KƏND TƏSƏRRÜFATI

Cocuq Mərcanlıda 26 ildən sonra ipəkqurdu bəslənilir
22 MAY
238

Cocuq Mərcanlıda 26 ildən sonra ipəkqurdu bəslənilir

2019-05-22 17:16:00

Baramaçılıq Cəbrayıl rayonunda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olub. 1993-cü ildə rayon ərazisi Ermənistan silahlı bölmələri tərəfindən işğal edildikdən sonra baramaçılıq da tənəzzülə uğrayıb.

Bu il rayonun işğaldan azad edilmiş yeganə kəndi olan Cocuq Mərcanlıda 26 ildən sonra ilk dəfə ipəkqurdu bəslənilir.

Cocuq Mərcanlı kənd sakini Günay Fərhadova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Kəndimiz işğal olunana qədər ailəmiz baramaçılıqla məşğul olub. 26 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə olaraq ipəkqurdu bəsləyirik. Ailəmizin baramaçılıq sahəsindəki ənənələrini davam etdiririk. Bu işdə valideynlərimiz bizə məsləhət verir, köməklik göstərir. Üç qutu ipəkqurdu toxumu götürmüşük. 150 kiloqram barama istehsalı gözləyirik ki, bu da ailə büdcəmizə böyük kömək olacaq. Növbəti illərdə barama istehsalını artırmaq üçün qəsəbə ərazisində 1500 ədəd tut tingi də əkmişik”. Cəbrayıl Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Biləsuvar rayonu ərazisində məskunlaşan cəbrayıllı məcburi köçkünlər də baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. Rayon sakinlərinin bu sahədə təcrübəsini nəzərə alaraq ötən il Qax Damazlıq Baramaçılıq Stansiyasından gətirilmiş 500 qram ipəkqurdu toxumu rayondan olan 33 kümçü arasında paylanılıb, 1 ton 415 kiloqram barama tədarük edərək “Azəripək” MMC-yə təhvil verilib. Qurd toxumunun məhsuldarlığına görə Cəbrayıl rayonu respublika üzrə birinci olub. Baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi və qısa vaxt ərzində yüksək gəlir götürülməsi cəbrayıllı kümdarların bu sahəyə marağını artırıb. Bu il 125 qutu ipəkqurdu toxumu götürülərək kümdarlara paylanıb. Cari ildə 5 tondan çox barama istehsalı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257