KƏND TƏSƏRRÜFATI

Cocuq Mərcanlıda pambığın intensiv texnologiyalar əsasında becərilməsi ilə bağlı tarla günü keçirilib
30 AVQUST
162

Cocuq Mərcanlıda pambığın intensiv texnologiyalar əsasında becərilməsi ilə bağlı tarla günü keçirilib

2019-08-30 16:46:00

Bu gün Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, eləcə də Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) dəstəyi ilə elmi-praktik seminar və tarla günü keçirilib. Seminar Azərbaycanda bölgələrin torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının seçilməsi, düzgün becərmə texnologiyalarının tətbiqi, eləcədə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinə həsr olunub.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Cocuq Mərcanlı kənd sakinlərinin diqqətinə çatdırıb ki, ötən ildən kənddə əhali arasında məşğulluğun yüksəldilməsi üçün təcrübə məqsədi ilə yeddi sortdan ibarət nümayiş əkinləri həyata keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu alimlərinin, Beyləqan RAEİM-in həyata keçirdiyi texniki-məsləhət xidməti nəticəsində yerli və xarici sortlardan ibarət sahələrdə yüksək məhsuldarlıq əldə olunub. Becərmə dövründə nümayiş sahələrində dəfələrlə məsləhət saatları keçirilərək kənd fermerlərinin pambıq əkinləri haqda məlumatlılıq səviyyəsi yüksəldilib. Bildirilib ki, növbəti təsərrüfat mövsümündən etibarən elmi-tədqiqat institutlarının, təcrübə stansiyalarının dəstəyi ilə Cocuq Mərcanlı kəndində kənd təsərrüfatının digər sahələrinin inkişafı təmin ediləcək.

Seminarda çıxış edən Cəbrayıl rayon Fermerlər Şurasının sədri Oqtay Həziyev Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kəndin sosial-iqtisadi inkişafına göstərilən dəstəyə görə təşəkkürünü bildirib və kənd sakinlərinin qayğılarını səsləndirib.

Elmi-praktik seminar kəndin pambıq sahələrində davam etdirilib. Beyləqan RAEİM-in direktoru Mirağa Kazımov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva aran bölgələrində “Gəncə-182”, “Gəncə-103”, “Gəncə-160”, “Gəncə-78” yerli sortların üstünlükləri haqqında fermerlərə məlumat veriblər. Bildirilib ki, yerli sortlar qısa vegetasiyalı olduğu üçün növbəli əkin sisteminin qurulması, vahid sahədən ildə iki dəfə məhsul əldə olunması üçün əlverişlidir.

Sahə nümayişində fermerlərə yaxınlaşan yığım mövsümü haqqında da məsləhətlər verilib, avqustun sonundan başlayaraq noyabrın ortalarına qədər davam edəcək yığım kampaniyasında planlı iş mexanizminin qurulması haqqında məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır