KƏND TƏSƏRRÜFATI

Bu rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
17 MAY
155

Bu rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib

2019-05-17 09:51:00

Tərtərdə keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib. Fins.az xəbər verir ki, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.

Diqqətə çatdırılıb ki, rayon ərazisində bu günə kimi 8300 hektar sahədə yazlıq əkin işləri aparılıb. Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton, 859 hektar şəkər çuğunduru sahəsindən 29 min 928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işlərinin aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələrdən bol məhsul əldə ediləcəyi gözlənilir.

Bildirilib ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları 2018-ci ildə də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb. Cari ilin məhsulu üçün rayonda 3427 hektar sahədə pambıq səpini aparılıb. Bu günə kimi 3350 hektaradək sahədə yaxşı bitiş alınıb. Hazırda kultivasiya işləri görülür.

Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafı istiqamətində də müvafiq işlər görülüb. Son üç ildə rayon ərazisində 223 min 357 ədəd çəkil tingi əkilib. Ötən il rayon üzrə 10,2 ton barama istehsal olunub. Bu il isə kümçülərə 500 qutu ipəkqurdu verilib, 20 tondan artıq barama istehsalı nəzərdə tutulub.

Tədbirdə əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Taxıl biçini zamanı təhlükəsizlik tədbirləri, xüsusilə də yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, kombaynların indidən işlək vəziyyətə gətirilməsi və kəndlər üzrə bölgüsünün aparılması üçün aidiyyəti şəxslərə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır