KƏND TƏSƏRRÜFATI

Bu mövsüm Salyanda 12 min ton pambıq tədarükü nəzərdə tutulub
13 SENTYABR
106

Bu mövsüm Salyanda 12 min ton pambıq tədarükü nəzərdə tutulub

2019-09-13 12:42:00

Bir neçə gündür ki, Salyanda pambıq yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 111.6 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Kollarda qozalar tam açılmadığından yığım hələlik əl ilə aparılır. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari təsərrüfat ilində rayonda 4788 hektar sahədə pambıq əkilib. Bunun da 922 hektarı Şorsulu kənd ərazi vahidinin payına düşür. Kənddə fəaliyyət göstərən fermerlər becərdikləri sahələrin məhsulunun son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ərazi vahidində indiyədək 30 tondan çox məhsul yığılıb ki, bunun da hamısı birinci növ kimi qəbul olunub.

Kənddə fəaliyyət göstərən fermer Balaş Əhmədov 40 ilə yaxındır ki, təsərrüfatla məşğul olur. Məhsul istehsalçısı ötən il 10 hektar pambıq sahəsinin hər hektarından 30 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. “Bu mövsüm” 19 hektar sahədə pambıq becərmişəm. Sahəmdə bol məhsul yetişib. Pambığı maşınla toplayacağam. Becərdiyim sahənin hər hektarından ən azı 30-35 sentner məhsul götürəcəyimə əminəm. Ötən il dövlət tərəfindən pambığın hər növ üzrə alış qiymətinin 50 manat artırılması məhsul istehsalçılarının ürəyincə olub. Bundan ruhlanan fermerlər yetişdirdikləri məhsulun son qozasınadək toplamaq üçün işin surətini günbəgün artırırlar”, – deyə fermer bildirib.

Bu il rayonda 4 min hektarda yetişdirilmiş pambığın maşınlarla yığılması nəzərdə tutulub. Bunun üçün sahələrə 22 ən müasir pambıq yığan kombayn çıxarılacaq. Pambıq kollarının yarpaqlarının tökülməsi üçün indiyə kimi 436 hektar sahədə dərmanlama işi aparılıb. Bu proses bu gün də sürətlə davam etdirilir.

Qeyd edək ki, bu il rayonda 12 min tondan artıq “ağ qızıl” istehsal edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır