KƏND TƏSƏRRÜFATI

Zərdablılar Barama bayramı keçiriblər
02 AVQUST
155

Zərdablılar Barama bayramı keçiriblər

2019-08-02 10:07:00

Baramaçılığın ənənəvi sahə olduğu və son illər kümçülərin böyük uğurlar qazandıqları Zərdab rayonunda Barama bayramı keçirilib. Bayram tədbirində rayon rəhbərliyi, əmək kollektivləri, kümçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev kümçüləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, bu gün respublikamızın digər bölgələri kimi, Zərdab rayonu da Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün inkişaf mərhələsini yaşayır. Son illərdə rayon iqtisadiyyatı 3,2 dəfə, əhalinin sayı 7 min nəfərdən çox artıb. 2018-ci ildə rayon iqtisadiyyatının əsas sahələrində 132 milyon 352 min manatlıq, 2019-cu ilin 6 ayında 79 milyon 193 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Beş minə yaxın daimi iş yeri açılıb.

Diqqətə çatdırılıb ki, dövlət başçısının kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişafı ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək üçün rayonda xeyli iş görülüb. Cari ildə taxıl istehsalı keçən ilə nisbətən 1985 ton artaraq 62315 tona çatıb. Adambaşına düşən taxılın miqdarı 1054 kiloqram olub ki, bu da rayonun tarixində ən yüksək göstəricidir. Pambıq tədarükü 2017-ci ilə nisbətən 1000 tona qədər artaraq 2018-ci ildə 5000 tona çatıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. 2016-cı ildə 5710 kiloqram barama tədarük olunduğu halda, 2019-cu ildə ilkin mərhələdə bu göstərici 11,4 dəfə artaraq 65 ton 321 kiloqrama çatdırılıb, 4 min nəfərə yaxın əhali mövsümü işlə təmin olunub. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublikada yüksək nəticələrə nail olmaqla liderliyini qoruyur. Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq, Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə ikinci mərhələdə 300 qutu ipəkqurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunub. Çindən gələn mütəxəssislərin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin iştirakı ilə rayon icra hakimiyyətində “Yay mövsümündə ipəkqurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilib, tədbirin sonunda onlara pulsuz olaraq 300 qutu ipəkqurdu paylanıb, min nəfərdən çox qeyri-məşğul əhali mövsümi işlə təmin edilib. İyulun 24-dən rayon üzrə ikinci partiya barama tədarükünə başlanıb, bu günədək 6 tona yaxın yay baraması tədarük olunub. Beləliklə, 2019-cu ildə rayon üzrə yay baraması ilə birlikdə 71 tona yaxın barama tədarük edilib.

Tədbirdə çıxış edən kümçülər baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinə və onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bayram tədbirində rayon üzrə ən çox barama təhvil verən kümçülərə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır