KƏND TƏSƏRRÜFATI

Milli Meşə Proqramı təqdim edilib
14 İYUN
151

Milli Meşə Proqramı təqdim edilib

2019-06-14 15:06:00

Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.

Bu barədə Fins.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat veriblər.

2020-2030-cu illəri əhatə edən Milli Meşə Proqramı (MMP) “Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi üçün texniki dəstək” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının, Dünya Bankının, BMT-nin İnkişaf Proqramının əməkdaşlarının, QHT, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin mahiyyəti barədə məlumat verilib, maraqlı tərəflərin fikirləri dinlənilib.

Təqdimatda Ekologiya və Təbii Sərvətlər naziri, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri, BMT-nin Avropa İqtisadi Komissiyasının və FAO-nun Meşə və Oduncaq bölməsinin müavini iştirak edib.

Qeyd edək ki, meşələrin dayanıqlı inkişafı Azərbaycan hökumətinin əsas prioritetləri və hədəfləri sırasındadır.

Milli Meşə Proqramının hazırlanmasında əsas məqsəd meşələrin idarə edilməsi üzrə institutsional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini reallaşdırmaqdan ibarətdir.

Təqdimatın sonunda Azərbaycanda meşəçilik ixtisası üzrə mütəxəssis hazırlayan Dövlət Aqrar Universiteti ilə ETSN arasında gənc meşəçi kadr hazırlığını təmin etmək məqsədilə ikitərəfli Anlaşma Memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır