KƏND TƏSƏRRÜFATI

Astarada çəltik əkininə başlanılıb
23 MAY
165

Astarada çəltik əkininə başlanılıb

2019-05-23 09:48:00

Bir neçə gündür Astara rayonunda çəltik əkininə başlanılıb.

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliklə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Fins.az xəbər verir ki, ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb. 2018-ci ildə rayonda 450 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 500 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub.

Ötən il rayonda çəltikçilikdə məhsuldarlıq hər hektardan 37 sentner olmaqla, ümumilikdə, 1660 ton məhsul istehsal edilib. Bu il isə sahələrdən 1800 tona yaxın çəltiyin yığılması planlaşdırılır.

Rayonda çəltikçilik əsasən Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.

Çəltikçiliyin inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar gətirilir. Xüsusən çəltik toxumunun səpin üsulu ilə əkilməsi üçün yerlərin hazırlanmasına diqqət artırılıb.

Bazarlarda yerli düyünün qiyməti 4-5 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün yerli düyüyə tələbat böyükdür.

Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır