KƏND TƏSƏRRÜFATI

Bu il Azərbaycanda 3 milyon 228 min 330 ton taxıl toplanılıb
11 SENTYABR
92

Bu il Azərbaycanda 3 milyon 228 min 330 ton taxıl toplanılıb

2019-09-11 12:24:00

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sektor da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində kənd təsərrüfatının inkişafı ilə bağlı müasir tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb.

Aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının həcmində 25,6 faiz (1,77 milyard manat), heyvandarlıq məhsullarının həcmində 2,9 faiz artım (1,9 milyard manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3 faiz, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7 faiz, tərəvəz istehsalı 13,8 faiz, meyvə və giləmeyvə istehsalı 21,1 faiz, bostan məhsulları istehsalı 37,5 faiz artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.

Bu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 4,5 faiz, yun istehsalı 0,8 faiz artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.

Cari ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9 faiz artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2 faiz artıb.

Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Bu ilin taxıl mövsümünün uğurlu nəticələri də bunu təsdiqləyir. Taxıl biçini Aran bölgəsində mayın 25- də başlayıb və iyulun 10-na kimi ümumi əkin sahəsinin 90 faizində əkin başa çatdırılıb. Qalan 10 faizi isə yüksək dağlıq ərazilərdə yerləşən taxıl sahələri olduğu üçün onların da biçini məhsul yetişdikcə davam etdirilib.

Cari il əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3 milyon 228 min 330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min tondan artıq buğda və arpa məhsulu toplanıb.

Xatırladaq ki, 2017-ci ildə ümumi taxıl məhsulları cəmi 2,9 milyon ton olub, keçən il isə 3 milyon ton taxıl tədarük edilib.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevin sözlərinə görə, aqrar elmin qarşısında duran əsas məsələ intensiv texnologiyanı tətbiq etməklə, yəni vahid əkin sahəsindən məhsuldarlığı artırmaqla əhalinin taxıl və taxıl məhsullarına tələbatının tam ödənilməsinə nail olmaqdır. Mütəxəssisin fikrincə, taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün növbəli əkin sisteminin tətbiqi, yüksək reproduksiyalı, yerli şəraitə uyğun toxumlardan istifadə, becərilmə texnologiyasında aqrotexniki qulluq işlərinin düzgün yerinə yetirilməsi, suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi əsas şərtlərdir.

Ölkəmizin əlverişli təbii iqlim şəraiti payızlıq taxıldan 60-70 sentner və daha çox məhsuldarlıq əldə etməyə imkan verir. Səpin taxılçılıqda ən vacib məsələlərdən biridir. Səpinin keyfiyyətli aparılması üçün sahə yaxşı malalanmalı və hamar olmalıdır. Taxıl səpini oktyabrın 20-dən noyabrın ortalarınadək hektara 220- 230 kiloqram toxum olmaqla həyata keçirilməlidir. Onun sözlərinə görə, fermer və digər kəndli təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə, yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, gələn il Azərbaycanda buğda istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar. Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29- da keçirilən iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.

Qərara görə, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyənləşdirilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği dəqiqləşəcək.

Çəltik istehsalçılarına isə hər hektar əkin sahəsinə görə, 280 manat subsidiya ödəniləcək. Bu bitki üzrə əkin əmsalı 1,4-dür. Amma bütün çəltik əkənlər subsidiya ala bilməyəcək. Bu imtiyazdan yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında çəltik əkənlər faydalanacaq. Başqa sözlə, məhz bu rayonlarda çəltikçiliyin inkişaf etdirilməsi qarşıya əsas məqsəd kimi qoyulub.

Soya və sorqo istehsalçıları üçün isə hər hektar əkin sahəsinə görə subsidiyanın məbləği müvafiq olaraq 260 manat və 100 manat olacaq. Bu bitkilər üzrə əkin əmsalları 1,3 və 0,5-dir.

Digər dənli və dənli paxlalılar (arpa, çovdar, darı, vələmir, noxud, mərci və s.) üçün isə əkin əmsalı 0,8 müəyyən edilib. Yəni, bu bitkiləri becərənlər hər hektar əkin sahəsinə görə 160 manat subdisiya alacaqlar.

Qarabaşaq və yer fındığı istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 180 manat subsidiya veriləcək. Bu bitkilər üzrə əkin əmsallar 1,8-dir.

Zəfəran istehsalçılarını isə hər hektar əkin sahəsinə görə 400 manat subsidiya gözləyir. Bu bitki üzrə əkin əmsalı 2-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır