KƏND TƏSƏRRÜFATI

Bölgələrdə quşçuluq təsərrüfatları inkişaf etdirilir – Masallıdan reportaj VİDEO
09 AVQUST
100

Bölgələrdə quşçuluq təsərrüfatları inkişaf etdirilir – Masallıdan reportaj VİDEO

2019-08-09 12:38:00

Ərzaq təhlükəsizliyini təmin etmək üçün iri quşçuluq fermer təsərrüfatlarının yaradılmasına ehtiyac var. Respublikada quşçuluğun inkişaf etdirilməsi üçün real şərait, təcrübə və tarixi ənənələr mövcuddur. Son illər bölgələrdə quşçuluq təsərrüfatları və damazlıq yumurta istehsalı intensiv inkişaf etdirilir. Belə təsərrüfatlardan biri də Masallının Xırmandalı kəndində fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, rayonda “serebrist” cinsli toyuqların bəslənildiyi yeganə quşçuluq təsərrüfatı fermer Sərimə Əhmədovaya məxsusdur. Burada 6 min baş quş saxlanılır. Onların 1500-ü yumurtalıq, digərləri isə ətlik cinslərdir. Quş ferması illik 200 min yumurta, 80 ton ətlik toyuq istehsalı gücünə malikdir.

Təsərrüfat sahibinin sözlərinə görə, quşçuluqda kiçik problemlər nəzərə alınmasa, bu sahə çox rentabellidir: “10 ildir ki, bu işlə məşğulam. Quşçuluq çox gəlirli sahədir. Bizim məhsulları Lerik, Lənkəran, Astara, Cəlilabad, Masallıdan gəlib alırlar. Yemi başqa yerdən gətirdiyimə görə çətinlik çəkirəm. Əgər öz rayonumuzda yem zavodu olsa, yemi yaxından alsam, o qədər də problem olmaz. Təsərrüfatımı genişləndirmək, yeni işçilər cəlb etmək istəyirəm. Bu məqsədlə güzəştli kredit götürmək fikrindəyəm”.

Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) isə bildirilib ki, rayonda quşçuluq təsərrüfatlarının saxlanılmasında yaranan çətinlikləri aradan qaldırmaq üçün xırda quşçuluq təsərrüfatlarının kooperativlər halında birləşdirilməsi nəzərdə tutulur.

Rayon DAİM-in baş məsləhətçisi Hasil Hüseynov bizimlə söhbətində qeyd etdi ki, fermerlərlə mütəmadi təlimlər keçirilir, müvafiq təlimatlar verilir. “Rayonda üç böyük quşçuluq təsərrüfatı var. Kooperasiyaların yaradılması nəzərdə tutulur. Biz gələcəkdə bu sahəni kooperasiya formasında inkişaf etdirəcəyik. Quşçuluq Masallı rayonunda ən önəmli sahədir, həmçinin kənd camaatının işlə təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Bu yaxınlarda quşçuluqla məşğul olan 43 nəfərdən ibarət qadınlar qrupu yaratmışıq. Əminəm ki, bu kooperasiya sahənin inkişafına öz töhfəsini verəcək”, - deyə H.Hüseynov vurğulayıb.

Qeyd edək ki, Masallı rayonunda hazırda şəxsi təsərrüfatlarla birlikdə 56 min baş quş saxlanılır. İl ərzində 57 milyondan artıq yumurta istehsal olunur.

©AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257