KƏND TƏSƏRRÜFATI

Qazaxda yeni aqropark yaradılıb
21 AVQUST
156

Qazaxda yeni aqropark yaradılıb

2019-08-21 16:40:00

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Qazax rayonunda da yeni-yeni kənd təsərrüfatı obyektləri, sənaye müəssisələri yaradılır.

Fins.az xəbər verir ki, rayonun İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan biridir. Belə ki, rayonda yaradılmış bu aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyətə malikdir.

Burada əkinlərin suvarılması məqsədilə 13,5 kilometr uzunluqda boru kəməri, sahədaxili suvarma məqsədilə isə 18 kilometr uzunluqda yeraltı suvarma xətləri çəkilib. Sahəsi 1600 kvadratmetr olan quru anbar, tutumu 2670 ton olan çoxfunksiyalı soyuducu anbar inşa edilib. İkimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Texnikaların təmiri-saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilərək istismara verilib.

Aqroparkın elektrik enerjisi ilə təmin olunması məqsədilə 13,2 kilometr uzunluqda hava veriliş xətti çəkilib, 4 transformator quraşdırılıb.

Sahələrin su təminatı üçün də məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində irihəcmli nasos stansiyası və suqəbuledici inşa edilib, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə də nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin torpaqların daimi suvarılması məqsədilə hər birinin həcmi 4500 kubmetr olmaqla, 2 ədəd beton örtüklü su anbarı inşa edilib.

Bu il aqroparkda 1052,35 hektar sahədə əkin aparılıb. Bunun 300,05 hektarını kartof, 463,0 hektarını buğda, 140,1 hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq, 20 hektarını payızlıq kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya təşkil edir. Artıq taxıl biçini başa çatıb və məhsul tədarük olunub. Kartof sahələrində iyul ayının əvvəlindən yığıma başlanılıb. Eyni zamanda, 5 hektarda əkilmiş kökün çıxarılması da davam edir.

©AZERTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır