KƏND TƏSƏRRÜFATI

Aqrar Xidmətlər Agentliyi mütəxəssisləri heyvan və arılara davamlı olaraq səyyar baytarlıq xidməti göstərir
30 AVQUST
115

Aqrar Xidmətlər Agentliyi mütəxəssisləri heyvan və arılara davamlı olaraq səyyar baytarlıq xidməti göstərir

2019-08-30 12:49:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri növbəti dəfə Astara və Lerik rayonlarının ərazisindəki yaylaqlarda saxlanılan heyvan və arıçılıq təsərrüfatlarına baş çəkiblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş səyyar baytarlıq xidməti yaylaqlarda saxlanılan heyvanları profilaktiki baytarlıq baxışından keçirib, xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya və dezinseksiya tədbirləri, maarifləndirmə işləri aparıb, bukletlər təqdim ediblər. Eləcə də heyvan sürüləri parazitar gənələrə qarşı çimizdirilib.

Avqustun 21-dən 24-dək keçirilən səyyar baytarlıq xidməti zamanı baytar həkimlər xırdabuynuzlu heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə görə aparılmış peyvəndləmə tədbirləri ilə maraqlanıblar. Həmçinin dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparıblar. Yaylaqlarda keçirilən görüşlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması ilə əlaqədar tövsiyələr verilib.

Yaylaqlarda heyvan sahibləri ilə keçirilən görüşlərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların qan-parazitar və qurd xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən bəhs olunub. Qan-parazitar xəstəliyin gənələr vasitəsilə yayılmasını nəzərə alaraq, yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi diqqətə çatdırılıb. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Akarasid və helmintozlara qarşı istifadə edilən dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Mütəxəssislər rayonlarda olan arıçılıq təsərrüfatlarına da baş çəkiblər. Arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması barədə ətraflı məlumatlar verilib. Həmçinin arı xəstəliklərinin müalicəsi, profilaktikası, infeksion və parazitar xəstəliklərə qarşı aparılan yeni mübarizə tədbirləri arıçıların diqqətinə çatdırılıb. Bildirilib ki, arıların uçuşları və hərəkətləri daim nəzarətdə saxlanılmalı, təlimata uğun qulluq göstərilməlidir.

Aqrar Xidmətlər Agentliyi tərəfindən yaylaqlarda və arıçılıq təsərrüfatlarında təşkil edilən səyyar baytarlıq xidmətindən sahibkarlar razılıq edib, heyvan və arılar arasında heç bir xəstəliyin olmadığını bildiriblər.

Agentlik əməkdaşları yaylaq şəraitində saxlanılan heyvan və arılara göstərilən baytarlıq xidmətləri, xəstəliklərin müalicəsində istifadə edilən yeni müalicə metodları və preparatlar haqqında yerli baytar həkimlərinə də müvafiq tövsiyə və məsləhətlər veriblər.

Növbəti səyyar baytarlıq xidmətinin Şamaxı və Oğuz rayonlarının ərazisində yerləşən yaylaqlarda aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır