kəndə” adı altında aqroekoturlar təşkil olunmaqdadır.

Fins.az xəbər verir ki, “Şəhərdən Kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən sosial layihədir. Layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının inkişafını stimullaşdırmaq və regionlarda yaşayan əhalinin sosial rifahının yüksəlməsinə dəstək göstərməkdir. Bu turlarda iştirakçılar bir və ya bir neçə günlük fermer təsərrüfatlarına səfər edərək kənd həyatı ilə tanış olur, heyvandarlıq, əkinçilik, bağçılıq, balıqçılıq və s. kənd təsərrüfatı sahələri ilə bağlı yeni biliklərə yiyələnirlər. Onlar fermerlərlə bərabər təsərrüfatda gündəlik görülməli olan işlərin icrasında da iştirak edirlər. Bu işlərə heyvanların bəslənməsi, meyvə və tərəvəzlərin toplanması, təndir çörəyinin bişirilməsi, sacda qutab hazırlanması kimi işlər aiddir. Həmçinin tur iştirakçıları üçün yerli yeməklərin hazırlanmasına dair “master klass”lar da keçirilir.

Şəhər əhalisinin kəndlərə bu cür səfərləri regionlarda turizm üçün infrastrukturun inkişaf etdirilməsinə və kəndli-fermerlərin bu inkişafın bir parçası olmasına təkan verir. Fermerlər öz təsərrüfatlarından əlavə gəlir qazanmaqla yanaşı, şəhər əhalisini qonaq etməkdən böyük mənəvi zövq də alırlar. Səfər çərçivəsində yaranan informasiya mübadiləsi şəhərlilərə kənd həyatının incəliklərini öyrədir, kəndli-fermerləri isə şəhər həyatı haqqında məlumatlandırır.

“Şəhərdən Kəndə” turlarını digər turlardan fərqləndirən əsas cəhət məhz bu turların fermer təsərrüfatlarının inkişafına yönəlmiş sosial layihə olmasıdır. Bu əsas faktor turların qiymətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Milli parklara və təsərrüfatlara giriş haqqı, təsərrüfatlarda xüsusi proqramlar, iki günlük səfərlərdə isə qonaqlama yerinin ödənişi turun qiymətinə daxildir. Tura ödənilən məbləğ isə daha sonra birbaşa fermerlərə yönləndirilir.

Qeyd edək ki, turların təşkil olunduğu təsərrüfat sahələri turistlərin asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələri üçün hər cür şəraitlə təmin olunublar. Tur çərçivəsində iştirakçıların balıq tutmaq, at sürmək və müxtəlif idman oyunları oynamaq imkanları olur. Digər turlardan fərqli olaraq “Şəhərdən Kəndə” turlarında yalnız səhər yeməyi deyil, eyni zamanda, nahar, bəzi hallarda isə şam yeməyi də təşkil olunur. Fermer təsərrüfatında, kənd ab-havasında baş tutan nahar və şam yeməklərində iştirakçılara təqdim olunan qidalar yalnız təbii kənd məhsullarından ibarətdir.

Bu həftəsonu 4 müxtəlif rayona “Şəhərdən Kəndə” turları təşkil olunacaq. Turlara qeydiyyatdan keçmək üçün +994502033247 telefon nömrəsinə zəng edə və ya “Şəhərdən Kəndə” sosial media hesablarına yaza bilərsiniz. İsmayıllı, Şəki, Zaqatala və Şamaxıya təşkil olunacaq turlar haqqında ətraflı məlumatları aşağıdakı linklər vasitəsi ilə əldə edə bilərsiniz:

https://www.facebook.com/events/930910660600632/

https://www.facebook.com/events/524629011441273/

https://www.facebook.com/events/2427747730781108/

https://www.facebook.com/events/595195271013182/ .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır